Məhkəmə qərarları › İş №2(010)-265/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-265/2022

12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-265/2022 12.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X3, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kredit müqaviləsi üzrə əsas borca görə 1310,20 manat, faiz borcuna görə 38.37 manat, cəmi 1349.20 manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X4 Edilməsi Agentliyi” MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-1B-183 saylı, 23 aprel 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC -yə verilmişdir. Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İslam Bankçılıq Departamenti ilə Cavabdeh arasında 08.10.2013-cü il tarixdə № 279/13 saylı “vakala” Borc Müqaviləsi bağlanmışdır. Qeyd olunan kredit müqaviləsinə və 18.12.2013cü il tarixli kassa məxaric orderinə əsasən cavabdehə 24 ay müddətinə 2947 manat məbləğində pul vəsaiti verilmişdir. Müqaviləyə əsasən kredit vəsaitindən istifadə müddəti 24 ay olsa da, cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh təhvil verilmiş akta əsasən müqavilə üzrə hazırda olan əsas borc üzrə 1310.83 manat, faiz borcu üzrə 38.37 manat olmaqla, cəmi 1 349.20 (min dörd yüz yetmiş səkkiz manat, 56 qəpik) manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh qarşı irəli sürülmüş iddia tələbinin əsassızdır. Belə ki, borc müqaviləsinə əsasən tozsoran alınması üçün kredit verilsə də, tozsoran nasaz olduğundan geri qaytarıldığından müqaviləyə xitam verilmişdir. Əgər Cavabdeh hər hansısa öhdəliyi qalmış olsaydı sonrakı illər ərzində məhkəməyə müraciət olunardı. Lakin belə bir hal baş verməmişdir. Müqavilə 08.10.2013 - cü il tarixdə 24 ay müddətinə bağlanmış və müqavilənin qüvvədə olma müddəti 08.10.2015 - ci il tarixdə bitməsinə bu illər ərzində məhkəməyə müraciət olunmamışdır. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il nəzərdə tutulduğundan iddiaçı iddia müddətini də buraxmışdır. Eyni zamanda 12 aprel 2022-ci il tarixdə məhkəməyə poçt vasitəsi ilə iddia müddətinin tətbiq olunması barədə ərizə göndərmiş və iddia müddətinin tətbiq edilməsini xahiş edir. Odur ki, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan 08 oktyabr 2013-ci il tarixli 279/13 №-li Kredit Müqaviləsindən görünür ki, borcverən "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən məişət avadanlıqlarının almaq məqsədi ilə ona 24 ay müddətinə illik 24 % olmaqla 3000 manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, Cavabdehnun Banka 08 oktyabr 2013-cü il tarixli Kredit müqaviləsi üzrə 1755,96 manat məbləğində əsas borcu və 695,88 manat məbləğində faiz borcu vardır. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 22 fevral 2022-ci tarixli 9/359 №-li Rəyi ilə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 08 oktyabr 2013-cü il tarixli 279/13 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq 08 oktyabr 2015-ci il tarixə (sualda göstərilən tarix) Cavabdeh İddiaçı QSC olan borcu 1489.03 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 1311,28 manat və faiz borcu üzrə 177.75 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh 08 oktyabr 2013-cü il tarixli 279/13 №-li Kredit Müqaviləsi ilə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş və "xxxx" ASC-yə ödənilməli olan əsas borcu, əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bağlanmış 08 oktyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia tələbi iddiaçı tərəfindən məhkəməyə tərəflər arasında mövcüd münasibətlərin yarandığı vaxtdan 36 aydan çox vaxt keçdikdən sonra müraciət etmiş, cavabdeh isə ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məsəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Həmin Məcəllənin 373.3.-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd olunan qanunvericiliyin tələbinə əsasən qeyd edir ki, tərəflər arasında bağlanmış 08 oktyabr 2013-cü il tarixli Kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia tələbi ilə məhkəməyə tərəflər arasında mövcud münasibətlərin yarandığı vaxtdan 36 aydan artıq müddət keçdikdən sonra müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Beləliklə də, son nəticədə məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən öhdəliyin icrasını tələb etmək üçün subyektiv hüquqa malikdir, lakin cavabdehin müddətin tətbiqinə dair ərizəsi qəbul edilməli və iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəllənin 373cü maddəsinin tələblərinə əsasən rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizəsinə əsasən təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar