Məhkəmə qərarları › İş №2(010)-2658/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2658/2021

19.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2658/2021 19.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh X6 etibarnamə üzrə nümayəndəsi (vəkili) Mehdiyev Feyzulla Abit oğlunun iştirakları ilə İddiaçı cavabdeh X7 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X4 2510 (iki min beş yüz on) manat məbləğində pul vəsaitinin (avtomobilinə vurduğu faktiki ziyanı, dəymiş ziyan məbləğinin), bundan əlavə avtomobil cavabdehin təqsiri ucbatından yararsız halda olduğundan istismara yararsız olduğu üçün əldən çıxmış fayda olaraq günü 60 manat olmaqla 20 gün müddətinə, 60x20 olmaqla 1800 manat pul vəsaitinin, ümumilikdə 4310 (dör min üç yüz on) manat pul vəsaitinin və ödənilmiş 31 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə iddia ərizəsinə əlavə verərək, cavabdeh X4 2510 (iki min beş yüz on) manat məbləğində pul vəsaitinin (avtomobilinə vurduğu faktiki ziyan, cavabdehin təqsiri ucbhatından əldən çıxmış fayda olaraq günü 60 manat olmaqla 20 gün müddətinə, 60 manat x 20 gün olmaqla 1200 (bir min iki yüz) manat pul vəsaitinin, ümumilikdə 3710 (üç min yeddi yüz on) manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi həcminin azaldılması Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin göstərişinə uyğun olduğundan məhkəmə iddianın bu formada dəyişdirilməsini qəbul etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, X14 mülkiyyətində olan Mercedes Benz C180 markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobili üzərində idarə etmək, bağışlamaq, ipoteka qoymaq, qeydiyyat salmaq, qeydiyyatdan çıxarmaq və digər hərəkətlər etmək üçün ona 24.11.2020-ci il tarixdə etibarnamə vermişdir. O, da həmin avtomobili 24.11.2020-ci il tarixdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə arendaya vermişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətidə öz növbəsində 25.03.2021-ci ildə X8 Müqaviləsi bağlamaqla (10 nömrəli) təhvil-təslim aktı əsasında sözügedən avtomobili yol vərəqəsi əsasında idarə etmək üçün X7 vermişdir. X9 25.03.2021-ci il tarixdə Göygöl şəhəri A.Kazımov küçəsində sözügedən avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə yol nəqliyyat hadisəsi törətmişdir və həmin avtoavariya nəticəsində sözügedən avtomobilə 4010 (dörd min on) manat məbləğində ziyan vurmuşdur. Bununla bağlı X6 barəsində DYP əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda təqsirkar sürücü X6 izahatı alınmışdır. O, hadisəni törətməsini səmimi etiraf etmişdir. Avto qəza zamanı sözügedən avtomobilə dəymiş zərər 4010 ( dörd min on) manatdır və bu barədə 01.04.2021-ci il tarixdə Gəncə şəhər Avtoserviz müəssisəsinin mühəndis-məsləhətçisi tərəfindən ziyana dair Rəy tərtib edilmişdir. O, təqsirkarın ona dəymiş zərəri könüllü ödəməsini gözləsə də, o, həmin məbləği 1500 manat pul vəsaitini ona ödəsə də, yerdə qalan hissəsini ödəməkdən boyun qaçırmışdır. Bundan əlavə olaraq cavabdeh avtomobilinə vurduğu ziyanı ödəməməklə avtomobilinin hazırki günə kimi işləməməsinə səbəb olmuşdur. Cavabdeh dəymiş ziyana görə qalan məbləği ödəmək istəmir. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Mehdiyev Feyzulla oğlu məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, X9 isə 25.03.2021-ci il tarixdə avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, lakin avtomobil qəzası nəticəsində dəymiş 1500 manat ziyanı ödəmişdir. Bundan əlavə o hesab edir ki, iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, ziyan dəymiş avtomobil başqa şəxsin mülkiyyətindədir. İddiaçının tələbinin əsassız olduğunu, tərəfin öz adından iddia qaldırmalı olduğunu bildirərək iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş 25.03.2021-ci il tarixli X8 müqaviləsindən görünür ki, «İcarəyə verən» “xxxx” MMC-nin rəhbəri X10 mülkiyyət hüququ ilə ona məxsus olan Mercedes Benz C180 markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobilini «İcarədar» X6 mülkiyyətinə vermişdir. İş materiallarına əlavə olunmuş 25.03.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, “xxxx” MMC-nin mülkiyyətində olan, buraxılış ili 1997-ci il, Mercedes Benz C180 markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobil günü 60 (altmış) manat məbləğində X7 təhvil vermiş, X9 avtomobili qəbul edərək təhvil almışdır. İş materiallarına əlavə edilmiş 26.03.2021-ci il tarixli İnzibati Tənbeh vermə haqqında qərara əsasən X9 AR İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat inzibati cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə 1 saylı Avtokomission mağazası tərəfindən verilmiş 01.04.2021-ci il tarixli rəyindən görünür ki, Mercedes Benz C180 markalı ** CP *** dövlət qeydiyyat nişanlı qəzaya uğramış avtomobilə bazar qiymətini nəzərə almaqla 4010 manat məbləğində zərər hesablanmışdır. İş materiallarına əlavə edilmiş 24.11.2020-ci il tarixli etibarnamənin kserosurətindən görünür ki, mülkiyyətçi X2 Benz C180 markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək səlahiyyətini İddiaçı etibar etmişdir. Etibarnamə bir il müddətinə verilib və 24.11.2021-ci il tarixədək qüvvədədir. İş materiallarına əlavə olunmuş 25.03.2021-ci il tarixli yol vərəqəsindən görünür ki, «Təşkilat» “xxxx” MMC «Rent a Car 777» Ganja mülkiyyət hüququ ilə ona məxsus olan Mercedes Benz C180 markalı ** CP *** qeydiyyat nişanlı avtomobili «İdarə edən şəxs» X6 idarəçiliyinə vermişdir. Müqavilə 27.01.2020-ci ildən 27.01.2030-cu ilədək qüvvədədir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.1-ci maddəsinin tələbinə əsasən daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.3-cü maddəsinin tələbinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özkəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması qaydalarının 1.2.-ci bəndinə əsasən reyestrlərin tərtib edilməsi və aparılması hər bir növ daşınar əmlak, onun əmələ gəlməsi (istehsalı), həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barəsində məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların təzələnməsindən və ya silinməsindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Bu baxımdan qeyd etmək lazımdır ki, fiziki və hüquqi şəxslərin subyektiv hüquqları normativ hüquqi aktlarda (obyektiv hüquqda) ifadə olunmaqla, hüquq münasibətlərində səlahiyyətə çevrilir. Subyektiv hüquqa malik olan şəxslər bu hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olur. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı və yalnız onun belə hüquqa malik olduğu müəyyən edildikdən sonra cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığına münasibət bildirməlidir. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. İddia tələbi irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Beləliklə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, X14 mülkiyyətində olan Mercedes Benz C180 markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək səlahiyyətini İddiaçı etibar etmişdir. Musayev X5 Benz C180 markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etmək məqsədilə “xxxx” MMC-yə etibarnamə vermişdir. Avtomobil “xxxx” MMC tərəfindən yol vərəqəsi əsasında X6 idarəçiliyinə verilmişdir. X1 tərəfindən idarə olunan zaman 25.03.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş və avtomobilə maddi zərər vurulmuşdur. Məhkəmə hesab edir ki, mübahisəli avtomobil X11 mülkiyyətində olduğundan və iddiaçının avtomobilə dəymiş ziyanı başqa şəxsdən tələb etmək hüququ yaranmadığından iddia tələbi təmin oluna bilməz. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X7 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçı cavabdeh X7 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar