Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2697/2023 29.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh 3000 (üç min) manat borc məbləğinin, müqavilənin bağlanması üçün ödənilmiş 115 (bir yüz on beş) manat pulun və ödənilmiş dövlət rüsumuna görə 50 manat, cəmi 3165 (üç min bir yüz altmış beş) manat məbləğində pul vəsaitinin iddiaçıya verilməsi. İddia tələbinin dəlilləri İddiaçı X4, Cavabdeh bir nələr qohumunun vasitəsi ilə qapı ustası kimi tanımışdır. Ramini usta kimi tanıdıqdan sonra yeni tikdirdiyi fərdi yaşayış evinə qapılar sifariş etmək üçün onunla 2022-ci ilin dekabr ayının əvvəllərində Kürdəmir rayonunda görüşmüşdür. Raminlə söhbətləşib ona 8 ədəd qapı sifariş vermiş və bunun müqabilində 6500 manata razılaşmışdır. Ramin ona bildirmişdir ki, 8 ədəd qapının sifarişi üçün qabaqcadan 3000 manat verməli və 2023-cü ilin yanvar ayının ortalarında isə qapıları təhvil verdikdən sonra qalan 3500 manat pulu həmin vaxtı verəcək. İddiaçı cavabdehlə deyilən qaydada razılaşmış, lakin onunla şifahi qaydada razılaşmasına baxmayaraq. 3000 manat pulu Cavabdeh rəsmi qaydada vermək qərarına gəlmişdir. Bunun üçün birlikdə xx.xx.2022-ci il tarixdə Kürdəmir rayonu Asan xidməti mərkəzində yerləşən notariat ofsinə gedib aralarında borc müqaviləsi bağlanmışdır. Cavabdeh 2023-cü ilin yanvar ayının ortalarınadək üzərinə götürdüyü öhdəliyi yerinə yetirib 8 ədəd qapını iddiaçıya təhvil verməli, yada ki, müqaviləyə əsasən xx.xx.2023-cü il tarixədək 3000 manat pulu iddiaçıya qaytarmalı idi. Cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etmədi. Ona görədə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 3000 (üç min) manat və müqavilənin bağlanması üçün ödənilmiş 115 (bir yüz on beş) manat pulun alınıb iddiaçıya verilməsini istəyir. Tərəflərin izahatları İddiaçı X4 iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, X1 Ramin Alxan oğluna xx.xx.2023cü il tarixinədək qaytarmaq şərti ilə 3000 (üç min) manat məbləğində borc vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1 Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 759.2 Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.1 Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2 Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3 Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə müəyyən edir ki, tərəflər arasında azad surətdə müqavilə bağlanmışdır. İddiaçı müqavilə şərtlərinə uyğun olaraq öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə podrat müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmişdir. Belə olduğu halda yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından məhkəmə hazırki iddia tələbi üzrə cavabdehin hərəkətlərini öhdəliyin icra edilməməsi kimi qiymətləndirir və bu nəticəyə gəlir ki, sonuncu sifarişçiyə dəymiş zərərin əvəzini ödəməli, yəni öhdəliyini icra etməməsi ilə bağlı iddiaçıya müqavilə üzrə aldıqlarını qaytarmalıdır. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə 3000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
Məhkəmənin gəldiyi nəticə Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh 3000 (üç min) manat borc məbləği, müqavilənin bağlanması üçün ödənilmiş 115 (bir yüz on beş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh podrat müqaviləsi üzrə vurulmuş zərərə görə 3000 (üç min) manat, müqavilənin bağlanması üçün ödənilmiş 115 (bir yüz on beş) manat və ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat olmaqla, cəmi 3165 (üç min bir yüz altmış beş) manal məbləğində pul vəsaiti tutularaq iddiaçı X2 xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova