Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2488/2021 19.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X5 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək məhkəmədən 14.01.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında 17.10.2011-ci il tarixdə Naxçıvan MR Şərur rayon Qeydiyyat Şöbəsində rəsmi qeydə alınmış nikah 17.09.2019-cu il tarixdə Naxçıvan MR Culfa Rayon Məhkəməsinin 2(089)-137/2019 saylı qətnaməsinə əsasən pozulmuşdur. Birgə nikahdan anadan olmuş 14.01.2013-cü il təvəllüdlü X3 onun yanında saxlanılması qət edilmişdir. Cavabdeh nikah pozulduqdan sonra birgə nikahdan anadan olmuş X1 üçün bir ata kimi heç bir maddi köməklik göstərmədiyinə görə aliment tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 03.12.2019-cu il tarixdə Naxçıvan MR Culfa Rayon Məhkəməsinin 2(098)-199/2019 saylı qətnaməsinə əsasən cavabdehlə birgə nikahdan anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona ödənilməsi qət edilmişdir. Hazırda heç bir yerdə işləmir və azyaşlı övladı ilə birlikdə yaşayır. Maddi vəziyyəti çox ağırdır. Cavabdehin maddi durumunun xeyli yaxşı olmasına baxmayaraq, öz doğma övladının maddi təminatını ödəməkdən boyun qaçırır. Məlumdur ki, uşaqlar böyüdükcə məsrəfləri yetərincə artır. Bu səbəbdən də aliment məbləğinin həcminin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun və cavabdehin qeydiyyat ünvanları Naxçıvan Muxtar Respublikasında olsa da hər ikisi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yaşayır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə etdi ki, cavabdehin maddi imkanı kifayət qədərdir. Belə ki, onun şirkəti var və oradan əldə etdiyi gəlirlə nikahda olduqları vaxt ev tikmiş, evin bütün məişət avadanlıqlarını almışdır. O, nikaha daxil olarkən cehiz gətirmədiyinə görə bu əşyaların hər birini cavabdeh almışdır. Cavabdehin maddi imkanı həmişə yaxşı olmuşdur. Buna baxmayaraq, uşağı üçün aliment ödəmək istəmir. Culfa Rayon Məhkəməsi uşağın saxlanılması üçün 130 manat məbləğində aliment təyin etsə də bu məbləğ uşağın saxlanılması üçün kifayət etmir. Cavabdeh son vaxtlar alimenti vaxtında ödəsə də gecikdirdiyi vaxtlar da olmuşdur. Özü isə işləmir və evi də yoxdur. Uşağın saxlanılması üçün alimentin miqdarının artırılmasına ehtiyacı var. Odur ki, qeyd etdiklərini nəzərə almaqla məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, onun qazancının çox olması ilə bağlı iddiaçının qeyd etdiklərinin hamısı yalandır. İddiaçının bəhs etdiyi evi isə öz gəliri hesabına yox, anasının Naxçıvanda götürdüyü kredit hesabına tikmişdir. Hazırda isə öz evi yoxdur və anasının evində qalır. Əksinə, iddiaçı tibb texnikumunu qurtarıb və istəsə tibb bacısı kimi işləyə bilər. Son dövrlərdə isə bu peşəyə tələbat xüsusilə artmışdır. Lakin iddiaçı işləmək yerinə, işsizliyini bəhanə edərək ondan yüksək məbləğdə aliment tələb etməyə çalışır. Bundan əlavə, uşağın saxlanması üçün təkcə aliment ödəmir, o uşağı bayram günləri aparıb ona paltarlar alır. Həmçinin, bəzən həftənin beşinci günü uşağı götürüb bazar günü anasına qaytarır. Yəni, uşağın saxlanılmasında o da birbaşa iştirak edir. Odur ki, bütün bu qeyd etdiklərini nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Culfa rayon Qeydiyyat Şöbəsi tərəfindən 23.01.2020-ci il tarixdə verilmiş, AZ-İ 202843 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və İddiaçı arasıda olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 06.11.2019-cu il tarixdə 41 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Süleymanova soyadı verilmişdir. Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən 06.02.2013-cü il tarixdə verilmiş AZ-İİİ 046611 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X6 (atası Cavabdeh, anası X2) 14.01.2013-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 06.02.2013-cü il tarixdə 540 nömrə ilə qeyd edilmişdir. Culfa Rayon Məhkəməsinin 17.09.2019-cu il tarixli, 2(089)-137/2019 saylı qətnaməsindən görünür ki, qətnamə ilə Cavabdeh və İddiaçı arasında Şərur rayon Qeydiyyat Şöbəsində 17.10.2011-ci il tarixdə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 231 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra 14.01.2013-cü il tarixdə doğulmuş X3 İddiaçı yanında saxlanılması, nikahın pozulması dövlət qeydiyyatına alınarkən Cavabdeh 15 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə keçirilməsi, İddiaçı həmin rüsumu ödəməkdən azad edilməsi qət edilmişdir. Culfa Rayon Məhkəməsinin 03.12.2019-cu il tarixli, 2(089)-199/2019 saylı qətnaməsinin surətindən görünür ki, qətnamə ilə iddia qismən təmin edilmiş, 14.01.2013cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi, alimentin tutulmasının 29.10.2019-cu il tarixdən hesablanması, qətnamənin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı və Cavabdeh birgə nikahından 14.01.2013-cü il təvəllüdlü X6 doğulmuşdur. Tərəflər arasında olan nikah pozulduqdan sonra İddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Culfa Rayon Məhkəməsinin 03.12.2019-cu il tarixli, 2(089)-199/2019 saylı qətnaməsinə əsasən 14.01.2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Hazırda isə İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Culfa Rayon Məhkəməsinin qətnaməsi əsasında tutulan aliment məbləğinin artırılmasını və birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş, cavabdeh iddianı qəbul etməmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarda həmçinin qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ hazırkı iş üzrə tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Lakin məhkəmə hesab edir ki, bir uşaq üçün müəyyən edilmiş minimum istehlak səbətinin təmin edilməsinin yalnız valideynlərdən birinin, yəni atanın üzərinə qoyulması nəticəsinə gəlinməsi ədalətli hesab edilə bilməz. Bu zaman xüsusən cavabdehin maddi vəziyyəti, onun məhkəmə iclasında verdiyi izahatda qeyd etdiyi hallar mütləq nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, 14.01.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Culfa Rayon Məhkəməsinin 03.12.2019-cu il tarixli, 2(089)-199/2019 saylı qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq 160 (yüz altmış) manat məbləğində müəyyən edilməlidir. Bu cür nəticəyə gələrkən məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiаçının üzərinə düşməsini və onun uşağa qulluq etməsini diqqətəlayiq hal kimi nəzərə alır. Həmçinin, məhkəmə qeyd edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesаb edir ki, vаlideynlərin hər ikisinin hüquqlаrı bərаbər оlmаqlа, оnlаrın hər ikisinin uşаğa qаyğı göstərmək bоrcu оlduğundаn, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər yüksək həddə saxlanmasını əsas tutаrаq, hаbelə uşаğa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiаçının üzərinə düşməsini nəzərə аlаrаq 14.01.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Culfa Rayon Məhkəməsinin 03.12.2019-cu il tarixli, 2(089)-199/2019 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməli və qətnаmə qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub iddiаçı İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-in 112.1.3-cü mаddəsinə əsаsən аliment аlınmаsı hаqqındаkı iddiаlаrdа iddiаnın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli оlduğu hаldа, cаvаbdehdən dövlət rüsumu hesаbınа 30 (otuz) mаnаt аlınаrаq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 14.01.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Culfa Rayon Məhkəməsinin 03.12.2019-cu il tarixli, 2(089)-199/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 160 (yüz altmış) manat müəyyən edilsin və qətnamə qanuni qüvvəsini aldıqdan sonra Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin Culfa Rayon Məhkəməsinin 03.12.2019-cu il tarixli, 2(089)-199/2019 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi tam icra edildikdən sonra ləğv edilsin. Ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-2488/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2488/2021
19.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver