Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2570/2025 25.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi X1 iclas katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 1750 manat məbləğində borcun, gecikdirilmiş müddət üçün bank faizinin və ödənilmiş 37.5 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, cavabdeh tərəfindən iddiaçıya borcun təminatı olaraq girov qoyulmuş “Macbook Apple M2” markalı, YMQK05QXHX modelli kompüterin cavabdehdən götürülərək hərracdan satılması, əldə olunan pul vəsaitinin iddiaçıya yaranmış borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkar olaraq 2022-ci il tarixdən ünvan 1 ünvanında yerləşən “Texno home” mağazasında məişət avadanlıqlarının satışı ilə məşğul olur. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus mağazadan nisyə alğısatqı müqaviləsi bağlayaraq, 3100 manata Macbook Apple M2 YMQK05QXHX modelli noutbook almış, malın pulunun 750 manatını ilkin ödəniş olaraq həyata keçirmiş, qalan 2350 manat məbləğini isə 12 ay ərzində, hər ay 195.83 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Eyni tarixdə cavabdeh iddiaçı ilə girov müqaviləsi bağlayaraq, iddiaçıya qaldığı borcun təminatı olaraq mağazadan aldığı nootbooku iddiaçıya girov qoymuşdur. Cavabdeh bu vaxt ərzində malın pulunun 600 manatını ödəmiş, 1750 manat borcu qalmışdır. Həmin pulu cavabdeh iddiaçıya ödəməkdən imtina edir.
İddia tələbinin dəqiqləşdirilməsi.
3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “xahiş edirəm” hissəsinin “gecikdirilmiş müddət üçün bank faizinin cavabdehdən tutulması” hissəsində nəzərə alınmamasını məhkəmədən xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə baxış iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
6. İddiaçı (Satıcı) və Cavabdeh (Alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 230531 nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı” “Macbook Apple M2 YMQK05QXHX” adlanan, ümumi alğı-satqı qiyməti 3100 manat olan əşyanı (avadanlığı) “Alıcı”ya verməyi, “Alıcı” isə əşyanı qəbul edib, 750 manat ilkin ödəniş edilməklə, qalıq 2350 manat məbləği 12 ay müddətində “Satıcı”ya ödəməyi öhdəsinə götürür.
7. İddiaçı (Girov saxlayan) və Cavabdeh (Girov qoyan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 230531 nömrəli girov müqaviləsinin surətindən görünür ki, “Girov saxlayan” və “Girov qoyan” arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 230531 nömrəli kredit şərtləri ilə mal alğı-satqısı haqqında müqaviləyə əsasən “Macbook Apple M2 YMQK05QXHX” adlanan, 3100 manat məbləğində olan əşyanın (avadanlığın) dəyərinin ödənilməsini təmin etmək məqsədilə “Girov qoyan” ona təhvil verilmiş həmin əşyanı özündə saxlamaq şərti ilə girov qoyur.
8. xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, alıcı Cavabdeh xx.xx.2023-cü il tarixli, 230531 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə borcundan ümumilikdə 1350 manat ödəmiş, satıcıya müvafiq müqavilə üzrə 1750 manat qalıq borcu qalmışdır.
İşin faktiki halları.
9. Cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən bir ədəd kompüter almış, aldığı malın pulunu ödəniş cədvəlinə uyğun olaraq hər ay hissəhissə qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq, müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, müqavilə üzrə ödənilməmiş borcu qalmışdır.
Tətbiq edilən hüquq.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 269. Girov və ipoteka hüququ anlayışı. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Maddə 270. Girovun və ipotekanın əmələ gəlməsi əsasları. 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Maddə 279. Girovla təmin edilən tələb. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 297. Girov qoyulmuş əşyanın realizə edilməsi (satılması). Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597. Satılan əşyanın qiyməti. 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
12. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda- 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.
Məhkəmənin mövqeyi.
13. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
14. Belə ki, iddiaçı ilə bağlanmış alğı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və iddiaçının cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Çünki iddiaçı bağlanmış alğı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən əşyanı borcluya vermişdir. Borclu isə bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda bunu lazımınca etməmişdir. Odur ki, cavabdehdən alğı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc tutularaq iddiaçıya verilməlidir.
15. Məhkəmə onu da qeyd edir ki, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 230531 nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi qanunvericiliklə müəyyən edilmiş qaydada və formada girov müqaviləsi bağlanmış, girov saxlayan nisyə alğı-satqı müqaviləsinin predmetini təşkil edən əşyanı girov predmeti kimi özündə saxlamaqla girov qoymuşdur.
16. Hazırda Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyi müəyyən edildiyindən cavabdehdən tutulan borc girov predmetinə yönəldilməli, yəni həmin əşya hərracda satılaraq əldə edilən vəsait hesabına cavabdehin iddiaçıya olan borcu ödənilməli, əgər satışdan əldə edilən vəsait borcun tam ödənilməsinə kifayət etməzsə, qalan borc cavabdehdən ümumi qaydada tutulmalı, əksinə, satışdan əldə edilən vəsait cavabdehdən tutulan borc məbləğindən artıq olarsa, qalıq vəsait cavabdehə qaytarılmalıdır.
Məhkəmə xərcləri.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı qanunla nəzərdə tutulmuş dövlət rüsumunu düzgün ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 37.9 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
19. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, 230531 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 1750 manat məbləğində pul vəsaiti və ödənilmiş 37.9 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməli, tutulma girov qoyulmuş və Cavabdeh saxlanılan əşyaya (“Macbook Apple M2 YMQK05QXHX”) yönəldilməklə, həmin əşya hərracda satılmalı, satışdan əldə olunan vəsait hesabına nisyə alğı-satqı müqaviləsi üzrə İddiaçı ödənilməmiş məbləğ həcmində ödəniş edilməlidir.
20. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 230531 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 1750 (min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti və ödənilmiş 37.9 (otuz yeddi manat doxsan qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Tutulma girov qoyulmuş və Cavabdeh saxlanılan əşyaya (“Macbook Apple M2 YMQK05QXHX”) yönəldilməklə, həmin əşya hərracda satılsın. Satışdan əldə olunan vəsait hesabına nisyə alğı-satqı müqaviləsi üzrə İddiaçı ödənilməmiş məbləğ həcmində ödəniş edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva