Məhkəmə qərarları › İş №2(010)-2494/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2494/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2494/2021 24.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.01.2014-cü il tarixli, 022/f-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh əvəzindən ödədiyi 3214 ABŞ dolları pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri Cavabdeh iddiaçının işlədiyi “Lider” Avtosalonuna müraciət edərək, Toyota Prado markalı, ağ mirvari rəngli, buraxılış ili 2012-ci il olan avtomobili kreditlə almaq istədiyini bidirmişdir. Bunun üçün tələb edilmiş sənədlər TuranBank ASC-yə təqdim edilmişdir. TuranBank ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh arasında bağlanmış 29.01.2014-cü il tarixli, 022/f-14 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 18% faiz olmaqla 24 ay müddətinə 23300 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Bankın “Binəqədi” filialı ilə Cavabdeh 29.01.2014-cü il tarixli, 022/f-14 saylı ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə görə cavabdeh özünə məxsus olan Toyota Prado markalı, ağ mirvari rəngli, buraxılış ili 2012-ci il olan **- UC-*** dövlət nömrə nişanlı avtomobilini ipoteka qoymuşdur. Girov müqaviləsinin qeydiyyatı haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-dən alınmış AA № 116848 saylı çıxarış Banka təqdim edilmişdir. Cavabdeh Bank qarşısında götürdüyü öhdəliklərini lazımınca icra etmədiyi üçün Bankla iddiaçının arasında olan 21.01.2014-cü il tarixli əməkdaşlıq müqaviləsinə əsasən o cavabdehin əvəzindən 3214 USD məbləğində pulu TuranBank ASC-ə ödəmişdir. Bununla bağlı olaraq TuranBank ASC-yə müraciət etmiş və Bankın “Binəqədi” filialı tərəfindən 11.09.2018-cı il tarixli, 841 saylı arayış ona təqdim edilmişdir. Eyni zamanda ödənişlərini təsdiq edən kassa məxaric orderlərini iş materiallarına əlavə etmişdir. Həmin kassa məxaric orderlərindən görünür ki, 08 iyul 2015ci il tarixdə 200 USD, 31 iyul 2015-ci il tarixdə 660 USD, 08.11.2015-ci il tarixdə 1153 USD, 11.12.2015-ci il tarixdə isə 1201 USD pul tərəfindən 29.01.2014-cü il tarixli, 022/f-14 saylı kredit müqaviləsi üzrə AZ79TURA******************** saylı hesaba mədaxil edilmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: "TuranBank” ASC-nin Binəqədi filialının 15.02.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh 29.01.2014-cü il tarixli 022/f-14 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 18 % olmaqla 23 300 (iyirmi üç min üç yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Bankla İddiaçı arasında bağlanılmış 21.01.2014-cü il tarixli əməkdaşlıq müqaviləsinə əsasən həmin kreditin 3214 (üç min iki yüz on dörd) ABŞ dolları məbləğini müştərinin əvəzindən İddiaçı ödəniş etmişdir. 29.01.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" ASC-nin Binəqədi filialından 24 ay müddətinə 23 300 (iyirmi üç min üç yüz) ABŞ dolları məbləğində kredit götürmüşdür. 29.01.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən İddiaçı borcalan Cavabdeh bank qarşısında öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. 29.01.2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh Toyota Prado markalı ağ mirvari rəngli avtomaşını "xxxx" ASC-nin Binəqədi filialına ipoteka ilə yüklü etmişdir. İpotekaya qoyulan avtomobil tərəflərin razılığı ilə 38.000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. 08.07.2015-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Binəqədi filialına Cavabdeh əvəzindən 200 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. 31.07.2015-ci il tarixli ödəniş qəbzindən görünür ki, Mikayılzadə Fərid "xxxx" ASC-nin Binəqədi filialına Cavabdeh əvəzindən 660 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. 08.10.2015-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Binəqədi filialına Cavabdeh əvəzindən 1253 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. 11.12.2015-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Binəqədi filialına Cavabdeh əvəzindən 1201 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2 Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmənin mövqeyi 23.06.2021-ci il tarixdə məhkəməyə Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən “iddia müddətinin tətbiqinə dair” ərizəsi daxil olmuşdur. Nümayəndə ərizə ilə xahiş etmişdir ki, sonuncu ödənişin 11 dekabr 2015-ci il tarixində olmasını, həmin ödənişdən 5 (beş) il 5 (beş) ay sonra yəni 09.04.2021-ci il tarixində məhkəməyə müraciət edilməsini nəzərə alaraq hazırki iddia tələbinə iddia müddəti tətbiq olunmaqla iddia rədd edilsin. Məhkəmə cavabdehin nümayəndəsi Nümayəndə "iddia müddətinin tətbiqinə dair" ərizəsinə münasibətdə bildirir ki, hazırki iddia tələbi zaminin borcalana qarşı pul tələbi ilə bağlı olduğundan həmin mübahisələr üzrə iddia tələbinin müddəti ötürülməmişdir. Belə ki, məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibətlərə müqavilə münasibətlərindən irəli gələn iddia müddəti deyil, ümumi iddia müddəti (yəni, 10 il) tətbiq edilməlidir. (AR MM 373.1) Məhkəmə müəyyən edir ki, "TuranBank” ASC-nin Binəqədi filialı tərəfindən Cavabdeh 29.01.2014-cü il tarixli 022/f-14 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 18 % olmaqla 23 300 ABŞ dolları məbləğində kredit verilmişdir. 29.01.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən borcalan Cavabdeh kredit müqaviləsinə əsasən öz üzərinə düşən öhdəlikləri icra etmədikdə, İddiaçı onunla birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Cavabdehin nümayəndəsi və vəkili ərizəsində cavabdehin bank qarşısında öhdəliklərini tam şəkildə yerinə yetirdiyini qeyd etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallan ilə müəyyən edilir ki, iddiaçı zamin kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməklə cavabdehə qarşı tələb hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilmiş maddi hüquq normalarının tələbləri baxımından iddiaçının hazırkı tələbi əsaslıdır. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında münasibətlər ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 29.01.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə ödədiyi 3214 (üç min iki yüz on dörd) ABŞ dolları (alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və AR MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı 29.01.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə ödədiyi 3214 (üç min iki yüz on dörd) ABŞ dolları (alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar