Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2535/2021 25.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya 5300 manat məbləğində borcun tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh 2011-ci ildə 7000 manat məbləğində pulu borc olaraq vermişdir. Ötən 10 il müddətində cavabdeh hissəhissə onun pulunu qaytarmış və onun hazırda 5300 manat məbləğində borcu qalmışdır. Cavabdeh tərəfindən son dəfə 2020-ci ilin mart ayında 40 manat və noyabr ayında 10 manat məbləğində pul ödənildikdən sonra hal-hazıradək 5300 manat məbləğində borc ödənilməmiş qalmışdır. Odur ki, Cavabdeh 5300 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı öz izahatında 2011-ci ildə 7000 manat pul verdiyini, cavabdeh tərəfindən bu borcun hissə-hissə qaytardığını, lakin 5300 manat borcun qaytarmadığını bildirmişdir. Bununla əlaqədar olaraq polis şöbəsinə də şifahi müraciət etmişdir. Sonda iddaçı cavabdehdən 5300 manat borcun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh öz izahatına əsasən, iddia tələbinin qismən qəbul etdiyini bildirərək, metropolitendə kiçik mağazası olduğunu, iddiaçı ilə dost olduğunu və ondan mal şəklində və yaxud pul şəklində 100 manat, 150 manat pulu götürəndən sonra qaytardığını bildirmiş, 1 ildən çox xəstəxanada olduğunu və həmin vaxtda polis tərəfindən ona zəng edilərək 2000 manat borcunun olduğu bildirilmişdir. Son olaraq, iddiaçıya 400 manat borcu olduğunu bildirmiş və 400 manat məblləğində pulun tutulmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin çıxışlarını və izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 25 may 2021-ci il tarixli məhkəmə iclaısnda Cavabdeh tərəfindən verilmiş ərizəyə əsasən, iddianı qismən qəbul etdiyini, İddiaçı 400 manat borcu olduğunu və həmin borcu ödəməyə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası mülki hüquq qanunvericiliyinin müddəlaları baxımından iddiaçı ilə cavabdeh arasında borc (kredit) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunun qaytarılması ilə bağlı tələbləri də məhz qanunverici tərəfindən müqavilədən əmələn gələn öhləliklər üçün nəzərdə tutulmuş hüquq normalarının çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 2011-ci ildən bu günə kimi aralarında vaxtaşırı borc münasibətləri olmuş, lakin aralarında yazılı olaraq hər hansı bir borc müqaviləsi və yaxud yazılı razılaşma bağlanmamışdır. İddiaçı ona Cavabdeh olan 5300 manat borcun olduğunu və qaytarılmasını iddia edir. Cavabdeh məhkəmədə öz yazılı və şifahi izahatına əsasən, iddiaçıya 400 manat məbləğində borcunun olduğunu qəbul etmiş və həmin borcun ödənilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçı borc məbləğinin daha yüksək olması barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarını, iddiaçının və cavabdehin izahatlarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 400 (dörd yüz) manat məbləğində borc tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin əvəzi qismində iddia qismən təmin edildiyindən 3 (üç) manat məbləğində dövlət rüsumu Cavabdeh qızından tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 400 (dörd yüz) manat məbləğində borc tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin əvəzi qismində iddia qismən təmin edildiyindən 3 (üç) manat məbləğində dövlət rüsumu Cavabdeh qızından tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-2535/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2535/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver