Məhkəmə qərarları › İş №2(010)-2648/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2648/2024

01.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2648/2024 01.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə qətnaməsi ilə tutulmuş alimentin miqdarının artırılaraq, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)- 205/2021 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2016-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə xx.xx.2022-cü il tarixdən başlayaraq uşaq yetkinlik yaşma çatanadək hər ay 193 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Halhazırda X3 7 yaşı var. Suraxanı rayon Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2023-ci il tarixli, 2(010)-1743/2023 saylı qətnamədə qeyd olunmuş aliment məbləği uşağm heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşma çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023- cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Uşağın bütün qayğısı ehtiyacı tamamilə o çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq çox çətindir. Buna görə də "aliment məbləğinin artınlması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Tərəflərin izahatları

3. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

İş materialları

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1743/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir.

6. AZ-İİİ seriyalı, 846407 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2016-cı ildə doğulmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında X6 qeyd olunmuşdur.

İşin faktiki halları

7. Tərəflərin rəsmi nikaha daxil olması, rəsmi nikah münasibətlərinə daxil olmazdan əvvəl faktiki münasibətlərindən bir uşaqlarının olması, daha sonra tərəflər arasında nikahın pozulması, uşaqğın anasının yanında qalması və cavabdehdən iddiaçının xeyrinə hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması işin faktiki hallarıdır. Tərəflər arasında mübahisə obyektini tələb edilən alimentin məbləği təşkil edir. İddiaçı tərəf hesab edir ki, cavabdehdən övladı - xx.xx.2016-cı il təvəllüdlü X1 görə tutulan alimentin miqdarı artırılmalıdır. İddiaçı bu tələbində ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu qiymətlərinə əsaslanır. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz və ya mülahizə daxil olmamışdır.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

9. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

10. Uşaq Hüquqları haqqında Qanun

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

11. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə

6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

13. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.

Məhkəmənin mövqeyi

14. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

15. Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1743/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında cavabdehdən xx.xx.2016-cı il təvəllüdlü X3 xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı İsmayılova (Həsənova) Pərvanə Akif qızına verilməsi qət edilmişdir. Hazırki tələbdə iddiaçı övladının saxlanılması üçün tutulan aliment miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir. Məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilən aliment miqdarı hazırkı dönəm üçün yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X3 mənafeyinə uyğun deyildir. Çünki, keçən dövr ərzində yaşayış şərtləri dəyişmiş, qiymətlər infylasiyaya məruz qalmışdır. Bu hal şəraitin dəyişməsi kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan uşaq anasının – iddiaçının himayəsindədir və alimentin təyin edilməsindən hazırkı vaxta qədər keçən dövr ərzində şəraitin dəyişməsi ilk növbədə iddiaçının maddi vəziyyətinə təsir etmiş olur. Ona görə də, məhkəmə hesab edir ki, aliment məbləği artırılmalıdır. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Hazırkı halda tərəfin maddi və ailə vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduğunu və 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə dair iddiaçının tələbi təmin edilməli, məhkəmənin qərarına əsasən xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 235 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

16. Məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

Məhkəmə xərcləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

19. AR MPM-nin 112.1.3-cü maddəsinə görə, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

20. Odur ki, mediasiya xərci olaraq ödənilmiş 60 manat pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı və eyni zamanda hazırki iş üzrə aliment miqdarının artırılmış hissəsinə uyğun olaraq ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1743/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment miqdarı artırılaraq Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvə aldığı vaxtdan hesablansın. İş üzrə ödənilmiş 60 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilməli olan 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar