Məhkəmə qərarları › İş №2(010)-2608/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2608/2021

27.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2608/2021 27.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə Suraxanı Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh X4 qarşı «alimentin miqdarının artırılması» tələbinə dair məhkəməyə müraciət edərək, təyin edilmiş aliment məbləğini artırılaraq 08.04.2011-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər hər ay 175 manat (bir yüz yetmiş beş) sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 09.07.2015-ci il tarixli 2(007)-1387/2015 saylı qətnaməsinə əsasən 110 manat alimentin Cavabdeh Pənah oğlundan tutularaq ona ödənilməsi qət edilmişdir. Sonradan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.07.2018-ci il tarixli 2(010)-4367/2018 saylı qətnaməsinə əsasən alimentin miqdarı dəyişərək 154 manat müəyyən edilmişdir. Hal-hazırda qızının 10 yaşı var, qət edilən 154 manat uşağın maddi ehtiyaclarını, xərclərini ödəmir. Belə ki, ötən dövr ərzində uşağın tələbatları artmışdır. Cavabdeh Pənah oğlu kifayət qədər gəlir əldə etsə də, uşağın saxlanılması üçün ona könüllü olaraq əlavə maddi köməklik etmir. Ona görə də qanun çərçivəsində alimentin miqdarı artılmalı, 08.04.2011-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər hər ay 175 manat (bir yüz yetmiş beş) sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh oğlu öz izahatına əsasən, başqa xanımdan bir qızı olduğunu və ona da aliment verdiyini, aylıq maaşının 300 manat olduğunu və bu səbəblərə görə alimentin artırılmasına etiraz etdiyini bildirmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə toplanmış sübutları və iş materiallarını araşdıraraq, hesab edir edir ki, iddia təmin edilməlidir. İş materiallarından olan Suraxanı Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment artırılması tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1387/2015 saylı, 09.07.2015-ci il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı qızının xeyrinə 08.04.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləği artırılması və 08.04.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvəyə mindiyi gündən başlayaraq hər ay 154 manat miqdarında aliment sabit pul məbləğində tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 iyun 2010-cu il nikah haqqında şəhadətnaməyə əsasən Cavabdeh və X2 nikahlarını 18 iyun 2010-cu il tarixdə bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 iyun 2010-cu il tarixdə 660 sayla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra kişiyə Kazımov soyadı, qadına isə Kazımova kimi qeyd edilmişdir. İş materiallarında olan Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən AZ-İİİ seriyalı 365261 saylı, 16 aprel 2011-ci il tarixli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X6 16 aprel 2011-cü il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 16 aprel 2011-ci il tarixdə 1224 sayla qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı BMT-nin Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsinə və 12.11.1989-cu il tarixli Uşaq Hüquqları Haqqında BMT Konvensiyasının 3, 20 və 26-cı maddələrinə əsasən uşaqlar barəsində görülən bütün tədbirlərdə ilk növbədə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın rifahı üçün zəruri olan təminat, müdafiə və qayğı məqsədilə bütün qanunvericilik tədbirlərini həyata keçirir, hər bir uşağın sosial, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyıb Milli qanunvericiliklərində bu hüququn həyata keçirilməsi üçün lazımi tədbirlər görməlidirlər. «Uşaq hüquqları haqqında» qanunun 13-cü maddəsində aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir valideynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını təyin olunmuş alimentin uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsinə, qida rassionlarına uyğun şəkildə qidalanması, təhsili ilə bağlı xərclərin mövcudluğunu və bununla da hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın gündəlik tələbatının artmasını nəzərə alaraq, iddianın təmin edilərək uşağın saxlanılması üçün aylıq 175 manat məbləgində alimentin artırılmasını qət edilməsini məqsədə müvafiq hesab edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, məbləğlər arasında fərq nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Suraxanı Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməklə 08.04.2011-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay uşağa görə 175 (bir yüz yetmiş beş) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Aliment qətnamənin qanuni qüvvəyə mindiyi gündən ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar