Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2587/2020 17.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx xxx 2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh onunla birgə münasibətlərindən doğulmuş, atası olduğu qızı xx.xx.2003-cü il təvəllüdlü X1 üçün həmin uşaq yetkinlik yaşına çatanadək hər ayda alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin həmin qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında yenidən baxılaraq həmin məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qərarı ilə cavabdehdən alınan alimentin məbləği artırılmaqla hər ayda 100 manat alimentin tutulması qərara alınmış həmin qərar icraya yönəldilərək bu qərarın əsasında xx xxxxx 2013-cü il tarixli icra vərəqəsi verilərək Suraxanı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hazırki iddiasını əsaslandıraraq məhkəmənin diqqətinə çatdırır ki, hazırki bazar iqtisadiyyatı şəraitində qiymətlərin günü-gündən artdığı bir vaxtda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və cavabdehin yalnız təxminən 1 il ay 6 ay ödədiyi, təxminən 16 il olar ki, ümumiyyətlə ödəmədiyi yuxarıda göstərilən məbləğdə aliment himayəsində olan yetkinlik yaşına çatmamış qızının dolanışıq xərclərini heç cür ödəmir, iddiaçı özü heç yerdə işləməməklə qazanc əldə etmir, öz anasının himayəsində yaşayır, digər gəlir yeri yoxdur. Təsadüfi deyildir ki, bazar iqtisadiyyatını, qiymətlərin, yaşayış üçün xərclərin artmasını nəzərə alan dövlət başçısının qayğısı nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” ölkə üzrə uşaqlar üçün 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Bu isə o deməkdir ki, hazırda bir uşağın yaşaması üçün ən azı 170 manat məbləğində vəsait tələb olunur. Məhkəməyə onu da bildirir ki, Cavabdeh rəsmi iş yeri olmasa da o, fərdi işlərdə çalışır və kifayət qədər gəlir əldə edir. Lakin o, doğma qızının yaşaması üçün könüllü olaraq heç bir əlavə vəsait xərcləmək, onun maddi təminatını artırmaq barədə düşünmür, yuxarıda qeyd etdiyi kimi, uzun illərdir ki, məhkəmə qətnaməsinə əsasən ödəməli olduğu 100 manat məbləğində alimenti ödəməkdən imkanı olduğu halda yayınmaqda davam edir, atalıq, valideynlik vəzifəsini unutmuşdur, düşünmək istəmir ki, ildən-ilə böyüyən qızının dolanışıq, yaşayış xərcləri də artır. Uzun illər ərzində öz doğma qızının yaşaması üçün köhnə aliment borcunu ödəməkdən yayınan Cavabdeh barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə Respublika Ədliyyə Nazirliyinin aidiyyəti qurumları qarşısında məsələ qaldırmışdır və bu məsələ həmin qurumlarda araşdırmaqdadır. Ona görə də hazırda respublikada uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artımını nəzərə alınmaqla cavabdeh tərəfindən azyaşlı uşağına görə cavabdeh tərəfindən ödənilməsə də, ödənilməli olan alimentin miqdarı məhkəmə qaydasında artırılmalıdır. Bununla əlaqədar İddiaçı Cavabdeh onunla birgə münasibətindən anadan olmuş yetkinlik yaşına çatmamış qızı xx.xx.2003-cü il təvəllüdlü X2 üçün məhkəmənin qətnaməsi ilə tutulması müəyyən edilmiş 100 (bir yüz) manat məbləğində alimentin miqdarının artırılaraq hər ayda 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilməsi və həmin məbləğin ondan məcburi qaydada tutulub ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə toplanmış sübutları və iş materiallarını araşdıraraq, hesab edir edir ki, iddia təmin edilməlidir. İş materiallarından olan Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 2(103)- 4962/12 saylı xx xxxxxx 2012-ci il tarixli qətnaməyə əsasən, Cavabdeh alınan alimentin məbləği artırılmaqla hər ay 100 manat aliment tutulmuşdur. Alimentin tutulması xx xxxxx 2012-ci il tarixdən müəyyən edilmişdir. Suraxanı rayon məhkəməsinin xx xxx 2006-cı il tarixli əmrin icraatına xitam verilmişdir. İş materiallarında olan Suraxanı rayon VVADQ tərəfindən xx.xx.2004-cü il tarixli, AZ-İ seriyalı, 553929 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx xxxxxx 2003-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2004-cü il tarixdə 1819 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Suraxanı rayon Əmircan qəsəbə inzibati dairəsi üzrə nüməyəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixli 939 nömrəli arayışa əsasən, X7 ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə iddiaçının izahatlarını və çıxışlarını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. X11 Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. “ Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “X9” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fıziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. "X9" Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. "X9" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “X9” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. xx xxxxxx 1989-cu il tarixdə qəbul olunmuş “X9” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Konvensiyasının 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“X9” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. İş materialları əsasında və məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx xxx 2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh onunla birgə münasibətlərindən doğulmuş, atası olduğu qızı X3 üçün həmin uşaq yetkinlik yaşına çatanadək hər ayda alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin həmin qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında yenidən baxılaraq həmin məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qərarı ilə cavabdehdən alınan alimentin məbləği artırılmaqla hər ayda 100 manat alimentin tutulması qərara alınmışdır. Məhkəmə zəruri olaraq qeyd etməyi hesab edir ki, iddiaçı tərəfindən 2012-ci ildən sonra alimentin artırılmasına dair məhkəməyə iddia ilə müraciət etməmiş, yalnız 2020-ci il tarixdə müraciət etmiş, bütün bu illər ərzində alimentin artırılmasını istəməmişdir. Uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir valideynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını təyin olunmuş alimentin uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına tərbiyyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsinə, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcllərindən az olmayan maddi təminat hüququ olmasını, hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, həmçinin uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşaqların mənafeyini, tələbatlarının artırılmasını və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin artırılması üçün qanuni əsaslar mövcuddur və uşağın gündəlik tələbatının artmasını nəzərə alaraq, iddianı təmin edilərək uşağın saxlanılması üçün 170 manat sabit pul məbləgində alimentin artırılmasını qət edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə, xx.xx.2003-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 100 (bir yüz) manat miqdarında aliment tutulmasına dair Bakı Apellyasiya məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(010)-4962/2012 saylı qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti və saxlanılması üçün aliment tutulan uşağın yaşı və tələbatı dəyişdiyinə görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş aliment məbləği 170 (bir yüz yetmiş) manatadək artırılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, məbləğlər arasında fərq nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən,Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməklə xx.xx.2003-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Aliment qətnamənin qanuni qüvvəyə mindiyi gündən ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-2587/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2587/2020
17.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver