Məhkəmə qərarları › İş №2(010)-2701/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2701/2024

08.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2701/2024 08.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi , İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. 1.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 4000 manat pul vəsaitinin və ödənilmiş 60 manat dövlət rüsumunun alınaraq ona (iddiaçıya) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan əvvəlcə 2000 (iki mn) manat, ikinci dəfə 2000 (iki min) manat, üçüncü dəfə isə 500 (beş yüz) manat olmaqla, ümumilikdə 4500 manat borc pul almışdır. Həmin borcun alınmasından bir neçə il keçdikdən sonra o, cavabdehə borc verdiyi pul məbləğinin qaytarmasını tələb etmişdir. Cavabdeh həmin borcdan ona 500 (beş yüz) manat qaytarsa da, yerdə qalan 4000 (dörd min) manatı isə ayrı-ayrı bəhanələr gətirərək ona qaytarmaqdan yayınmağa başlamışdır. Bu səbəbdən o, məcbur qalaraq polisə iki dəfə şikayət etmişdir. Cavabdeh Polis şöbəsində yalan ifadə verərək guya həmin pulun bir hissəsini ona qaytardığını və cəmi 2600 (iki min altı yüz) borclu olduğunu bildirmişdir. O, cavabdehin yalan ifadə verdiyini və onunla üzləşdirilməsini tələb etsə də, heç bir faydası olmamışdır. Polis şöbəsində cavabdeh barəsində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edildi və ona bu işin mülki iş olduğu üçün məhkəməyə müraciət etməsi izah olunmuşdur. Cavabdeh hələ də ona borclu olduğu həmin 4000 (dörd min) manat pul məbləğini ona qaytarmamışdır. Hal-hazırda həmin pulun cavabdehdən alınıb ona qaytarılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh onun ögey əmisinin oğludur. Belə ki, o, 2015-ci il tarixdə özünə məxsus olan mənzilini satmışdir. Cavabdeh ona təcili pul lazım olduğunu və tez bir zamanda qaytaracağını bildirmişdir. O, hissə-hissə cəmi 4500 manat pulu cavabdehə vermişdir. Lakin bir müddət keçdikdən sonra ona pul lazım olduğunu və ona olan borcu qaytarmasını cavabdehdən xahiş etmişdir. Cavabdeh isə hər dəfə bir bəhanə gətirərək borcu qaytarmaqdan yayınmışdır. Bununla bağlı olaraq o, cavabdehin hərəkətləri barədə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət etmişdir. Cavabdeh polis bölməsində izahat verərək 3600 manat pulu almasını etiraf etmiş, lakin həmin puldan 1000 manatını qaytardığını etiraf etmişdir. Lakin cavabdeh ondan 4500 manat pul vəsaiti almış və həmin puldan yalnız 500 manat pul vəsaitini geri qaytarmışdır. Hazırda cavabdehin ona cəmi 4000 manat borcu vardır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır.

İş materialları.

5. xx.xx.2021-ci il tarixli Sabunçu RPİ-nin 12-ci PŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqında qərarın surətindən görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

6. Cavabdeh Sabunçu RPİ-nin 12-ci PŞ-də verdiyi izahatdan müəyyən olunur ki, Cavabdeh özü etiraf edərək bildirmişdir ki, İddiaçı onun əmisi qızıdır. İddiaçı bir neçə il bundan qabaq evini satıb pulunu Rusiyada yaşayan oğluna göndərmişdir. Ev alana qədər o, həyat yoldaşı ilə danışıb Nazlının onlarda müvəqqəti yaşamasına köməklik göstərmək qərarına gəlmişdir. Nazlı onlarda təxminən 6-7 ay yaşamış və onun maddi sıxıntılarını görüb onun bir neçə borcunu bağlamışdır. O, Nazlıdan 3600 manat pulu təxminən 3 il bundan qabaq hissə-hissə olaraq borc kimi almışdır. Onunla hər hansı bir iş görmək fikrində olmamışdır. Çünki o, işlədiyi yerdən başqa heç bir işlə məşğul olmamışdır. Nazlıdan almış olduğu 3600 manat pulun 1000 manatını Nazlının oğlunun dostuna ayda 200 manat olmaqla qaytarmışdır. Onun İddiaçı hal-hazırda 2600 manat borcu qalmışdır. Onun maddi vəziyyəti yaxşı olmadığından Nazlıdan aldığı pulu qaytara bilməmişdir. O, Nazlıya təklif etmişdir ki, ayda hissə-hissə olaraq pulunu qaytarmağa ona şərait yaratsın. Lakin Nazlı onunla razılaşmamış və bu səbəbdən pulu qaytara bilməmişdir.

İşin faktiki halları.

7. İddiaçı iddia edir ki, cavabdeh ondan 4500 manat pul vəsaiti almış, həmin borc məbləğindən 500 manat qaytarmış və ona cəmi 4000 manat borcu mövcuddur. Cavabdeh Sabunçu RPİ-nin 12-ci PŞ-də verdiyi izahatdan müəyyən olunur ki, o, Nazlıdan 3600 manat pulu təxminən 3 il bundan qabaq hissə-hissə olaraq borc kimi almış və 1000 manat pulu hissə-hissə olaraq iddiaçıya qaytarmışdır.

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

9.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarı.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

11. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.

Məhkəmənin mövqeyi.

12. İşin hallarından görünür ki, İddiaçı iddia edir ki, cavabdeh ondan 4500 manat pul vəsaiti almış, həmin borc məbləğindən 500 manat qaytarmış və ona cəmi 4000 manat borcu mövcuddur. Cavabdeh Sabunçu RPİ-nin 12-ci PŞ-də verdiyi izahatdan müəyyən olunur ki, o, Nazlıdan 3600 manat pulu təxminən 3 il bundan qabaq hissə-hissə olaraq borc almış və 1000 manat pulu hissə-hissə olaraq iddiaçıya qaytarmışdır.

13. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.

14. Məhkəmə hesab edir ki, hazırkı halda sübut etmə yükü həm iddiaçı, həm də cavabdeh tərəfin üzərinə düşür. Belə ki, iddiaçı tərəf polis şöbəsində borc məbləğinin verilməsi ilə bağlı araşdırılma aparıldığını, cavabdehin borcun müəyyən hissəsini aldığını etiraf etdiyini, lakin cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edildiyini qeyd etmiş və bununla bağlı sənədləri məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəf isə polis şöbəsində verdiyi izahatda iddiaçıdan 3600 manat pul vəsaiti aldığını, lakin həmin vəsaitdən 1000 manat pul vəsaitini geri qaytardığını iddia etsə də, məhkəmə iclasına gəlməmiş və bununla bağlı olaraq sübut təqdim etməmişdir.

15. Məhkəmə hesab edir ki, hazırkı halda borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olmasına baxmayaraq, borc müqaviləsinin yazılı formasına riayət olunmasa da, cavabdeh tərəfin polis şöbəsində borcun etirafı barədə yazılı izahatı mövcuddur.

16. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə 4500 pul vəsaiti verdiyini və ondan beş yüz manat qaytarıldığını, cavabdeh tərəfin polis şöbəsində borcun etirafı barədə yazılı izahatı təqdim edərək cavabdehin ona borclu olmasını iddia edir, lakin cavabdeh 3600 manat məbləğində pul vəsaiti aldığını və 1000 manat pul vəsaitini geri qaytardığını iddia edir.

17. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəf 4500 manat verdiyini və cavabdeh tərəf isə 1000 manat pul vəsaitinin geri qaytarıldığını sübut edə bilmədiyindən (3600-500) 3100 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri.

18. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.

19. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi – 51 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3100 (üç min yüz) manat pul vəsaiti və 51 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 3100 (üç min yüz) manat pul vəsaiti və 51 (əlli bir) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar