Məhkəmə qərarları › İş №2(010)-25/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-25/2023

03.04.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-25/2023 03.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər “Azəriqaz” İstehsalat Birliyi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6nə (üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyəti) qarşı “qaz xətlərinin çıxarılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı cavabdehlər “Azəriqaz” İstehsalat Birliyi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6nə qarşı “texniki şərtlərin ləğv edilməsi və qaz xətlərinin çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Cavabdeh2 verilmiş TŞ 14849 saylı, xx.xx.2013-cü il tarixli Texniki Şərtin, Cavabdeh4 verilmiş TŞ 26276 saylı, xx.xx.2015-ci il tarixli Texniki Şərtin, Cavabdeh3 verilmiş TŞ 28975 saylı, xx.xx.2017-ci il tarixli Texniki Şərtin, "xxxx" Kiçik Müəssisəsinə verilmiş Texniki Şərtin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş Texniki Şərtin ləğv edilməsi, həmin Texniki Şərtlər əsasında icarə hüququ ilə ona məxsus olan torpaq sahəsindən keçirilməklə çəkilmiş olan qaz xətlərinin ona məxsus olan torpaq sahəsinə düşən hissəsinin müvafiq olaraq cavabdehlərin maddi vəsaiti hesabına sökülərək çıxarılması və torpaq sahəsinin həmin qaz xətlərindən boşaldılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud yaşayış massivi ərazisində yerləşən, sahəsi 1 ha təşkil edən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla xx.xx.2013-cü il tarixdən başlayaraq 99 illlik müddətinə icarə hüququ ilə mənim xeyrimə yüklü edilmişdir. Həmin torpaq sahəsi üzərinə həm dövlətin mülkiyyət hüququ, həm də torpaq üzərində mənim xeyrimə icarə hüququ ilə yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əmlakın ünvanı Abşeron rayonu, 1 nömrəli X3 ərazisi kimi qeyd edilsə də, bu qeyd həmin ərazinin fəaliyyəti dövründə Abşeron rayonuna tabe olan 1 nömrəli Zeytunçuluq Sovxozuna düşdüyü səbəbindən edilmişdir. Bildirmək istəyirəm ki, bu daşınmaz əmlak ilkin olaraq 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyata alınmışdır. Hal-hazırda həmin ərazilər Bakı şəhəri Suraxanı rayonunun ərazisi hesab olunur və daşınmaz əmlak üzərində qeydiyyat da 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həyata keçirilir. Torpaq sahəsi hal-hazırda tərəfimdən istifadə olunmur. Torpaqda müəyyən işlər görülməsi üçün bu ilin əvvəlində əraziyə getdikdə orada mənə məxsus ərazidən keçirilməklə çəkilmiş qaz xəttinin olduğunu müşahidə etdim. Bununla bağlı dərhal aidiyyəti üzrə “Azəriqaz” İstehsalat Birliyinə müraciət etdim. Ərizəm üzrə mütəxəssislər cəlb edildi və əraziyə birlikdə baxış keçirildi. Bu zaman məlum oldu ki, mən aşkar etdiyim xətlərdən başqa xətlər də mövcuddur. Daha dörd xətt yeraltı olaraq çəkilmişdir. Ümumilikdə beş qaz xətti aşkar edildi. Eyni zamanda müəyyən edildi ki, qaz xətləri qeyri-əhali qaz xətləri olmaqla fərdi şəxslərə məxsusdur. Bununla bağlı xx.xx.2020-ci il tarixli akt tərtib edildi və həmin aktın surəti “Azəriqaz” İstehsalat Birliyinin Bakı X8 departamentinin xx.xx.2020-ci il tarixli, ZM-275 saylı “Müraciətə baxılması haqqında” cavab məktubu ilə birlikdə mənə verildi. Bundan sonra yenidən “Azəriqaz” İstehsalat Birliyinə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət edərək çəkilmiş qaz xətlərinin yerinin dəyişdirilməsini xahiş etdim. Cavab olaraq məlumat üçün mənə “Azəriqaz” İstehslat Birliyinin baş direktorunun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərovun imzası ilə xx.xx.2020-ci il tarixli məktub göndərildi. Məktub Bakı X8 Departamentinə ünvanlanmaqla ərizəmin baxılması həmin təşkilata həvalə olundu. Lakin bu müddət ərzində müraciət etdiyim problem həllini tapmadı. Belə olduqda mən ilk növbədə həmin qaz xətlərinin çəkilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada texniki şərt alınıb-alınmamasını müəyyən etmək məqsədi ilə yenə də “Azəriqaz” İstehsalat Birliyinə ərizə ilə müraciət etdim. Müraciətimə cavab olaraq xx.xx.2020-ci il tarixində cavab məktubu aldım. Həmin məktubda qaz xəttinin çəkilməsinə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş üç texniki şərt – iddia tələblərim üzrə cavabdeh olan fiziki şəxslərə aid olan texniki şərtlərin kodları haqqında məlumat aldım. Məktubda “digər iki obyekt barədə bazada heç bir məlumat tapılmaması” bildirildi. Müraciətimin aidiyyəti təşkilat tərəfindən həll edilməməsi səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətindəyəm. Belə ki, mənim icarəmdə olan torpaq sahəsindən keçməklə çəkilməsinə qanunsuz olaraq verilmiş texniki şərtlər əsasında qaz xətləri çəkilmiş olması aşkar olsa da, nə aidiyyəti orqanlar, nə də həmin qaz xətlərinin istifadəçiləri bu pozuntunu aradan qaldırmaq niyyətində deyil. Hesab edirəm ki, iddia tələbləri üzrə cavabdehlər tərəfindən icarə hüququ ilə mənə məxsus olan torpaq sahəsindən keçirilməklə çəkilmiş qaz xətləri mənim hüquqlarımı pozur. Belə ki, əvvəla həmin qaz xətləri torpaq sahəsindən istifadədə mənə məhdudiyyətlər yaradır. Digər tərəfdən təhlükəsizlik baxımından da bunu doğru hesab etmirəm. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsində hər hansı bir iş aparılması zamanı qaz xətlərinin zədələnməsi və yarana biləcək qaz sızması yanğınla və yaxud partlayışla nəticələnə bilər. Digər tərəfdən məlumdur ki, icarə hüququ özü alınıb satıla bilən hüquqdur. Bu qaz xətlərinin mövcudluğu mənə məxsus icarə hüququnun qiymətinə mənfi təsir edir. Aşkardır ki, hər hansı bir alıcı bu icarə hüququnu almaq istədiyi halda qaz xətlərinə görə icarə hüququnu bazar qiymətindən aşağı qiymətləndirəcək. Beləliklə hesab edirəm ki, icarə hüququ ilə mənə məxsus olan torpaq sahəsindən qaz xətlərinin keçirilməsinə hüquqi əsas vermiş texniki şərtlər ləğv edilməlidir. Belə ki, verilmiş texniki şərtlər digər şəxslərin hüquqlarını toxunmamalı olduğu halda buna əməl edilməmişdir”.

İddia tələbinin həcminin azaldılması.

3. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək məhkəmədən icarə hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsindən keçirilməklə çəkilmiş olan qaz xətlərinin ona məxsus olan torpaq sahəsinə düşən hissəsinin müvafiq olaraq cavabdehlərin maddi vəsaiti hesabına sökülərək çıxarılması və torpaq sahəsinin həmin qaz xətlərindən boşaldılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə edərək bildirdi ki, cavabdehlərin qanunsuz şəkildə qaz xətləri çəkdiyi torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyətinə məxsusdur. Belə ki, sovet dövründən qalan X3 Abşeron rayon İcra Hakimiyyətinin sərəncamına verilmişdir. Lakin torpaq sahəsi Suraxanı rayonu ərazisində yerləşir. 2013-cü ildə torpaq sahəsinin mülkiyyətçisi olan Abşeron rayon İcra Hakimiyyəti və iş üzrə İddiaçı arasında icarə müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir. İddiaçının torpaq sahəsi üzərində icarə hüququ dövlət qeydiyyatına alınmış, bununla bağlı dövlət reyestrindən çıxarış verilmişdir. Lakin torpaq sahəsi iddiaçıya icarəyə verildikdən sonra torpaq sahəsi üzərində qanunsuz olaraq cavabdehlər tərəfindən qaz xətləri çəkilmişdir. Bu xətlər çəkilərkən nə torpaq sahəsinin mülkiyyətçisi olan Abşeron rayon İcra Hakimiyyətinə, nə də icarəçi İddiaçı məlumat verilmişdir. Halbuki bu xətlərinin çəkilməsi üçün ilk növbədə Abşeron rayon İcra Hakimiyyətinə müraciət edilməli idi. Əgər müraciət edilsə idi, İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin icarə hüququ ilə yüklü olmasına dair məlumat verilərdi. Həmçinin qaz xətti torpağın icarəyə verilməsindən əvvəl çəkilmiş olsa idi, icarə müqaviləsi bağlanarkən qaz xətləri ilə bağlı iddiaçıya məlumat verilər, iddiaçı müqavilə bağlamazdan əvvəl torpaq sahəsinin qaz xətləri ilə yüklü olduğunu bilərdi. Lakin cavabdehlər tərəfindən torpağın mülkiyyətçisinə heç bir məlumat verilmədən, heç bir razılaşdırma olmadan, tamamilə özbaşına şəkildə torpaq sahəsi üzərində, eləcə də altında qaz xətləri çəkilmişdir. “Azəriqaz” İB tərəfindən bu qaz xətləri ilə bağlı verilmiş texniki şərtlər cavabdehlərə həmin ərazidən qaz xətti çəkmək hüququ vermir. Bu texniki şərtlər qazın təzyiqi, borunun diametri, qazın verilmə mənbəyi və s. kimi texniki parametrləri müəyyən edir və heç kimə həmin ərazidə qaz xətti çəkmək hüququ verə bilməz. Belə ki, həmin ərazidə qaz xətti çəkmək üçün layihələndirmə sənədi tərtib edilməli, bu layihə “Azəriqaz” İB tərəfindən təsdiq edilməli, sonra bu layihə torpaq sahəsinin mülkiyyətçisi olan Abşeron rayon İcra Hakimiyyətinə təqdim edilməli, mülkiyyətçi tərəfindən təsdiqləndikdən sonra qaz xətləri çəkilməli idi. Hazırkı işdə isə bunların heç biri olmamış, yalnız qaz xətləri ilə bağlı texniki şərt verilmişdir ki, bu sənəd də ancaq texniki parametrləri müəyyən etdiyindən torpaq sahəsi üzərində qaz xətti çəkməyə səlahiyyət vermir. Həmin sənəddə qaz xəttinin hansı marşrutdan keçməsi belə göstərilməmişdir. Digər tərəfdən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Həmin qaz xətləri iddiaçının torpaq sahəsindən keçdiyindən torpaq sahəsindən təyinatı üzrə istifadə etmək mümkün olmur. Hazırda iddiaçının tələbi odur ki, icarəsində olan torpaq sahəsi qanunsuz yüklülükdən azad edilsin. Hansı ki, bu, mümkündür. Belə ki, qaz xətlərinin bir hissəsini kəsib yerini dəyişmək olar. İddiaçı da qaz xətlərinin sökülməsini tələb etmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək bildirdi ki, hazırda iddiaçının icarəsində olan torpaq sahəsində qaz xətləri çəkiləndə torpaq sahəsi hələ iddiaçının icarəsinə verilməmişdi. İddiaçı tərəf iddia edir ki, bu qaz xətlərinin çəkilməsi üçün verilmiş texniki şərtlərin heç birinin hüquqi əsası yoxdur. O isə bununla razılaşmır. Belə ki, bu qaz xətləri “Azəriqaz” İB tərəfindən verilmiş möhürlü sənəd əsasında çəkilmişdir. Həmin sənədin saxta olmasını onlar müəyyən edə bilməzdilər. Digər tərəfdən qaz xəttinin çəkilməyə başlanmasından təhvil verilməsinə qədər Fövqəladə Hallar Nazirliyi, Suraxanı Qaz İdarəsi, “Azəriqaz” İB-nin və əlaqəli bütün dövlət orqanlarının bu qaz xətlərinin çəkilişindən məlumatı olmuş, bu işlərin heç biri özbaşına görülməmişdir. Bunun davamı olaraq, Abşeron rayon İcra Hakimiyyəti torpağı icarəyə verəndə bilməli idi ki, orada qaz xətləri var. Öz növbəsində iddiaçı da torpağı icarəyə götürəndə bilməli idi ki, oradan qaz xətti keçir. Bütün bunlara baxmayaraq, qaz xəttinin həmin ərazidən çıxarılması ilə bağlı iddiaçı tərəfindən ona müraciət ediləndə o, qaz xəttinin həmin ərazidən keçən hissəsinin çıxarılıb ətraf ərazidən keçirilməsinə etiraz etməmiş, təklif etmişdir ki, iddiaçı gəlib qaz xəttinin marşrutunu dəyişsin. İddiaçı özü də bunu istəmiş, lakin “Azəriqaz” İB tərəfindən qaz xəttinin marşrutunun dəyişdirilməsi üçün yüksək məbləğdə pul lazım olduğu deyildiyindən qaz xətlərinin iddiaçı tərəfindən çıxarılıb başqa yerdən keçirilməsi mümkün olmamışdır. Hər bir halda qeyd edir ki, həmin qaz xətlərinin hər biri “Azəriqaz” İB-nin verdiyi sənədlər əsasında çəkildiyindən hazırda yaranmış vəziyyətə görə məsuliyyət “Azəriqaz” İB-nin üzərinə düşür. İddiaçı özü də bu vəziyyətə görə məsuliyyət daşıyır, belə ki, üzərindən qaz xətti keçən torpaq sahəsini icarəyə götürmüşdür. Hesab edir ki, bu vəziyyətdə qaz xətlərinin onların hesabına sökülməsi qanunsuzdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

6. Məhkəmənin əvvəlki iclasında Cavabdeh4 iddianı qəbul etməyərək bildirmişdir ki, qaz xətlərini onlar yox, “Azəriqaz” İB çəkmişdir. Mübahisəli torpaq sahəsi qaz xətlərinin çəkilməsi üçün ayrılanda bununla bağlı bütün aidiyyəti dövlət orqanlarına sorğularla müraciət edilmişdir. Hazırda qaz xətlərinin çəkilməsi ilə bağlı mübahisə varsa, bu mübahisəyə görə məsuliyyəti bu xətlərin çəkilməsinə icazə verən dövlət orqanları daşımalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

7. Məhkəmənin əvvəlki iclasında Cavabdeh2 nümayədəsi X2 və Cavabdeh6 nümayəndəsi X4 da digər cavabdehlərin izahatlarına uyğun məzmunda izahatlar verərək iddianı qəbul etməmiş, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişlər.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş digər cavabdeh və üçüncü şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir.

İş materialları.

9. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı X7 (İcarəyə verən) və İddiaçı (İcarəçi) arasında bağlanmış icarə müqaviləsindən görünür ki, İcarəyə verən icarə əsasında sahəsi 1 ha olan torpaq sahəsini İcarəçiyə uzun müddətə istifadəyə verir, İcarəçi isə onu qəbul edir. Torpaq sahəsində tikinti və qurğular, təbiət, tarixi mədəniyyət abidələri, ümumi yayılmış təbii qazıntılar, ağac və yaşıllıqlar yoxdur. Torpaq sahəsi kənd təsərrüfatı məqsədi ilə icarəyə verilir. Bu müqavilə 99 il müddətinə bağlanılır. İcarəçi hər il 50 manat icarə haqqı ödəməyi öhdəsinə götürür.

10. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, 1 nömrəli X3 ərazisində yerləşən 1 ha torpaq sahəsi İddiaçı xeyrinə icarə hüququ ilə yüklü edilmişdir. Yüklülüyün müddəti xx.xx.2013-cü il tarixdən başlayaraq 99 ildir. Yüklülüyün əsası xx.xx.2013-cü il tarixli, 457 nömrəli icarə müqaviləsidir.

11. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsünün notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, 1 nömrəli X3 ərazisində yerləşən 1 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir, məqsədli istifadə növü kənd təsərrüfatı məhsullarının istehsalıdır.

12. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, Abşeron rayonu, 1 nömrəli Zeytunçuluq sovxozu (Suraxanı rayonu, Dədə Qorqud yaşayış massivi) ərazisində yerləşən 1 ha torpaq sahəsindən ayrı-ayrı fiziki şəxslərə məxsus təsərrüfatlara qaz xətləri çəkilmişdir: 1. Fiziki şəxs Cavabdeh2 – PE 160 mm, o/t, y/a qaz xətti; 2. Beyləqan “Q” k/m yardımçı təsərrüfatı – d76 mm, o/t, y/ü qaz xətti; 3. Fiziki şəxs Cavabdeh4 – PE 110 mm, o/t, y/a qaz xətti; 4. Cavabdeh5 müəssisəsi – PE 90 mm, o/t, y/a qaz xətti; 5. Fiziki şəxs Cavabdeh3 (quşçuluq) – PE 63 mm, o/t, y/a qaz xətti.

13. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, Abşeron rayonu, 1 nömrəli Zeytunçuluq sovxozu (Suraxanı rayonu, Dədə Qorqud yaşayış massivi) ərazisində yerləşən 1 ha torpaq sahəsindən keçən qeyri-yaşayış obyektlərinin qazlaşdırılması ilə əlaqədar “Azəriqaz” İB tərəfindən verilmiş texniki şərtlər haqqında məlumatlar: 1. Cavabdeh2 məxsus qeyriyaşayış sahəsi TŞ 14849, xx.xx.2013; 2. Cavabdeh4 məxsus qeyri-yaşayış sahəsi TŞ 26276. xx.xx.2015; 3. Cavabdeh3 məxsus “Quşçuluq” TŞ 28975, xx.xx.2017. Müraciətdə göstərilən digər iki obyekt barədə bazada heç bir məlumat tapılmadı.

14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı istifadəsində olan Abşeron rayonu, 1 nömrəli X3 (faktiki olaraq Suraxanı rayonu) ərazisində yerləşən 1 ha torpaq sahəsinin cənub-şərq hissəsindən 76 mm-lik yerüstü qaz xətti keçir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7334 nömrəli ekspert rəyindən görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi xx.xx.2021-ci il tarixli, **********86 nömrəli mütəxəssis rəyinə əsasən İddiaçı istifadəsində olan Abşeron rayonu, 1 nömrəli X3 (faktiki olaraq Suraxanı rayonu) ərazisində yerləşən 1 ha torpaq sahəsində yeraltı qaz xətti keçir. İşin faktiki halları.

16. Abşeron rayonu, 1 nömrəli X3 ərazisində (faktiki olaraq Suraxanı rayonu) yerləşən 1 ha torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyətinin balansında olmaqla dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir.

17. Abşeron rayon İcra Hakimiyyəti və İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli icarə müqaviləsinə əsasən torpaq sahəsi 99 il müddətinə İddiaçı icarəyə verilmişdir. Torpaq sahəsinin İddiaçı xeyrinə icarə hüququ ilə yüklülüyü dövlət qeydiyyatına alınmışdır.

18. Həmin torpaq sahəsindən Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5nə məxsus qeyri-yaşayış obyektlərinə dördü yeraltı, biri yerüstü olmaqla beş qaz xətti çəkilmişdir.

19. “Azəriqaz” İB tərəfindən bu qeyri-yaşayış obyektlərindən üçü – Cavabdeh2 məxsus olan üçün xx.xx.2013-cü il tarixli, Cavabdeh4 məxsus olan üçün xx.xx.2015-ci il tarixli, Cavabdeh3 məxsus olan üçün xx.xx.2012-ci il və xx.xx.2017-ci il tarixli Texniki Şərtlər verilmişdir. Digər iki qeyri-yaşayış sahəsi üzrə Texniki Şərtlərin verilməsinə dair “Azəriqaz” İB-nin bazasında məlumat tapılmamışdır.

Tətbiq edilən hüquq.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

21. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 1. Əsas anlayışlar. Bu Qanunda işlədilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: texniki şərtlər – tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd. Maddə 12. Qaz nəqli xidmətləri.

1. Podratçılar qaz nəqli xidmətlərini (qurğularını) elə qurmalı, istismar etməli və işçi vəziyyətdə saxlamalıdırlar ki, qazın nəql edilməsi energetika müqaviləsinə, mövcud normativ hüquqi aktlara müvafiq təmin edilsin.

2. Qaz nəqli qurğularının qurulması və istismarı, müqavilələrin tətbiqi, onların həyata keçirilməsi üzrə mövcud qanunvericiliyin istənilən sonrakı tələblərinin obyekti olmaqla: qaz kəmərlərinin marşrutlarını, binaların, texniki qurğuların və qaz kəmərlərinin funksiyalarını, yerləşdirilməsini, onları birləşdirən tranzit yerləri, şəhərləri, istifadə ediləcək küçələri və torpaqları göstərən 1/25.000 miqyasda xəritəni... məlumatı özünə daxil etməlidir. Maddə 16. Xüsusi mülkiyyətlə əlaqədar işlər.

2. Qaz xətlərinin (kəmərlərinin) çəkilməsi və qaz qurğularının yerləşdirilməsi məqsədilə podratçının xüsusi mülkiyyətdə olan sahəyə müdaxiləsinə əvvəlcədən həmin mülkiyyətçinin yazılı razılığı, vurulan ziyanın ödənilməsi və ya ehtiyac olduqda, qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilmə şərtlərilə icazə verilir. Lakin podratçılar mövcud qaz qurğularının və xətlərinin xüsusi mülkiyyətçiyə məxsus torpaqlarda yerləşdiyi yerlərdə yeni qaz kəmərlərinin və qurğularının yerləşdirilməsi fəaliyyətinə başlaya bilərlər. Onlar həmçinin eyni qayda ilə mövcud qaz qurğularını işçi vəziyyətdə saxlamaq, təmir etmək və qazıb çıxarmaq üçün işlər də görə bilərlər. Bu Qanunun 15-ci maddəsinin 2-ci və 3-cü hissələri eyni qaydada xüsusi mülkiyyət sahiblərinin işlərin uyğunlaşdırılmasında iştirakı məqsədilə də (planların əvvəlcədən təqdim olunmasını nəzərə almaqla) tətbiq edilir.

22. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydaları.

1.4. Şəhərlərdə, qəsəbələrdə və yaşayış məntəqələrində, sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrinin ərazilərində, əhaliyə məişət xidməti müəssisələrində, yaşayış binalarında qaz kəmərlərinin tikilməsi və onlarda qurğuların quraşdırılması, həmçinin qazdoldurma stansiyalarının, mayeləşdirilmiş karbohidrogen qazları üçün çənlərin qurulması və tikilməsi, avtomobil qazdoldurma stansiyalarının, qazdoldurma məntəqələrinin quraşdırılması və tikintisi, bir qayda olaraq, ixtisaslaşdırılmış layihə təşkilatları tərəfindən qüvvədə olan normativ sənədlərin və bu Qaydaların tələblərinə uyğun olaraq həyata keçirilir. Layihə, onun verilmiş şərtlərə və qüvvədə olan normativ sənədlərin tələblərinə uyğunluğunu qaz istifadəçiləri tərəfindən müəyyən edildikdən, qaz təchizatı ilə məşğul olan Dövlət Neft Şirkəti orqanları və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırıldıqdan sonra təsdiq edilir. Razılaşdırılmış və təsdiq olunmuş layihələr 24 ay müddətində qüvvədə olur. Bu müddət ərzində iş başlanmayıbsa, layihələr yenidən razılaşdırılmalıdır. Qaz təchizatı sistemlərinin genişləndirilməsi, yenidən quraşdırılması, yeni təchizat vasitələri ilə təmin edilməsi və yenidən istismara verilməsi yeni obyektin tikintisi ilə əlaqədar tələblərə uyğun olaraq həyata keçirilməlidir. 1.5. Qaz çəkilən şəhərlərdə, qəsəbə və kənd yaşayış məntəqələrində qaz kəmərlərinin çəkilməsi, qaz tənzimləyici məntəqələrin (QTM) və başqa obyektlərin tikilməsi üzrə işlər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılaraq ixtisaslaşdırılmış tikinti-quraşdırma təşkilatları tərəfindən, qaz təchizatı üzrə təsdiq edilmiş layihə əsasında aparılır. Qazçəkmə işlərinə nəzarət və işlərin qəbul edilməsi qaz təsərrüfatının istismarı həvalə olunan təşkilatın və Fövqəladə Hallar Nazirliyinin müvafiq orqanlarının iştirakı ilə həyata keçirilir.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

24. İşin faktiki hallarından göründüyü kimi İddiaçı icarəyə verilmiş Abşeron rayonu, 1 nömrəli X3 ərazisində yerləşən 1 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6nə məxsus qeyri-yaşayış obyektlərinə çəkilmiş beş qaz xətti keçir.

25. Hazırda İddiaçı iddia edir ki, bu qaz xətlərinin hamısı onun məlumatı və razılığı olmadan çəkildiyindən cavabdehlər tərəfindən sökülməlidir. Cavabdehlər isə iddia edirlər ki, qaz xətləri onların sifarişi əsasında çəkilsə də, bu xətlərin hansı marşrut üzrə çəkilməsindən heç bir məlumatları olmamış, onlar yalnız ödəniş etmiş, qaz xətləri “Azəriqaz” İstehsalat Birliyi tərəfindən çəkilmişdir.

26. İş materiallarından görünür ki, Abşeron rayonu, 1 nömrəli X3 ərazisində yerləşən, Cavabdeh3 məxsus quşçuluq fermasının qazlaşdırılması ilə bağlı texniki şərt və layihəsmeta sənədləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, Cavabdeh3 məxsus həmin quşçuluq fermasına qaz xətti çəkilməsi ilə bağlı “Azəriqaz” İB tərəfindən xx.xx.2012-ci il tarixli texniki şərt verilmişdir. Həmin texniki şərtin 2.1-ci bəndində qeyd edilir ki, Abşeron (Suraxanı QİS) rayonu, 1 saylı X3 ərazisində yerləşən Cavabdeh3 məxsus quşçuluq fermasının qazlaşdırılması üçün təbii qaz mənbəyi 700 mm-lik orta təzyiqli qaz kəməri qəbul edilsin. “Azəriqaz” İB-nin Suraxanı rayonu X11 tərəfindən tərtib edilmiş texniki şərtin sorğu blankında da obyektin qida mənbəyi kimi Hövsan qəsəbəsi ilə gedən 700 mm-lik orta təzyiqli qaz xətti göstərilmişdir. İş materiallarında olan sxemlərdən görünür ki, Cavabdeh3 məxsus quşçuluq fermasının qazlaşdırılması üçün “qida mənbəyi” olan həmin 700 mm-lik qaz xətti İddiaçı icarəsində olan 1 ha torpaq sahəsindən keçən qaz xəttidir. İddiaçı həmin torpaq sahəsini xx.xx.2013-cü il tarixdə icarəyə götürdüyü nəzərə alınsa, bu o deməkdir ki, həmin qaz xətti torpaq sahəsi iddiaçıya icarəyə verilməzdən əvvəl artıq həmin ərazidə yerləşdirilmişdi.

27. Bu hissədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh “Azəriqaz” İB tərəfindən iddiaçının müraciətinə verilmiş cavabda Cavabdeh3 məxsus quşçuluq fermasının qazlaşdırılması üçün verilmiş texniki şərtin xx.xx.2017-ci il tarixdə verildiyi qeyd edilmişdir. Cavabdeh3 fermasının qazlaşdırılması ilə bağlı məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, fermaya qaz xətti çəkilməsi üçün ilk texniki şərt xx.xx.2012-ci il tarixdə verilmiş, daha sonra Cavabdeh3 obyektin qazlaşdırılması layihəsində dəyişiklik edilməsi ilə bağlı müraciəti əsasında xx.xx.2017-ci il tarixdə “Azəriqaz” İB tərəfindən yeni texniki şərt verilmişdir. Yəni “Azəriqaz” İB tərəfindən həmin obyektin qazlaşdırılması ilə bağlı sonuncu texniki şərt xx.xx.2017-ci il tarixdə verilmiş olsa da, həmin qaz xətti torpaq sahəsinin iddiaçıya icarəyə verildiyi 2013-cü ildən əvvəl çəkilmişdir, çünki 2012-ci ildə verilmiş ilk texniki şərtdə həmin qaz xəttinə fermaya çəkiləcək qaz xəttinin mənbəyi kimi istinad edilmişdir.

28. Lakin nəzərə alınmalıdır ki, bu qaz xətti yeraltı qaz xətti olmuşdur. Bu baxımdan iddiaçının torpaq sahəsini icarəyə götürərkən həmin qaz xəttindən vicdanlı olaraq məlumatsız olması mümkündür. İş materiallarında olan icarə müqaviləsindən də görünür ki, müqavilənin sahədə olan tikinti və qurğuların xarakteristikası ilə bağlı hissəsində “yoxdur” qeydi edilmişdir. Bundan əlavə, torpaq sahəsinin iddiaçının icarəsinə verilməsindən əvvəl və ya sonra həmin torpaq sahəsi üzərindən qaz xətlərinin keçirilməsi ilə bağlı sevitut hüququnun dövlət reyestrində qeydə alınması ilə bağlı iş materiallarında heç bir sübut yoxdur, eyni zamanda tərəflər də belə bir servituta istinad etməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən qaz xətti ilk növbədə torpaq sahəsi mülkiyyətçisinin torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozmaqla çəkilmiş, daha sonra həmin qaz xəttindən məlumatı olmadan torpaq sahəsini icarəyə götürən iddiaçının torpaq sahəsindən istifadə hüququnu məhdudlaşdırmağa davam etmişdir. Üstəlik, nəzərə alınmalıdır ki, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və bu sahə iddiaçının icarəsinə verilərkən də kənd təsərrüfatı fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş, bu barədə icarə müqaviləsinin birinci bəndində də xüsusi qeyd edilmişdir. Belə olan halda iddiaçı həmin qaz xəttinin torpaq sahəsindən Cavabdeh3 tərəfindən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur.

29. Məhkəmə onu da qeyd edir ki, “Azəriqaz” İB Cavabdeh3 məxsus obyektin qazlaşdırılması üçün tərtib edilmiş hər iki texniki şərt mübahisəli torpaq sahəsində mövcud olan, artıq çəkilmiş olan qaz xəttini mənbə kimi qəbul etməklə həmin xətdən fermaya qaz xətti çəkilməsi ilə bağlı tərtib edilmişdir. Yəni bu texniki şərtlərin heç biri hazırda iddiaçının icarəsində olan torpaq sahəsindən keçən qaz xəttinin çəkilməsi ilə bağlı tərtib edilməmiş, artıq çəkilmiş olan həmin qaz xəttindən cavabdehin fermasına xətt çəkilməsi ilə bağlı verilmişdir. Üstəlik, nəzərə alınmalıdır ki, texniki şərtlər tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir (§ 22). Bu baxımdan həmin texniki şərt istənilən halda başqasının mülkiyyətində olan torpaq sahəsindən qaz xətti çəkmək üçün qanuni əsas təşkil edə bilməzdi. Bu baxımdan məhkəmə qaz xəttinin “Azəriqaz” İB tərəfindən çəkilmiş olması ilə bağlı cavabdeh tərəfin mövqeyi ilə razılaşmır.

30. Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məxsus qeyri-yaşayış obyektlərini qazla təmin edən qaz xəttinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan “Azəriqaz” İB tərəfindən iddiaçının müraciətinə verilmiş cavabda qeyd edilmişdir ki, Cavabdeh2 məxsus qeyri-yaşayış sahəsinin qazlaşdırılması üçün xx.xx.2013-cü il tarixdə, Cavabdeh4 məxsus qeyri-yaşayış sahəsinin qazlaşdırılması üçün xx.xx.2015-ci il tarixdə texniki şərt verilmişdir. Digər Cavabdeh3 fərqli olaraq həmin cavabdehlər müvafiq texniki şərt və layihələndirmə sənədlərini məhkəməyə təqdim etmədiklərindən (Qaz xətlərinin qanuni əsasla çəkildiyini iddia edirlərsə, bu sənədləri məhkəməyə təqdim etmək onların üzərinə düşürdü) məhkəmə tərəfindən həmin texniki şərtlərin iddiaçının torpaq sahəsindən keçən qaz xəttinə görə, yoxsa Cavabdeh3 olduğu kimi artıq çəkilmiş qaz xəttindən obyektə qaz xətti çəkilməsinə görə verilmiş olduğunu müəyyən etmək mümkün olmamışdır. İstənilən halda məhkəmə təkrar qeyd edir ki, texniki şərtlər tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndistexniki parametrləri özündə əks etdirən texniki sənəddir və qaz xəttinin çəkilməsi üçün hüquqi əsas təşkil etmir.

31. Digər cavabdehlər Cavabdeh6 və Cavabdeh5 qazla təmin edən qaz xətlərinə gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan “Azəriqaz” İB tərəfindən verilmiş məlumatda bu qaz xətlərinin biri yerüstü (Cavabdeh6nə məxsus olan), digəri isə yeraltı olmaqla iddiaçının icarəsində olan torpaq sahəsindən keçdiyi qeyd edilmiş, bununla bağlı akt tərtib edilmişdir. “Azəriqaz” İB tərəfindən iddiaçının müraciəti üzrə verilmiş digər cavabda bu iki qeyri-yaşayış obyektinin qazlaşdırılması ilə bağlı bazada heç bir məlumat tapılmadığı qeyd edilmişdir. Göründüyü kimi digərlərindən fərqli olaraq bu cavabdehlərə məxsus obyektləri qazla təmin edən qaz xətti ilə bağlı texniki şərt belə verilməmişdir. Belə olan halda həmin cavabdehlərin qaz xətlərinin qanuni olaraq çəkdildiyini iddia etmələri üçün heç bir əsasları yoxdur.

32. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi İddiaçı icarəsində olan torpaq sahəsindən heç bir qanuni əsas olmadan beş qaz xətti çəkilmişdir. Bu qaz xətlərinin hər biri cavabdehlərdən birinə məxsus qeyri-yaşayış obyektini qazla təmin edir və cavabdehlərin sifarişi əsasında çəkilmişdir. Cavabdehlərin heç biri işin bu hallarını mübahisələndirməmiş, qaz xətlərinin çəkilməsi ilə heç bir əlaqələri olmadığını, qaz xəttindən keçən qazdan istifadə etmədiklərini iddia etməmişlər. Cavabdehlərin mübahisələndirdiyi əsas məsələ qaz xətlərinin “Azəriqaz” İB tərəfindən, onların nəzarəti altında çəkilmiş olması ilə bağlı olmuşdur ki, məhkəmə həmin məsələni artıq yuxarıda araşdırmış, “Azəriqaz” İB tərəfindən bu qeyri-yaşayış obyektlərindən üçünün qazlaşdırılması ilə bağlı tərtib edilmiş texniki şərtlərin sadəcə texniki sənəd olduğu və başqasının mülkiyyətində olan torpaq sahəsindən qaz xətti çəkmək üçün qanuni əsas təşkil etmədiyi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddiaçının icarəsində olan torpaq sahəsində çəkilmiş bu qaz xətləri qanunsuz olaraq çəkilmişdir və qaz xətlərini çəkmiş cavabdehlər tərəfindən sökülməlidir.

33. Məhkəmə bu cür nəticəyə gələrkən həm də o halı nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 255-ci maddəsində boru kəmərlərinin çəkilməsi də daxil olmaqla daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən bir sıra ehtiyaclarının təmin edilməsi üçün daşınmaz əmlakın servitutla yüklü edilməsi nəzərdə tutulmuşdur. Bunun davamı olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 54-cü maddəsinin 3-cü bəndində torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ olduğu müəyyən edilmişdir.

34. Qanunvericiliyin yuxarıda istinad edilmiş müddəalarından da göründüyü kimi cavabdehlərin özlərinə məxsus təsərrüfatları qazla təmin etmək üçün iddiaçının icarəsində olan torpaq sahəsindən qaz xətti keçirməklə bağlı həmin torpaq sahəsi üzərinə servitut qoyulması üçün maraqlı şəxslərə müraciət etmək, yaxud məhkəmə qaydasında belə bir servitutun qoyulmasını tələb etmək kimi hüquqları olmuşdur. Lakin onlar bu hüquqlarından istifadə etməyərək torpaq sahəsindən qanunsuz şəkildə qaz xətləri keçirmiş, bununla da hazırda torpaq sahəsinin icarəçisi olan iddiaçının hüquqlarını pozmuşlar. Odur ki, iddiaçı həmin qaz xətlərinin bu xətləri çəkən cavabdehlər tərəfindən sökülməsini tələb etməkdə haqlı olmuşdur.

35. Lakin məhkəmə iddia ərizəsində “Azəriqaz” İB-nin də cavabdeh kimi göstərildiyini və iddia tələbində qaz xətlərinin cavabdehlərin hesabına sökülməsinin tələb edildiyini nəzərə alaraq qeyd edir ki, iddia “Azəriqaz” İB-yə münasibətdə təmin edilə bilməz. Belə ki, artıq yuxarıda əsaslandırıldığı kimi iddiaçı “Azəriqaz” İB tərəfindən cavabdehlərin üçünə məxsus qeyri-yaşayış obyektinin qazlaşdırılması üçün texniki şərt tərtib edilməsi “Azəriqaz” İB tərəfindən məhz iddiaçının icarəsində olan torpaq sahəsindən qaz xətti çəkilməsi üçün icazə verilməsi mənasına gəlmir ki, “Azəriqaz” İB-nin belə bir icazə verməyə səlahiyyəti də yoxdur. Odur ki, iddiaçı cavabdeh “Azəriqaz” İB-yə münasibətdə təmin edilməməlidir. Məhkəmə xərcləri.

36. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ iddia ərizəsinin məhkəməyə daxil olduğu gün üçün qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmuşdur.

37. Bundan başqa ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində qiymətləndirilmişdir.

38. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən cavabdehlərdən (“Azəriqaz” İBdən başqa) müştərək qaydada ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya, ekspertiza xərci isə ekspertizanı keçirmiş orqanın hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

39. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən İddiaçı icarəyə verilmiş Abşeron rayonu, 1 nömrəli X3 ərazisində yerləşən 1 ha torpaq sahəsində çəkilmiş beş qaz xətti həmin sahədən cavabdehlərin hesabına çıxarılmalı, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya, ekspertiza xərci isə ekspertizanı keçirmiş orqanın hesabına ödənilməlidir.

40. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən İddiaçı icarəyə verilmiş Abşeron rayonu, 1 nömrəli X3 ərazisində yerləşən 1 ha torpaq sahəsində çəkilmiş beş qaz xətti həmin sahədən cavabdehlərin hesabına çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən İddiaçı müştərək qaydada tutularaq İddiaçı, 50 (əlli) manat məbləğində ekspertiza xərci isə müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar