Məhkəmə qərarları › İş №2(010)-2563/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2563/2021

16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2563/2021 16.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını araşdıraraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra BOKT “xxxx” QSC) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh əsas borcu 1249.19 manat, həmçinin ərizəyə görə ödənilmiş 30.40 manat dövlət rüsumunun, ümumilikdə 1279.59 manat borcun iddiaçı BOKT “xxxx” QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 12 ay müddətinə qaytarılmaq şərti ilə 3000 manat məbləğində kredit verilmiş və bununla bağlı BOKT “xxxx” QSC ilə Cavabdeh arasında 23.11.2019-cu il tarixli, 149-EMB-1324-19 saylı kredit müqaviləsi bağlanmışdır. Hal-hazırda kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdehnın BOKT “xxxx” QSC-yə 29.03.2021-ci il tarixə əsas borcu 1249.19 manat, faiz 0 manat, cərimə borcu 0 manat olmaqla, ümumi borcu 1249.19 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət edilməsinə, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə 04.09.2020-ci il tarixli, 10547/20 saylı pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Göründüyü kimi cavabdeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində BOKT “xxxx” QSC-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasında baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə qanunvericiliyinin tələbini əsas götürərək işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: BOKT “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 23.11.2019-cu il tarixli, 149- EMB-1324-19 nömrəli müqavilədən görünür ki, bu müqaviləyə əsasən borcverən borcalana “xxxx” MMC-nin istehsal etdiyi mebelləri almaq məqsədilə 12 ay müddətinə, illik 0% dərəcəsi ilə 3000 AZN məbləğində kredit verməyi, borcalan isə müqavilə üzrə şərtləşdirilmiş qaydada krediti ödəməyi öhdəsinə götürür. Kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, 3000 AZN məbləğində borcun hər ay 250 manat olmaqla 12 ay ərzində ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. 29.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 23.11.2019-cu il tarixli, 149- EMB-1324-19 saylı kredit müqqaviləsi üzrə Cavabdehnın 29.03.2021-ci il tarixə əsas borcu 1249.19 AZN, faiz borcu 0 AZN, cərimə borcu 0 AZN, ümumi borcu 1249.19 AZN təşkil edir. 04.09.2020-ci il tarixli son xəbərdarlıqdan görünür ki, Cavabdeh müqavilə üzrə yaranmış borcu barədə məlumat verilmiş, borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi kredit məbləği üzrə əsas borcu tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. 284-6.3-cü maddəsinin tələbinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1249.19 manat məbləğində pul iddiaçı BOKT “xxxx” QSC -nin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçının xeyrinə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 23.11.2019-cu il tarixli müqavilə üzrə 1249.19 manat (min iki yüz qırx doqquz manat on doqquz qəpik) məbləğində pul və 30.40 manat (otuz manat qırx qəpik) məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar