Məhkəmə qərarları › İş №2(010)-2508/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2508/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2508/2024 01.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Seyı̇ dova Ümmı̇ leylaxanım Heydər qızına qarşı kredit müqaviləsi üzrə yaranmış borcun 1/2 hissəsinin cavabdehə aid edilməsi və borcun həmin hissədə tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdeh Seyı̇ dova Ümmı̇ leylaxanım Heydər qızına qarşı kredit müqaviləsi üzrə yaranmış borcun 1/2 hissəsinin cavabdehə aid edilməsi və borcun həmin hissədə tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə yaranmış borcun ½ hissəsini cavabdehə aid edilməsi və həmin hissədə yaranmış 7000 manat məbləğində kredit borcunun 3500 manatının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh Seyı̇ dova Ümmı̇ leylaxanım Heydər qızı etirazla məhkəməyə müraciət edərək, hazırki iddia tələbinin təmin edilməməsini xahiş etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı həmin krediti götürdüyü zaman onlar artıq 9 ay idi ki, birgə təsərrüfat idarə etmirdilər və ər-arvad münasibətləri mövcud deyildi.

İddia tələbinin dəlilləri

3. Cavabdeh ilə 7 avqust 2010-cu il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə ailə münasibətindən üç övladları var. Ailə qurduqları dövrlərdən münasibətləri ər-arvad olaraq mehriban və səmimi olsa da, lakin sonradan aralarında yaranmış mübahisə nəticəsində nikahın pozulması üçün cavabdeh şəxs Suraxanı Rayon Məhkəməsinə rəsmi ərizə ilə müraciət etmişdir. Hətta nikahın pozulması barədə Suraxanı rayon Məhkəməsinin qətnaməsi mövcuddur. O, bir ailə başçısı olaraq yoldaşı xəstə olduğu üçün onun müalicə və müayinəsində sağalaraq yeni bir həyata qayıtmasında həmişə çalışmışdır. Qohum-əqrəbadan aldığı borc pullar hesabına həmişə onun qayğısına qalmışdır. Hətta qeyd edir ki, respublika ərazisində yerləşən bir çox banklardan müxtəlif vaxtlarda, müxtəlif miqdarda pul vəsaiti götürmüşdür. Hətta sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Kapital Bank ASC-dən 24 aylıq illik 11.5 faiz illik olmaqla 6195 manat pul götürdü ki, həmin qeyd olunan pul vəsaiti də ailəsinə xərcləmişdir. Hesab edir ki, haqq ədalət olduğu üçün və həyat yoldaşı onun kimi bir həyat yoldaşından böyük bir səbəb olmadan onunla yaşamadığını israrla bildirirərək nikahı pozdurmağa çalışdığı üçün birgə nikah dövrü götürdüyü və yaranmış borcun ½ hissədə bölünməsi məqsədəmüvafiqdir. Tərəflərin izahatları

4. Cavabdeh Seyı̇ dova Ümmı̇ leylaxanım Heydər qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

İş materialları

6. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GTKR5874602B299 saylı kredit müqaviləsi və ona Əlavədən görünür ki, İddiaçı bank tərəfindən illik 11.5 faiz dərəcəsi ilə 24 ay müddətində 6195 manat məbləğində kredit verilmişdir.

7. Suraxanı Rayon Məhkəməsinin 2(010)-3885/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Seyı̇ dova Ümmı̇ leylaxanım Heydər qızının İddiaçı qarşı “nikahın pozulması və s.” tələbinə dair iddia ərizəsi qeyd edilən tarixdə məhkəmənin icraatına qəbul edilmişdir.

8. Suraxanı Rayon Məhkəməsinin 2(010)-183/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində 07 avqust 2010-cu il tarixdə 869 nömrə ilə qeydə alınmış nikahın pozulması, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş 05 oktyabr 2010-cu il təvəllüdlü X3, 25 avqust 2013-cü il təvəllüdlü X5 və 10 may 2021 -ci il təvəllüdlü X4 boşanmadan sonra anaları Cavabdeh yanında qalması və ödənilmiş dövlət rüsumuun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

İşin faktiki halları

9. İşin faktiki halları ondan ibarətdir ki, tərəflər 07 avqust 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş və daha sonra xx.xx.2024-cü il tarixdə məhkəmə qaydasında aralarında olan rəsmi nikah pozulmuşdur. İddiaçı hazırki tələbində "xxxx" ASC-dən xx.xx.2024-cü il tarixli, GTKR5874602B299 saylı kredit müqaviləsi üzrə götürdüyü kredit vəsaitini cavabdehin və övladlarının müalicəsinə sərf edildiyini bildirir və bu səbəbdən həmin kredit borcunun ½ hissəsinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh isə iddia tələbinə etiraz edir və bildirir ki, həmin kredit onların faktiki münasibətləri pozulduqdan sonra götürülmüşdür və həmin kreditin ona aidiyyatı yoxdur.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə 36. Ər-arvadın ümumi əmlakının bölünməsi 36.1 Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 37. Ər-arvadın ümumi əmlakının bölünməsi zamanı payların müəyyən edilməsi 37.1 Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 225. Ər-arvadın ümumi mülkiyyəti 225.1 Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli Qərarı Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, nikah dövründə ər və ya arvadın kredit müəssisələrindən aldığı kreditin onların ümumi birgə əmlakına daxil olubolmaması məsələsi ilə bağlı ilk növbədə əşya hüquq institutunun əmlak anlayışına aydınlıq gətirilməlidir. Əmlak anlayışı bir əşyanı və ya maddi dəyəri olan konkret bir subyektiv hüququ deyil, bir şəxsə mənsub maddi dəyəri olan bütün subyektiv hüquqların və öhdəliklərin cəmini ifadə edir. Yəni mülki hüquqda əmlak anlayışı şəxsin bütöv iqtisadi vəziyyətini ifadə edir. Mülki Məcəllənin 391-ci maddəsində də tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilənin etibarsızlığı ilə bağlı müddəasında əmlak sözü məhz bu mənanı ifadə edir. Həmçinin Mülki Məcəllənin 6.1.3-cü maddəsində mülki qanunvericiliyin prinsipləri içərisində xüsusi qeyd olunan mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi prinsipində də əmlak ifadəsi bu mənada istifadə olunmuşdur. Mülki Məcəllənin qeyd edilən maddəsində nəzərdə tutulan bu prinsiplə hər bir şəxsin (subyektin) digər şəxslərdən ayrı və müstəqil olaraq iqtisadi varlığa malik olduğu, bir subyekt olaraq ayrı və müstəqil şəkildə mülki hüquq və öhdəliklərin tərəfi (subyekti) olduğu vurğulanır. Bunun məntiqi nəticəsi olaraq Mülki Məcəllənin 1151.1-ci maddəsində vəfat edən fiziki şəxsdən qalan əmlakı ifadə edən miras əmlak müddəası da məhz bu mənada istifadə olunmuşdur. Beləliklə, şəxsə (hüquqi və ya fiziki şəxsə) mənsub maddi dəyərə malik olan bütün haqlar (hüquqlar) əmlakın aktiv qismini, iqtisadi mahiyyət kəsb edən öhdəliklər isə onun (əmlakın) passiv qismini təşkil edir. Qanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ərarvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Öhdəliklərə münasibətdə isə qeyd edilməlidir ki, şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir.

13. Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il 12 iyul tarixli Qərarı: Qərarda qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir.

14. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, № 1/2024 nömrəli Qərarı: Həmin Qərarın 6.39-cu bəndində qeyd edilmişdir ki, ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər.

Məhkəmənin mövqeyi

14. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir.

15. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən maddi hüquq normalarından və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən aydın olur ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri təkcə əmlak aktivləri yox, eləcə də, əmlak passivləri, yəni öhdəliklər də, tərəflərin birgə öhdəliyi hesab edilməlidir. Nikah dövründə əldə edilmiş əmlak passivinin, yəni borcların keçmiş ər-arvad arasında bölünməsi üçün iki şərtin mövcud olması zəruridir. Birincisi borc məbləği nikah dövrünə aid olmalıdır, ikincisi borc məbləği birgə ailə təsərrüfatı və ya xərcləri ilə əlaqədar yaranmalıdır. Hazırki işdən aydın olur ki, tərəflər 07 avqust 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş və daha sonra xx.xx.2024-cü il tarixdə məhkəmə qaydasında aralarında olan rəsmi nikah pozulmuşdur. İddiaçının istinad etdiyi kredit müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanmışdır. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 2(010)-183/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən aydın olur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4964/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin və müalicə xərcləri tələbi”nə dair iddia təmin edilərək cavabdeh İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi, cavabdeh İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X2 müalicəsi ilə bağlı xərclərə görə hər ay 150 (bir yüz əlli) manat məbləğində vəsaitin tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir.

16. Həmin qətnamə məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, İddiaçı övladlarının saxlanılmasına və müalicəsinə maddi yardım göstərmədiyindən Cavabdeh həmin tələblə artıq 2022-ci ildə məhkəməyə müraciət etmiş və müvafiq məhkəmə qətnaməsi qəbul edilmişdir. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, iddiaçı cavabdehin birdən-birə nikahın pozulması fikrinə gəldiyini, həmin vaxta qədər isə onların münasibətlərinin normal olduğunu bildirsə də, lakin yuxarıda qeyd olunan xx.xx.2024-cü il tarixli qətnamədən o da aydın olur ki, nikahın pozulması məqsədilə Cavabdeh əvvəlcə mediasiya təşkilatına müraciət etmiş və tərəflər aralarında ilkin mediasiya sessiyasından sonra mediasiya prosesinin davam etdirilməsi barədə razılığa gələ bilməmiş və bu barədə xx.xx.2023-cü il tarixli müvafiq mediasiya sənədi təqdim edilmişdir. Bundan sonra, Seyı̇ dova Ümmı̇ leylaxanım Heydər qızının İddiaçı qarşı “nikahın pozulması və s.” tələbinə dair iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, tərəflər arasında nikah Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qətnaməsi əsasında pozulsa da, lakin göründüyü kimi tərəflər arasında faktiki nikah münasibəti artıq 2023-cü ilin avqust ayından pozulmuş (bundan əvvəl 2022-ci ildə Cavabdeh İddiaçı qarşı aliment və müalicə xərcləri tələbi irəli sürdüyü nəzərə alınmalıdır) və tərəflər birgə təsərrüfat idarə etməmişdirlər. İddiaçı hər nə qədər xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü kredit vəsaitin yoldaşının və övladının müalicəsinə sərf etdiyini qeyd etsə də, lakin qeyd olunan hal iş materialları ilə öz təsdiqini tapmır. Halbuki, qeyd olunan halları sübutetmə yükü məhz iddiaçının öz üzərinə düşür. Sadalanan xüsusatları rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

Məhkəmə xərcləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 62 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

19. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Seyı̇ dova Ümmı̇ leylaxanım Heydər qızına qarşı kredit müqaviləsi üzrə yaranmış borcun 1/2 hissəsinin cavabdehə aid edilməsi və borcun həmin hissədə tutularaq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş 62 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi :

İddiaçı cavabdeh Seyı̇ dova Ümmı̇ leylaxanım Heydər qızına qarşı kredit müqaviləsi üzrə yaranmış borcun 1/2 hissəsinin cavabdehə aid edilməsi və borcun həmin hissədə tutularaq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 62 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar