Məhkəmə qərarları › İş №2(010)-252/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-252/2022

28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-252/2022 28.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh1 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 2633.93 manat əsas, 947.59 manat faiz cəmi 3581.52 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 2633.93 manat əsas, 947.59 manat faiz cəmi 3581.52 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində izahat verən Nümayəndə iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, "xxxx" KB ASC ilə borclu Əliyev Qurban Ədib oğlu arasında bağlanmış 10.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 120 ay müddətinə 150000 AZN məbləğində kredit limiti ayrılmışdır. 10.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 12 ay müddətinə 25% ödəmək şərtilə 5000 AZN məbləğində kredit verilmişdir. 15.04.2020-ci il tarixli ölüm haqqında şəhadətnaməsinə görə borclu Əliyev Qurban Ədib oğlu 17.03.2020-ci il tarixdə vəfat etdiyindən qeyd olunan kredit müqaviləsini borclunun zamini kimi imzalamış və kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüş Cavabdeh1, eləcə də vəfat etmiş borclunun qanun üzrə vərəsəsi olan və iş üzrə cavabdeh kimi cəlb olunmuş Cavabdeh2 vaxtında və lazımi qaydada icra edilməmiş kredit müqaviləsi üzrə öhdəlik daşımalıdılar. Hazırda cavabdehlərin 21.09.2021-ci il tarixinə "xxxx" KB ASC-yə 2633.93 manat əsas, 947.59 manat faiz, cəmi 3581.52 manat borcu yarandığına görə cavabdehlərdən həmin məbləğdə borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia tələbi ilə qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, 10.10.2019-cu il tarixli kredit müqaviləsinə görə borclu Əliyev Qurban Ədib oğlunun zamini kimi müvafiq müqaviləni imzalamış və həmin müqavilədən irəli gələn öhdəliklərini dərk edir. Lakin kredit müqaviləsi üzrə borclu vəfat edəndən sonra onun arvadı – Cavabdeh2 qanun üzrə vərəsə kimi şəhadətnamə aldığına görə özü də vəfat etmiş Əliyev Qurban Ədib oğlunun vərəsəsi kimi kredit borcuna görə məsuliyyət daşımalıdır. Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, iddia tələbləri ilə əlaqədar isə bildirmidir ki, X2 ilə rəsmi nikahda olsa da, sonuncu 23 il əvvəl ailəsini atıb getmiş, uşaqları ilə maraqlanmamış və bir dəfə də olsun əlaqə saxlamamışdılr. Belə olan halda o, keçmiş ərinin hansı məqsədlə kredit götürdüyünü bilmir, eşitdiyinə görə Cavabdeh1 ilə aralarında yaxşı münasibətləri olub və kredit pulunu birgə məqsədlərinə xərcləyiblər. Özü ağır şəkər xəstəsidir, 2 övladı əlildir, qızı isə boşanaraq 1 övladı ilə onun himayəsində yaşayır. Maddi durumu çətindir və qohumlarının köməyi ilə dolanır. Əri sağlığında ailəsinə sahib çıxmadığına görə hazırda o da onun borcu üçün məsuliyyət daşımır. Məhkəmə Cavabdeh2 xahişini nəzərə alaraq işə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10.10.2019-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı – “Bank”, Cavabdeh1– “Müştəri” olmaqla, bağlanmış müqaviləyə əsasən Cavabdeh1 12 ay müddətinə illik 25% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Ödəniş cədvəlindən görünür ki, cavabdehin Banka olan borcunu müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş cədvəlini Cavabdeh1 imzası ilə təsdiq etmişdir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş 28 mart 2022-ci il tarixli arayışından görünür ki, Əliyev Qurban Ədib oğlunun kredit müqaviləsi üzrə öhdəliklərin son icra müddəti kimi müəyyən edilmiş 10 oktyabr 2020-ci il tarixə 427 micBKX/19 saylı kredit müqaviləsi üzrə bank qarşısında yerinə yetirilməmiş öhdəlik 2633,93 manat əsas borc, 323,53 manat faiz borcu olmaqla, ümumilikdə 2957,46 manat təşkil edir. İş materiallarında olan 10.10.2019-cu il tarixli Kredit müqaviləsinin təminatı olaraq bağlanmış 10.10.2019-cu il tarixli Zaminlik müqavilələrindən görünür ki, zamin Cavabdeh1 borcalan Əliyev Qurban Ədib oğlunun "xxxx" Kommersiya Bankı ASC-dən kredit götürməsinə zamin durmuşdur. Həmin Müqaviləyə əsasən, “Zamin” Borc alanın 10.10.2019-cu il tarixli Kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borc alanla birgə məsuliyyət daşıyır. İş materiallarına əlavə olunmuş AZ İ seriaylı, 749058 №-li Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, Əliyev Qurban Ədib oğlu 17 mart 2020-ci il tarixdə ölmüşdür. Beləliklə də, işin yuxarıda sadalanan faktiki halları ilə müəyyən edildi ki, Cavabdeh1 10 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə borcalan Əliyev Qurban Ədib oğlunun öhdəliklərini yerinə yetirmədiyi halda sonuncu ilə birlikdə Bank "xxxx" Kommersiya Bankı ASC qarşısında tam öhdəlik daşımasını üzərinə götürmüşdür. Hazırda borcalanın vəfat etməsi ilə əlaqədar sonuncunun müqavilə müddəti bitdiyi tarixə qeyd olunan kredit müqaviləsi üzrə 3696,88 manat məbləğində əsas, 323,53 manat faiz borcu ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditorun qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh1 10 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə borcalan Əliyev Qurban Ədib oğlunun zamini kimi "xxxx" Kommersiya Bankı ASC qarşısında tam öhdəlik daşımasına dair öhdəliyini icra etmədiyindən iddiaçının həmin kredit müqaviləsinin lazımınca icra edilməməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi əsaslıdır. Eyni zamanda məhkəmə borcalan Əliyev Qurban Ədib oğlunun qanun üzrə vərəsəsi hesab edilən Cavabdeh2 qarşı iddia tələbini əsaslı hesab edir. Belə ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim olunmuş “Elektron notariat” X1 Çıxarışından müəyyən edilmişdir ki, mərhum Əliyev Qurban Ədib oğlunun adına arvadı Cavabdeh2 müraciəti əsasında Naxçıvan Muxtar Respublikasının Culfa rayon dövlət notariat ofisində 04.12.2020-ci il tarixdə vərəsəlik işi açılmış və sonuncuya 2V-129 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsini 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə də, kredit müqaviləsi üzrə kredit götürən borclu Əliyev Qurban Ədib oğlu 17 mart 2020-ci il tarixdə vəfat etməsindən sonra Cavabdeh2 onun qanun üzrə vərəsəsi kimi Qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi buna dəlalət edir ki, müddətindən asılı olmayaraq sonuncu mərhum Əliyev Qurban Ədib oğlunun mirası üzrə əmlak hüquqları ilə yanaşı hazırki kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasına görə də məsuldur və iddiaçı ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu baxımdan Cavabdeh2 məhkəməyə göndərdiyi ərizədə qeyd etdiyi dəlillərlə bağlı məhkəmə qeyd edir ki, onun ağır şəkər xəstəsi olması 2 övladının əlilliyi və maddi vəziyyətinin ağır olması özü-özlüyündə iddia tələbinin rədd edilməsi üçün əsas hesab edilə bilməz Bununla belə məhkəmə iddianın qismən əsaslı hesab edərək qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. İşin hallarından göründüyü kimi sözügedən kredit müqaviləsi 10 oktyabr 2019-cu il tarixdə 12 ay müddətinə bağlanılmış və 10 oktyabr 2020-ci il tarixdən etibarən artıq tərəflər arasında bağlanılmış müqavilənin müddəti bitmişdir. Yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun qərarı ilə verilən izaha görə müqavilə müddəti qurtardıqdan sonra faizlərin hesablanması dayandırılmalı idi və həmin müqavilə ilə müəyyən edilmiş 10 oktyabr 2020-ci il tarix cavabdehlərin ödəməli olduğu məbləğ və etməli olduğu digər hərəkətlər onların 10 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə yekun mülki məsuliyyətinin həddidir. İddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim olunmuş 28 mart 2022-ci il tarixli maliyyə arayışına görə kredit müqaviləsi üzrə öhdəliklərin son icra müddəti kimi müəyyən edilmiş 10 oktyabr 2020-ci il tarixə 427 micBKX/19 saylı kredit müqaviləsi üzrə bank qarşısında yerinə yetirilməmiş öhdəlik 2633,93 manat əsas borc, 323,53 manat faiz borcu olmaqla, ümumilikdə 2957,46 manat təşkil edir. Odur ki, məhkəmə yuxarıda qeyd olunanları rəhbər tutaraq hesab edir ki, cavabdehlərdən bank qarşısında yerinə yetirilməmiş öhdəliyə görə 2633,93 manat əsas, 323,53 manat faiz borcu müştərək qaydada tutulmalıdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2633,93 manat məbləğində əsas borc və 323,53 manat məbləğində faiz borcu olmaqlacəmi 2957,46 manat məbləğində borc tutularaq, İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 112.1 və 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 113.1-ci maddəsinə əsasən, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə dövlət rüsumunun miqdarı əvvəlcədən hakim tərəfindən müəyyən edilir, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Həmin Məcəllənın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Təsvir olunanlara əsasən, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı “borcun tutulması” tələbi barədə iş üzrə iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2633,93 manat məbləğində əsas borc, 323,53 manat məbləğində faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 2987,46 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar