Məhkəmə qərarları › İş №2(010)-2512/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2512/2023

23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2512/2023 23.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.780,36 ABŞ dolları əsas borc, 2.883,12 ABŞ dolları faiz, 19.385,82 ABŞ dolları cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 762,06 ABŞ dolları məbləğində faiz (5%) borcu, cəmi 25.811,36 ABŞ dolları və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 221,64 manat dövlət rüsumunun tutlaraq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi və ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan “Mercedes Banz C 240” markalı, qara metal rəngli, buraxılış ili 2000-ci il olan, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutmanın yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə İddiaçı ASC-nin “Xətai” filialı arasında xx.xx.2013-cü il tarixli, 1219 saylı kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 27% faiz ödənilmək şərtilə 7 500 ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh ilə xx.xx.2013-cü il tarixli, 1219 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona məxsus “Mercedes Benz C 240” markalı, Qara metal rəngli, buraxılış ili 2000-ci il olan, **-NC-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Cavabdeh ilə kredit müqaviləsi bağlandıqdan sonra, LPO İddiaçı ASC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra edərək müqavilədə nəzərdə tutulmuş kredit məbləğini cavabdehə vermişdir. Kredit müqaviləsinin 3.2.2-ci maddəsinə əsasən borcalan bankdan aldığı kredit üzrə tam və vaxtında hesablanmış faizləri və əsas borc məbləğini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərə lazımınca əməl etməmiş, götürdüyü krediti və ona hesablanmış faizləri vaxtında qaytarmamışdır. Dəfələrlə bank tərəfindən yazılı və şifahi xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Qeyd edilən kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri altına düşmüş, lakin borclu 31 dekabr 2019-cu il tarixədək ləğv prosesində olan Banka müraciət etməmiş və bu səbəbdən onunla kredit borcunun restrukturizasiya olunması ilə bağlı yeni güzəştli kredit müqaviləsi bağlanmamışdır. Belə ki, Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Belə ki, Bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə borclunun xx.xx.2022-ci il tarixinə 2.780,36 ABŞ dolları əsas borc, 2.883,12 ABŞ dolları faiz, 19.385,82 ABŞ dolları cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 762,06 ABŞ dolları məbləğində faiz (5%) borcu, cəmi 25.811,36 ABŞ dolları borcu yaranmışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, o banka sonuncu dəfə ödəniş etdiyi zaman həmin borcu ödəyə bilməyəcəyini bildirmiş və onun tərəfindən avtomobil 2016-cı ildə banka borc müqabilində təhvil verilmişdir. Bank tərəfindən həmin avtomobil Rövşən adlı şəxsə verilmiş və o da bununla bağlı həmin şəxsə etibarnamə vermişdir. Lakin sonradan həmin şəxs banka olan borcu ödəmədiyindən o verdiyi etibarnamə ləğv etdirmişdir. Hal-hazırda avtomobilin olduğu yer ona bəlli deyildir. Bundan əlavə onun tərəfindən banka 8727 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir. Onun banka hazırkı iddia ərizəsində tələb olunan qədər borcu yoxdur. Buna görə də iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş LPO İddiaçı ASC-nin Nərimanov Filalı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1219 saylı kredit müqaviləsindən görünür ki, bank Cavabdeh illik 27% hesablanmaqla 24 aylıq müddətə 7500 ABŞ dolları məbləğində kredit vermişdir. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Mercedes Benz C 240” markalı, 2000-ci il buraxılışlı, **- NC-*** dövlət qeydiyyat nişanlı, WDB2030611F039115 ban, **********7783 mühərrik nömrəli, qara metal rəngli avtomobil Cavabdeh məxsusdur. İş materiallarına əlavə edilmiş maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan əsas borcu 2780,36 ABŞ dolları, 2883,12 ABŞ dolları faiz, 19.385,82 ABŞ dolları cərimə borcu, 773,76 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 25.823,06 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş LPO İddiaçı ASC-nin Nərimanov Filalı və Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1219 saylı ipoteka müqaviləsindən görünür ki, borcalanın kredit öhdəliklərini təmin edilməsi məqsədi ilə mülkiyyətində olan “Mercedes Benz C 240” markalı, WDB2030611F039115 ban, **********7783 mühərrik, Qara metal rəngli, buraxılış ili 2000-ci il olan avtomobil ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış məktubdan görünür ki, LPO İddiaçı ASC-nin Nərimanov Filalı yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6025 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, ekspert qarşısında qoyulmuş suallar üzrə iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1219 saylı kredit müqaviləsi üzrə və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən müqavilə müddətinin bitdiyi tarixdən etibarən 5% faiz borcu hesablanılmasını nəzərə alaraq, Cavabdeh LPO İddiaçı ASC-yə olan borcu xx.xx.2015-ci il tarixinə 6083,82 manat əsas borc, 196,28 manat faiz borcu, xx.xx.2022-ci il tarixinə 2780,38 manat əsas borcu və 1377,51 manat faiz borcu təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bu Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Bu Qanunun 41.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2013-cü il tarixli 1219 saylı saylı kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən iddiaçı cavabdehə illik 27% hesablanmaqla 24 aylıq müddətə 7500 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği müqavilə bağlanan tarixdə cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsinin təminatı olaraq “Mercedes Benz C 240” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı, WDB2030611F039115 ban, **********7783 mühərrik, Qara metal rəngli, buraxılış ili 2000-ci il olan avtomobil xx.xx.2013-cü il tarixli 1219 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İş üzrə iddiaçı LPO İddiaçı ASC-nin Nərimanov Filalı həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Hal-hazırda cavabdehin LPO İddiaçı ASCyə olan 2.780,36 ABŞ dolları əsas borc, 2.883,12 ABŞ dolları faiz, 19.385,82 ABŞ dolları cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 762,06 ABŞ dolları məbləğində faiz (5%) borcu, cəmi 25.811,36 ABŞ dolları təşkil edir. Lakin ekspertiza qarşısında sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2015-ci il tarixinə 6083,82 manat əsas borc, 196,28 manat faiz borcu, xx.xx.2022-ci il tarixinə 2780,38 manat əsas borcu və 1377,51 manat məbləğində müəyyən olunur. Bundan əlavə ekspertiza rəyində ödəniş qrafaları ABŞ dolları ilə hesablanmasına baxmayaraq, rəyin nəticə hissəsində manat kimi qeyd edilmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. LPO İddiaçı ASC-nin iddiasının 19385,82 ABŞ dolları dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 50 ABŞ dolları məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2013-cü il tarixli 1219 saylı kredit müqaviləsi üzrə 2780,36 ABŞ dolları əsas borc, 196,28 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları dəbbə pulu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 762,06 ABŞ dolları məbləğində faiz (5%) borcu olmaqla, cəmi 3788,70 (üç min yeddi yüz səksən səkkiz ABŞ dolları, yetmiş sent) ABŞ dolları və ödənilmiş 221,64 (iki yüz iyirmi bir manat, altmış dörd qəpik) manat dövlət rüsumu LPO İddiaçı ASC-nin xeyrinə tutulmalı və tutmanın kreditin təminatı cavabdehə məxsus “Mercedes Benz C 240” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı, WDB2030611F039115 ban, **********7783 mühərrik, Qara metal rəngli, buraxılış ili 2000-ci il olan avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərracda satış yolu ilə realizə edilsin və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Ekspertiza xərci - 100 (yüz) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il tarixli 1219 saylı kredit müqaviləsi üzrə 2780,36 ABŞ dolları əsas borc, 196,28 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları dəbbə pulu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 762,06 ABŞ dolları məbləğində faiz (5%) borcu olmaqla, cəmi 3788,70 (üç min yeddi yüz səksən səkkiz ABŞ dolları, yetmiş sent) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və ödənilmiş 221,64 (iki yüz iyirmi bir manat, altmış dörd qəpik) manat dövlət rüsumu LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma kreditin təminatı cavabdehə məxsus “Mercedes Benz C 240” markalı, **-NC- *** dövlət qeydiyyat nişanlı, WDB2030611F039115 ban, **********7783 mühərrik, Qara metal rəngli, buraxılış ili 2000-ci il olan avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərracda satış yolu ilə realizə edilsin və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ekspertiza xərci - 100 (yüz) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar