Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2664/2024 06.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iddia ərizəsində qeyd edilənlər nəzərə alınmaqla öz qanunsuz hərəkətləri ilə ona vurulan maddi zərərə görə 5.600 manat məbləğində pulun və iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 76 manat məbləğində dövlət rüsumunun, cəmi 5676 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehin əvvəldən 3000 manat borcu olmuşdur. Daha sonra xaricdən elektrik mallarının gətirilməsi məqsədilə cavabdeh ondan 6500 manat pul istəmişdir. O da dostu Sədidən 6000 manat almış, üzərinə 500 manat da öz pulundan qoyaraq cavabdehə vermişdir. Cavabdeh həmin məbləği geri qaytarmağı gecikdirmişdir, söz verdiyi vaxta tam şəkildə geri qaytara bilmədiyi üçün 3 dəfə olmaqla hər dəfəsində 700 manat pul vermişdir. Həmin pul əsas borca aid deyil. Gecikdirməyə görə faizdir. Cavabdehə verdiyi pulu Sədidən aldığı üçün Sədi onu məhkəməyə vermişdir. Həmin işə Bakı Kommersiya Məhkəməsində baxılmışdır. İndi cavabdeh borcunu qaytarmalıdır ki, o da Sədiyə olan borcunu qaytarsın. Mülki işin məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq göndərilməsinə etiraz edir, çünki biznesin işə aidiyyəti yoxdur və aralarında meydana gələn mübahisə borcun alınmasından yaranmışdır. Odur ki, işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etdiyini bildirdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçıdan iş qurmaq məqsədi ilə pul almışdır. Pulu artıqlaması ilə qaytarmışdır. İddiaçı pulu ona iş qurmaq məqsədilə faizlə qaytarılmaq şərtilə vermişdir. Mülki işin məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq göndərilməsinə etiraz etmədiyini bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. İstinad olunan prossesual hüquq normalarının tələblərindən aydın olur ki, qanunverici mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olmasını müəyyən edərkən işdə iştirak edən şəxslərin subyektiv tərkibinin, mübahisənin predmetinin və hüquq münasibətlərinin xarakterinin nəzərə alınmasını, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyinin aşkar olunduğu halda isə işin aidiyyəti məhkəməyə göndərilməsini tələb edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Hazırki iş üzrə tərəflərin elektron məhkəmə informasiya sistemindən sorğulanmış məlumatlarına əsasən, tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs statusuna malikdirlər. Belə ki, hər iki şəxsin aktiv VÖEN-ni (İddiaçı – **********; Cavabdeh - **********) vardır. İddiaçı avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşınma sahəsində nəqliyyat ekspedisiya xidmətləri ilə, Cavabdeh isə dam örtüklərinin pərakəndə satışı ilə məşğul olmaq üçün vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdirlər. Həmçinin onlar arasında yaranan mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən yaranmışdır. Belə olan halda məhkəmə aidiyyəti qaydasında bu işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılması istisna edilir. Belə ki, məhkəmə aidiyyəti qaydalarının pozulması son nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən “hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ”nun təminatını pozmuş olur. Beləliklə, məhkəmə tərəflər arasında yaranmış mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olmasını nəzərə alaraq hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Cavabdeh qeydiyyat yeri üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 263, 264, 267 və 268-ci mаddələrini rəhbər tutаrаq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-2664/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2664/2024
06.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver