Məhkəmə qərarları › İş №2(010)-2535/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2535/2022

18.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2535/2022 18.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona tərəfindən verilmiş 2000 manat pulun və 5 il müddətində pulunun qaytarılmaması üzündən ona vurulmuş 1000 manat maddi ziyanın alınaraq ona verilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram vuraraq, məhkəmə iclasında xəstəliyi ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmişdir. Cavabdeh məhkəməyə göndərdiyi ərizəsində məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclaslarında verdiyi izahatında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdeh ilə o, X7 şirkətində birlikdə işləmişlər. İddia tələbinin aid olduğu hadisə 2015-ci ildən başlayıb. Belə ki, Bahar İbadova onun qonşusudur və o, növbə ilə ev almağın mümkün olduğunu bildirmişdir. Ona da tələbə yoldaşı olan Amil Hüseynov adlı şəxs köməklik edirmiş. O, iş yerində bu məsələni Elşənə danışmış və Elşən ona 1998-ci ildən növbədə olduğunu və həmin növbəsini pul qarşılığında ona verə biləcəyini bildirmişdir. O, Elşəndən nə üçün ev istəmədiyini soruşduqda, o, yoldaşı ilə ayrı olduğunu demişdir. Bundan sonra, o, blokda təsadüfən Bahar xanımla qarşılaşmış və ev növbəsini almaq üçün Elşənə pul verəcəyini bildirmişdir. Suraxanı rayon prokurorluğunun yaxınlığında Bahar xanım onunla birlikdə maşında olan zaman o, cavabdehə 2000 manat pulu vermişdir. Çünki Elşən banka 2300 manat banka borcu olduğunu və həmin borcu 2000 manat ilə bağlaya biləcəyini bildirdiyi üçün ona inanmışdır. Sonradan Elşənlə danışan zaman sonuncu ona himayəsində daha çox şəxs olduqda 3 otaqlı evin verilə biləcəyini demişdir. Bu səbəbdən himayəsində başqa şəxslərin olmasına dair arayış vermiş və həmin sənədlərin alınması üçün çəkilən xərcləri də o, öz üstünə götürmüşdür. Lakin yekunda işi alınmadı və o, bu barədə Elşənə dedikdə, Elşən yoldaşının adına 67 kv.metr ölçüdə ev olduğunu bildirmişdir. Buna baxmayaraq, işin alınmamasında Elşən onu günahlandırmışdır. Halbuki, cavabdeh əvvəl evli olmadığını, sonrakı illərdə isə evi nəvəsinin adına keçirdiyini bildirmişdir. Göründüyü kimi cavabdeh illərdir ki, onu aldatmışdır. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qəbul etmədiyini bildirmişdir. O, ərizəsində qeyd etmişdir ki, həqiqətən də X7 şirkətində çalışmış, Socar Neft Şirkətində ev növbəsi olmuşdur. Bununla belə həmin növbə indiyədək qalmış, evlə təmin olunmamışdır. İddiaçı ev növbəsini ona satmaq qarşılığında 2000 manat pul verməsi həqiqəti əks etdirmir. Bununla belə, iddiaçının dedikləri həqiqəti əks etdirmiş olsa belə, özü həmin guya baş vermiş hadisənin 2015-ci ildə olduğunu bildirmişdir. Belə ki, Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. İddia ərizəsində qeyd edilmişdir ki, guya iddiaçı ona 2000 manat pul vermişdir, bununla belə həmin pulun nə qisimdə verildiyi bildirilməmişdir, yəni ki, bu onun dediklərinə görə həmin hala dair aralarında hər hansı müqavilə öhdəliyi olmadığı anlamına gəlir ki, belə olan halda əsassız varlanma ilə bağlı müddəalar tətbiq edilməlidir ki, iddiaçının özünün qeyd etdiyi vaxtdan da 2 il müddət keçmişdir. Bununla belə, iddiaçı qeyd edilən pulu ona verdiyini iddia edirsə ki, bununla bağlı subut etmək yükü onun üzərinə düşür. Qeyd edilən halları nəzərə alaraq iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfində şahid qismində dindirilmiş X3 bildirmişdir ki, o, iddiaçıgilə getdikdə onunla oğlu arasında narazılıq olduğunu görmüşdür. Oğlu başqa evdə yaşamaq istədiyi üçün iddiaçı ona ev almaq istəyirdi. Onların işlədiyi yerdə biraz problemlər yaşanırdı, orada işləyənləri işdən çıxardırdılar və ev növbələri də silinirdi. Həmin vaxt onun tələbə yoldaşı köməklik edə biləcəyini bildirmişdir. O, iddiaçını tələbə yoldaşına yönəltmiş və özünün bu məsələyə qarışmayacağımı bildirmişdir. Həmçinin, o, iddiaçıya bildirmişdir ki, əgər ev növbəsi yoxdursa, bu iş alınmayacaq. Bu vaxt iddiaçı iş yoldaşı Elşən ilə danışacağını, onun ev növbəsi olduğunu bildirmişdir. İddiaçı bu məsələ ilə bağlı Elşənə pul verəcəkdi. Bundan sonra o, Qaraçuxur bazarından qayıdanda iddiaçı maşında bankdan pul götürdüyünü və 2000 manatı Elşənə verəcəyini demişdir. İddiaçı Elşənə pulu verdikdə o, maşında oturmuşdur, maşında pul əlində idi, lakin gedib qayıdanda isə pulu Elşənə verdiyini bildirmişdir. O, pul verilən zaman iddiaçının yanında olmamış, yalnız uzaqdan görmüşdür. İddiaçının görüşdüyü bəstəboy kişi idi. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 1318 №-li arayışdan görünür ki, Cavabdeh, X2 (bacısı), X4 (bacısıoğlu) və X5 ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.20215-ci il tarixli “daşınmaz əmlakın dövlət reyestrindən arayış”a əsasən Bakı şəhər inzibati ərazi vahidi üzrə daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron bazada X4 və X1 adına məlumat yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd olunan Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Eyni Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, hazırki iddia tələbi üzrə iddiaçını iddia etdiyi pul məbləğinin verilməsi sübut edilməli hala çevrilir ki, bu halda sübut etmə vəzifəsi belə münasibətin həqiqətən mövcud olduğunu iddia edən tərəfin üzərinə düşür. Məhkəmə hesab edir ki, hazırki mübahisədə sübut etmə vəzifəsi iddiaçının üzərində olduğundan, onun tərəfindən isə tələb etdiyi pulun cavabdehə verilməsinə dair heç bir sübut təqdim olunmadığından, onun irəli sürdüyü tələblər əsassızdır. Bundan əlavə, iddiaçı tərəfindən 2000 manat məbləğində cavabdehə pulun verilməsinə dair nə qanuni, nə də müqavilə üzrə əsasların olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Həmçinin, iddiaçının məhkəmə iclasına şahid qismində gətirdiyi şəxs də iddiaçı tərəfindən pulun verildiyini gördüyünü bildirsə də, həmin pulun verildiyi şəxsin hazırki iş üzrə cavabdeh olub-olmadığını bilmədiyini, pul verilən zaman sadəcə olaraq maşında oturduğunu və pulu alan şəxsin bəstəboy bir kişi olduğunu bildirmişdir. Göründüyü kimi iddiaçı tərəfindən məhkəmə iclasına gətirilmiş şahid işin halları barədə tam məlumatlı olmadığından və pulun məhz cavabdehə verilib-verilmədiyini dəqiq olaraq bilmədiyindən onun ifadəsi məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. İddianın 5 il müddətində pulun qaytarılmaması səbəbilə ona vurulmuş 1000 manat maddi ziyanın alınaraq ona verilməsi hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə 2000 manat məbləğində pulun verilməsi sübut olunmadığından iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə verilmiş ərizəyə münasibətdə isə məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını təşkil edən faktlar iddiaçı tərəfindən sübut olunmadığından iddia müddətinin ötüb-ötməməsi ilə bağlı məsələnin araşdırılmasına zərurət yoxdur. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyi üçün, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 50 manat iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar