Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2660/2023 08.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh ilə birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2015ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün sabit aliment qismində 220 manat, cəmi 660 manat miqdarında alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Mən Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşam. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X5 adlı uşaqlarımız anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X2 üçün hər ay hər uşaq üçün 160 manat məbləğində və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün 100 manat, cəmi 420 manat alimentin tutulması qət edilmişdir. Cavabdehin ödədiyi məbləğ hazırda nisbətətən daha aşağı bir məbləğdir. Məhkəmə tərəfindən təyin olunmuş aliment məbləği hazırda uşaqların saxlanması üçün kifayət etmir. Hər bir uşağın gündəlik tələbatı, sağlamlığı və ümumiyyətlə cəmiyyətə layiqli bir insan kimi yetişməsi üçün kifayət qədər vəsait tələb olunur. Məhkəmənin bir neçə il əvvəl təyin etdiyi aliment məbləği uşağın bu günkü tələbatına kifayət etmir. Cavabdeh kifayət qədər qeyri-rəsmi gəlir əldə edir. Mediasiya prosesində də razılıq əldə edilməmişdir”.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdehlə birgə nikahından olan üç oğlu ilə birlikdə Günəşli qəsəbəsində atasının evində qalır. Cavabdehlə ailəli olduqları dövrdə o, neft şirkətində işləmiş, maaşını az desə də 1200 manat maaş almışdır. Bildiyi qədərilə hal-hazırda orada işləmir. Cavabdeh hər ay 420 manat aliment ödəyir və aliment borcu yoxdur. O özü texnikum bitirmişdir və piano müəllimidir. Lakin işləyə bilmir. Ona görə ki, cavabdeh onun əmək kitabçası və diplomunu özündə saxlamışdır. O isə cavabdehin qızıllarını özündə saxlamışdır. Belə ki, qızıllardan biri cavabdehə alınmış nişan üzüyüdür. Digərləri isə iki qızıl saatdır. Qızıl saatlardan qadın üçün olanı cavabdehin nənəsi tərəfindən onun qoluna taxılmışdır. Kişi üçün olanı isə cavabdehindir. O, bu qızılları vermək istəmir. Belə ki, həmin qızılları uşaqların sığortası üçün saxlayır. Cavabdeh ata kimi uşaqlarına qarşı məsuliyyət hiss etmir, görüş günlərində uşaqları təhqir edir. Cavabdehin ödədiyi aliment uşaqların xərclərini ödəməyə kifayət etmir. Hesab edir ki, cavabdeh artırılmış alimenti ödəyə bilər. Belə ki, onun Hövsan qəsəbəsində kirayə verdiyi evi var. Hansı ki, həmin evi cavabdeh birgə nikah dövründə tikmiş, nikahda olan vaxt həmin evdən hər ay 120 manat kirayə almışdır. Uşaqlar hazırlıq kurslarına gedir və hazırda cavabdehdən tutulan alimentin artırılmasına zərurət var. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının alimentin artırılması tələbinə dair iddiasını qəbul etmir. Belə ki, alimentin təyin edildiyi dövrlə müqayisədə iddiaçının ailə və ya maddi vəziyyətində dəyişiklik olmamış, onun həyatında diqqətəlayiq hər hansı bir hal baş verməmişdir. Əksinə, öz həyatında dəyişiklik baş vermək üzrədir. Belə ki, o, işsizdir və hər ay 420 manat alimenti çətinliklə ödəyir. Artıq dörd ildir ki, iddiaçı ondan ayrı yaşayır. Bu müddət ərzində hesab etmişdir ki, ailə münasibətləri normallaşacaq. Lakin artıq əmindir ki, bu qeyri-mümkündür və yeni ailə qurmaq qərarına gəlmişdir. Hazırda qüvvədə olan qanunvericiliyin tələbinə görə əvvəlki nikah münasibətləri pozulmadan yeni nikah münasibətlərinə daxil olunması qadağandır. O, hazırda fəhlə işləyir və muzdlu iş görərək gündəlik 15-20 manat pul qazanır. Aylıq gəliri 500 manat olur və onun 420 manatını alimentə verir. Hazırda Qaraçuxurda atası evində qalır. İddiaçının dediyi kirayə ev də atasınındır və hazırda kirayədə deyil. Onun iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə imkanı yoxdur. Lakin əgər iddiaçı uşaqlara baxa bilmirsə, uşaqları baxmaq üçün ona verə bilər. Onun yeni ailə quracağı xanım üç oğlunu da qəbul edib və onlara baxmağa razıdır. Həmçinin iddiaçının diplomunu özündə saxladığını qəbul edir. Lakin bunun səbəbi iddiaçının onun qızıllarını qaytarmamasıdır. Belə ki, ona nişanlı vaxtı alınan qızıl üzük, nənə-babasından qalma qədimi qızıl saatlar iddiaçıdadır və iddiaçı onları qaytarmır. İddiaçı onun qızıllarını qaytarsa, o da onun diplomunu qaytarar. Ona iddiaçının diplomu lazım deyil. Həmçinin iddiaçı cehiz əşyalarını, mebellərini, nikahda olduqları dövrdə atasının aldığı soyuducunu hələ götürməmişdir. İstənilən vaxt həmin əşyaları iddiaçının istədiyi yerə aparıb boşalda bilər. Lakin diplomu ancaq qızılları qaytararsa verəcək. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Belə ki, o, ailə qurmaq niyyətindədir və yeni ailəsinə də baxmalıdır. Hazırda ödədiyi alimenti başqalarından yardım alaraq ödəyir. Bu vəziyyətdə daha artıq məbləğdə aliment ödəyə bilməz. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
İş materialları.
5. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 273854 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 1173 nömrə ilə qeyd edilmişdir.
6. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 545491 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2010-cu il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 3049 nömrə ilə qeyd edilmişdir.
7. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 460398 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 215 nömrə ilə qeyd edilmişdir.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 6411/2019 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh birgə nikahından anadan olmuş uşaqları xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər biri üçün 160 manat, xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində, cəmi 420 manat məbləğində alimentin xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ödənilməmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
İşin faktiki halları.
9. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2010cu il təvəllüdlü X9 və xx.xx.2015-cı il təvəllüdlü X5 doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah hələ pozulmamışdır.
10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş və İddiaçı yanında qalan üç uşağın saxlanılması üçün Cavabdeh hər ay 420 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
13. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
14. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.
Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
15. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
17. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Məhkəmənin mövqeyi.
20. İşin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlar hazırda iddiaçının yanında qalırlar. Bu baxımdan məhkəmə hesab edir ki, uşaqları yanında saxlayan, onların saxlanılmaları ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşaqların saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, uşaqların yaşları artdıqca onların saxlanılma xərcləri, eləcə də onlar üçün müəyyən edilmiş yaşayış minimumu da artır ki, bu da özlüyündə uşaqları yanında saxlayan iddiaçının maddi vəziyyətində dəyişliklik yaradır.
21. Digər tərəfdən, nəzərə alınmalıdır ki, cari ildə uşaqların saxlanılması üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğ (220 manat) tərəflərin birgə nikahından doğulmuş uşaqlara da şamil edilməlidir. Bununla belə məhkəmə hesab edir ki, uşaqların saxlanılmaları üçün müəyyən edilmiş minimum istehlak səbətinin təmin edilməsinin yalnız valideynlərdən birinin, yəni atanın üzərinə qoyulması nəticəsinə gəlmək ədalətli hesab edilə bilməz.
22. Həmçinin məhkəmə iclasında iştirak edən cavabdeh sabit iş yeri olmadığını, fəhləlik edərək günlük muzd qazandığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı da bunu mübahisələndirməmiş, lakin cavabdehin evini kirayə verərək əlavə gəlir qazandığını iddia etmiş, öz növbəsində cavabdeh bunu qəbul etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin miqdarı müəyyən edilərkən cavabdehin maddi vəziyyəti də nəzərə alınmalıdır.
23. Yuxarıda qeyd edilən halları nəzərə alan, lakin hər bir halda uşaqların maraqlarını üstün tutan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşaqların üstün maraqlarına uyğundur.
24. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Bu baxımdan məhkəmə hesab edir ki, bu qətnamə ilə miqdarı artırılmış alimentin tutulmasına bu qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır.
Məhkəmə xərci.
25. Alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (600x12=7200 manat) mütənasib olan 92 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
26. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2015ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-6411/2019 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa 200 manat olmaqla, 600 manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-2660/2023 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub iddiаçı İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilməmiş 92 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.
27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-6411/2019 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, 600 (altı yüz) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-2660/2023 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 92 (doxsan iki) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva