Məhkəmə qərarları › İş №2(010)-2538/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2538/2022

07.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2538/2022 07.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X10 qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 31 yanvar 2020-ci il tarixli 2(037)-51/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş, 18 iyul 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh tutulan 150 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin artırılaraq, hər ay 200 manat sabit pul məbləğində olmaqla İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2016-cı il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X8 adlı övladı olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli 2(037)- 51/2020 nömrəli qətnaməsi ilə nikahları pozulmuş və uşağın saxlanılması üçün cavabdehdən hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Bu qətnamə qəbul olunduğu dövrdə uşaq bağçaya getmirdi. Həmin vaxt uşaq evdə olduğundan hər hansı əlavə xərclər çəkməyə ehtiyac yox idi. Halhazırda uşaq bağçaya gedir və davamlı əlavə xərclərə ehtiyacı var. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, iddia tələbinin təmin edilməsini xahiş etmiş və əlavə olaraq onu göstərdi ki, cavabdeh əsas iş yeri üzrə elektrik vəzifəsində işləməklə yanaşı əlavə iş kimi qohumunun işlətdiyi toyxanada işləyir və oradan da qazanc əldə edir. Beləliklə də, alimentin məbləği artırıldığı halda həmin məbləği ödəmək iqtidarındadır. Cavabdeh iddia ərizəsinə etiraz ərizəsi daxil olmuş və həmin etiraz onunla əsaslandırmışdır ki, iddiaçı övladı Diləyin bağçaya getməsi ilə əlaqədar xərcin, eləcə də davamlı müayinə və müalicə olunması ilə bağlı xərclərə ehtiyac olmasını qeyd etsə də, Mülki Proserssual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər hansı sübutu təqdim etməmişdir. O isə xx.xx.2022-ci il tarixdə 4 saylı Bakı ASAN xidmət Mərkəzi Qeydiyyat şöbəsində X6 ilə yeni nikah bağlayıb ailə həyatı qurmuşdur. Həmin nikahı bağladığım vaxta kimi iddiaçının yaşadığı ünvana gedərək, qızı Diləklə heç bir maneə olmadan görüşüb ünsiyyətdə olmuşdur. Lakin yeni nikah bağlandıqdan sonra iddiaçı işlədiyi Gənclik Ticarət Mərkəzində işdən çıxmış və onun qızı Diləklə görüşüb - ünsiyyətdə olmağına mane olaraq qadağa qoymuşdur. O, 2022-ci ilin yanvar ayına kimi qızı Diləklə görüşüb — ünsiyyətdə olarkən, onun xəstə olmasını, tibbi müayinəyə və müalicəyə ehtiyacı olmasını müşahidə etməmişdir. Həmin vaxta kimi qızı Dilək tam sağlam və gümrah olmuşdur. Ötən 5 ay ərzində əgər qızı Diləyin sağlamlığında hər hansı problem yaranmışsa, onda onun yaşadığı yer üzrə fəaliyyət göstərən tibb müəssisəsində uçota alınaraq, həm müayinəsi və həm də müalicəsi pulsuz mümkündür. Onun özünün və yeni ailə həyatı qurduğu X2 şəxsi yaşayış sahələri yoxdur və bu səbəbdən valideynlərinə məxsus yuxarıda göstərdiyi ünvanda birgə yaşayırlar. Əgər valideynləri həyat yoldaşını özlərinə məxsus mənzildən çıxartsalar, onda o da onunla birgə kirayə mənzildə yaşamağa məcbur olacaqdır. Bu da hər ayda ondan ən azı 250 manat məbləğində kirayə haqqı ödəməyi tələb edəcəkdir. X1 ilə birgə yaşadıqlarını valideynlərinə məxsus mənzildə hər ay elektrik enerjisindən, sudan, qazdan və istilik sistemindən istifadə haqqı 100 manat yaxın xərc edir. Həmin kommunal haqqlarının pulunu hər ay o ödəyir. Ailə üzvü olan ahıl yaşlı atası X7 xəstəlikdən əziyyət çəkir və mütəmadi olaraq müalicə olunur. Onun aylıq müalicə - dava dərman xərcləri 150 manat tutur. Həmin xərcin yarısını hər ay o ödəyir. Yeni nikah bağlayıb ailə həyatı qurduğu X6 hamiləliyi ilə əlaqədar 15 nömrəli Birləşmiş şəhər xəstəxanasında “Xroniki xolesistitin kəskinləşməsi” diaqnozu ilə uçotdadır, müalicə olunur və bu səbəbdən də işləyib qazanc əldə edə bilmir. Onun da saxlanması, müalicəsi və dava - dərman xərcləri onun üzərinə düşmüşdür. Bundan əlavə, özü də bir-neçə illərdir ki, bel nahiyədə baş vermiş fəqərələrarası disk sürüşməsindən əziyyət çəkir. Bu xəstəliyi belində kəskin ağrılar yaradır və onu daima əsəbi vəziyyətdə saxlayır. Ötən ay bu xəstəlikdən “Modern Hospitada müayinə və müalicə olunmağına görə 200 manat məbləğində xərci çıxmışdır. Müalicə hələ bir - neçə ay davam etməlidir və o yeganə qazanc və gəlir yerim olan əmək haqqımın müəyyən məbləğini hər ay müalicəmə xərcləməlidir. İdiaçı Xanım İddiaçı alimentin miqdarının artırılmasına dair tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək etiraz ərizəsinə uyğun izahat verib iddiaçının nümayəndəsinin məhkəmə iclasında gətirdiyi dəlillərlə bağlı əlavə olaraq onu göstərdi ki, əsas iş yerindən başqa əlavə iş yeri yoxdur, qeyd olunan toyxanaya isə işləməyə deyil, qohumunun yanına gedir. Bunlara əsasən iddianın təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 18 iyul 2017-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, İsmayıllı rayon məhkəməsinin 31 yanvar 2020-cu il tarixli 2(037)-51/2020 saylı qətnaməsinə əsasən, 31 yanvar 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında, lakin hər ay sabit pul məbləği ilə 150 (bir yüz əlli) manatdan az olmamaqla alirnent alınaraq 18 iyul 2017-ci il - tarixdə doğulmuş X4 yetkinlik yaşma çatana qədər saxlanması üçün X5 verilməsi, habelə 31 yanvar 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləği ilə 50 (əlli) manat alirnent alınaraq 18 iyul 2017-ci il tarixdə doğulmuş X3 3 (üç) yaşı tamam olanadək X5 verilməsi qət edilmişdir. Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. İsmayıllı Rayon Məhkəməsi 31 yanvar 2020-cu il tarixli 2(037)-51/2020 saylı qətnaməsi ilə iddiaçının xeyrinə cavabdehdən hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında, lakin hər ay sabit pul məbləği ilə 150 (bir yüz əlli) manatdan az olmamaqla aliment və əlavə olaraq 50 manat tutulmasını müəyyənləşdirmişdir. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göründüyü kimi, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması prinsipi əsas götürülməli və bir halda ki, cavabdeh bundan əvvəl məhkəmə qətnaməsi ilə müəyyən olunmuş miqdarda (150+50) manat miqdarında aliment ödəmişdirsə, hazırda alimentin miqdarının 200 manat müəyyən edilməsi uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ baxımından, həmçinin onun maddi tələbatlarının əhəmiyyətli dərəcədə artması səbəbindən iddia mahiyyət etibarı ilə əsaslıdır. Cavabdehin məhkəmə iclasında iddianın əsassız olması ilə bağlı gətirdiyi dəlil ondan ibarət olmuşdur ki, iddia tələbində qeyd edilən miqdarda aliment ödəmək iqtidarında deyildir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu hal onu iddiaçı ilə nikahından olan uşağının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Həmçinin məhkəmə cavabdehin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaya etiraz ərizəsində göstərilmiş əlavə xərclərin mövcüdluğu və miqdarı (özünün və yaxınlarının müalicə xərci) onu deməyə əsas veriri ki, onun əsas iş yerindən əlavə qazancı mövcüddur. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Həmçinin, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə də, qeyd edilənlərə əsasən Cavabdeh dövlət nəfinə 44 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İsmayıllı rayon məhkəməsinin 31 yanvar 2020-cu il tarixli 2(037)-51/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin və Cavabdeh İddiaçı xeyrinə 18 iyul 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 200 (iki yüz ) manat aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh dövlət nəfinə 44 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar