Məhkəmə qərarları › İş №2(010)-2635/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2635/2021

02.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2635/2021 02.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1/93 saylı evin 87 saylı mənzilindən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı Cavabdeh ilə 11 iyun 2002-ci il tarixdə rəsmi nikaha daxil olaraq cavabdehin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1/93 saylı evin 87 saylı mənzilə gəlin köçmüş və bu günə qədər göstərilən mənzildə qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1/93 saylı evin 87 saylı mənzilinə dair cavabdeh X2 adına 08.01.2004-cü il tarixli 179205 nömrəli Qeydiyyat Vəsiqəsi verilmişdir. Həmin tarixdən etibarən birgə təsərrüfat idarə etmişlər və birgə nikahlarından 09 avqust 2004-cü il təvəllüdlü X4 və 21 avqust 2005-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. 2017-ci ildə yaşadıqları mənzili onun yaxın qohumlarının verdikləri, eləcə də şəxsi vəsaiti hesabına yenidən yüksək səviyyədə tam təmir etmiş və mənzildə mətbəx mebeli quraşdırılmışdır. Mənzildə təmir işlərinin görülməsinə və mebelin quraşdırılmasına ümumilikdə 25000 (iyirmi beş min) manat vəsait xərcləmişdir. Xasiyyətləri uyğun gəlmədiyinə görə nikahın pozulmasına dair Suraxanı rayon Məhkəməsinə etdiyi müraciətə əsasən məhkəmə tərəfindən onunla cavabdeh arasında bağlanılmış nikahın pozulması, azyaşlı övladları 09 avqust 2004-cü il təvəllüdlü X3 və 21 avqust 2005-ci il təvəllüdlü X1 yanında qalmaları və onlar yetkinlik yaşına çatanadək hər bir uşaq üçün hər ay 175 manat olmaqla, cəmi 350 manat alimentin cavabdehdən alınaraq ona ödənilməsi barədə 07 aprel 2021-ci il tarixli qətnamə qəbul etmişdir. Aralarında bağlanmış nikah pozulsa da, o hazırda azyaşlı övladları ilə birlikdə həmin mənzildə yaşamaqda davam edir. Belə ki, onun başqa yaşayış yeri yoxdur, ona məxsus olan cehiz və şəxsi əşyaları da həmin mənzildə yerləşir. Cavabdeh isə onun həmin mənzildə yaşamasını istəmir. Ona görə də pozulmuş hüquqlarının bərpa olunmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübütlara qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1/93 saylı evin 87 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə 08.01.2004-cü ildən Cavabdeh məxsusdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 1793/2021 saylı 07.04.2021-ci il tarixli qətnaməsindən çıxarışdan müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsində bağlanmış 11.06.2002-ci il tarixli 229 sayla qeydə alınmış nikah pozulması, azyaşlı övladları 09 avqust 2004-cü il təvəllüdlü X3 və 21 avqust 2005-ci il təvəllüdlü X5 İddiaçı yanında qalmaları və 22.02.2021-ci il tarixdən hesablanmaqla onlar yetkinlik yaşına çatanadək hər bir uşaq üçün hər ay 175 manat olmaqla, cəmi 350 manat alimentin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Beləliklə, təqdim olunmuş sübutlar və verilmiş izahat əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 11.06.2002-ci ildə rəsmi olaraq nikaha daxil olmuş və həmin vaxtdan etibarən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1/93 saylı evin 87 saylı mənzilində yaşamışlar. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1/93 saylı evin 87 saylı mənzili Cavabdeh adına 08.01.2004-cü il tarixdə qeydiyyatdan keçmiş və hazırda adınadır. İddiaçı 2002-ci ildən hal-hazıradək həmin mübahisəli mənzildə fasiləsiz olaraq yaşayır və ona məxsus əmlaklar hazırda həmin mənzildədir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1793/2021 saylı 07.04.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsində bağlanmış 11.06.2002-ci il tarixli 229 sayla qeydə alınmış nikahın pozulması, azyaşlı övladları 09 avqust 2004-cü il təvəllüdlü X3 və 21 avqust 2005ci il təvəllüdlü X5 İddiaçı yanında qalmaları və 22.02.2021-ci il tarixdən hesablanmaqla onlar yetkinlik yaşına çatanadək hər bir uşaq üçün hər ay 175 manat olmaqla, cəmi 350 manat alimentin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikası MM-nin 27.3-cü madddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər 1991-ci il tarixdə yarandığından həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa catmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin ücüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından cıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köcürmək ixtiyarına malikdir. Həddi-büluğa catmamış uşaqların öz valideynlərinin yanına köcürülməsi ücün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köcmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat» haqqında Azərbaycan Respublikası qanununun 2-ci maddəsinin tələbinə görə şəxsi yaşayış yeri–tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçisi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə uyğun olaraq, şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarının 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı aylığa və daha uzun müddətə başqa yerə getməsi bu şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Vurğulanmalıdır ki, adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı cavabdehin razılığı ilə 2002-ci ildən həmin mənzilə gəlin köçərək orada cavabdehlə birlikdə fasiləsiz yaşadığından, onunla birgə təsərrüfat apardığından və onun həmin mənzildən istifadə hüququ yarandığından iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1/93 saylı evin 87 saylı mənzilinə istifadə hüquqı tanınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1/93 saylı evin 87 saylı mənzilinə istifadə hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar