Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2504/2023 18.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsindən görünür ki, İddiaçı (borc verən) Cavabdeh (borc alana) 10.000 (on min) manat məbləğində pul borc verir. Müqavilənin 2-ci bəndinə əsasən “borc alan” krediti xx.xx.2021-ci il tarixinədək “borc verənə” qaytarmağı öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər.
2. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan müəyyən olunur ki, Cavabdeh borcun 5 gün müddətində tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.
3. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
4. İddiaçı ilə Cavabdeh arasında olan telefon danışığının əks olunduğu səsyazmadan məlum olur ki, Nofəl Ceyhuna zəng edərək onu məhkəməyə verdiyini, halbuki onlar arasında 10.000 manatla bağlı hansısa bir alış-veriş olmadığını, Nofəl isə şirkətlə əlaqəli iş olduğunu və tək onun deyil, digər şəxslərin də məhkəməyə verildiyini, sabah ətraflı olaraq bu barədə vəkilindən soruşaraq məlumat verəcəyini bildirmişdir.
5. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri 50 saylı notariat ofisindən göndərilmiş xx.xx.2021-ci il tarixli 3M-253 reyestr saylı “kredit müqaviləsi”nə dair notariat işinin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri 50 saylı notariat ofisinin notariusu "xxxx" ASCnin 50 saylı notariat şöbəsinə müraciət edərək, İddiaçı tərəfindən kredit müqaviləsi üzrə ödənilməli olan 10.000 manat məbləğində pulun Cavabdeh verilməsi üçün bankda olan AZ94AİİB**********1408347203 №-li depozit hesaba qəbul olunmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 10.000 manat pulu kassirə təhvil vermişdir.
6. Məhkəmənin sorğusuna əsasən "xxxx" ASC-nin 50 saylı notariat şöbəsindən göndərilmiş qəbzin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı tərəfindən bankın kassasına təhvil verilmiş 10.000 manat məbləğində pul Cavabdeh tərəfindən qəbzə imza edilərək təhvil alınmışdır.
İşin faktiki halları
7. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin bağlanması işin mübahisəsiz hallarıdır. İddia tələbi
8. İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün 10.000 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 manat, cəmi 10.120 manat pulun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları
9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
10. İddiaçının vəkili və nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasını iştirakı olmadan keçirilərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh 22 avqust 2023-cü və 07 sentyabr 2023-cü il tarixli məhkəmə iclaslarında iddia tələbini qəbul etməyərk bildirmişdir ki, o, notarial qaydada müqaviləyə imza etsə də, ona pul verilməmişdir. Belə ki, o, kolbasa şirkətində işləyirdi və İddiaçı da orada satış müdiri vəzifəsində işləyirdi. Onun işçi müqaviləsi olmadığından işini davam etdirməyi üçün müqaviləyə imza etməyini, belə olan halda işə davam edə biləcəyini bildirdikləri üçün o, müqaviləyə imza atmışdır. Buna səbəb isə sonradan şirkətin əmlaklarına toxunmamağı və ya işləyib məlumatsız çıxmamağı idi. Həmin müqavilə bağlanandan 4-5 ay sonra o, həmin işdən çıxmışdır. Oradan çıxdıqdan sonra 1-1,5 il başqa yerdə rəsmi qaydada işləmiş, lakin bu müddət ərzində də onu heç kim narahat etməmişdir. O, məhkəmə ilə bağlı evinə məktub gəldikdən sonra iddiaçıya zəng etmiş və ona 10000 manat pul tələb etdiyini bildirmiş, Ceyhun isə məlumatı olmadığını, şirkətin etdiyini bildirmişdir. Onun İddiaçıla müqavilə bağladığı kimi, digər şəxslər də ayrı-ayrı satış rəhbərləri ilə müqavilə bağlayıb. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. Borc müqaviləsinin forması (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
14. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarı
Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı
Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
16. N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarı
Sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır.
17. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarı
Məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
Məhkəmənin mövqeyi
18. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
19. Qanunvericilikdə borc müqaviləsinin hazırki iş üzrə yazılı formada bağlanması nəzərdə tutulduğundan, tərəflər öz aralarında notarial yazılı formada müqavilə bağlamışlar. Hazırki borc müqaviləsinin predmeti isə pul məbləği olduğu üçün qanunvericiliyə əsasən kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.
20. Məhkəmə iclasında müəyyən edilmiş işin hallarından və tədqiq olunmuş sübutlardan göründüyü kimi, İddiaçı (iddiaçı) Cavabdeh (cavabdehə) 10.000 manat məbləğində pul borc vermişdir. Göründüyü kimi iddiaçı kredit müqaviləsinin bağlanmasından irəli gələn və pulun verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh borca aldığı pulu iddiaçıya qaytarmaqdan yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, Mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “qaytarmaq”dan ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iclasında cavabdeh həmin kredit müqaviləsinin formal xarakter daşıdığını, şirkətlə əlaqəli məsələ olduğunu və əslində onlar arasında hər hansı bir pul verib-alma məsələsi olmadığını bildirsə də, qeyd etdiklərini təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş İddiaçı ilə aralarında olan telefon danışığının əks olunduğu səsyazmadan aydın olur ki, Nofəl Ceyhuna zəng edərək onu məhkəməyə verdiyini, halbuki onlar arasında 10.000 manatla bağlı hansısa bir alış-veriş olmadığını bildirsə də, Nofəl şirkətlə əlaqəli iş olduğunu və tək onun deyil, digər şəxslərin də məhkəməyə verildiyini, sabah ətraflı olaraq bu barədə vəkilindən soruşaraq məlumat verəcəyini bildirmişdir. Göründüyü kimi telefon danışığı sadəcə qeyd olunanlardan ibarət olmaqla, tərəflər arasında bağlanmış müqavilənin formal xarakter daşıdığını, Ceyhun tərəfindən Nofələ pulun verilməməsini və ya Nofəl tərəfindən pulun alınmamasını təsdiq etmir. Cavabdehin izahatı isə təkbaşına sübutetmə vasitəsi sayılmayaraq, iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Cavabdehin izahatını təsdiq edəcək digər sübutlar olmadığı üçün başqa sübutlarla birgə yoxlanıla və qiymətləndirilə bilmir. Bu səbəbdən də cavabdehin izahatı mötəbər sübut sayılmır və məhkəmə qətnamə qəbul edərkən mötəbər olmayan sübuta əsasla bilməz. Çünki məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Bir sözlə, cavabdeh tərəf öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Faktı təsdiq edəcək sübutlar olmadığı üçün məhkəmə qərarı ehtimallara əsaslana bilməz. Hazırki işin obyektiv araşdırılması məqsədilə məhkəmə tərəfindən sorğular verilmiş və sorğunun nəticəsində iddiaçının 10.000 manat məbləğində pulu kassaya təhvil verməsi və həmin pulun cavabdeh tərəfindən alınması bir daha öz təsdiqini tapmışdır. Bu səbəbdən iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır.
Məhkəmə xərcləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
22. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
24. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10.000 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir.
25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh 10.000 (on min) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.