Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2705/2021 08.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hаkim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas kаtibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3 və Cavabdeh4 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3 və Cavabdeh4 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3 və Cavabdeh4 tərəfindən edilən maneələrin aradan qaldırılmasına, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Alıcanov küçəsi 12 ünvanında onların mülkiyyətində olan 0.0834 ha torpaq sahəsi ilə onun yaşadığı evin həyətyanı torpaq sahəsinin arasında uzunluğu 65.7 metr təşkil edən sərhəd hasarının inşasına cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda yaşayır. Onun yaşadığı ev fərdi yaşayış evidir. Həmin torpaq sahəsini o, 1996-cı ildə pul verib almış və orada ev tikmiş, hal-hazırda da ailəsi ilə birlikdə orada yaşayır. İş üzrə cavabdehlər onun qardaşının arvadı və uşaqlarıdır. Cavabdehlər onun həm də qonşusudur. Lakin onların arasında olan münasibətlər pozulmuşdur. Belə ki, qardaşı Mehti ilə aralarında olan 65.7 metr təşkil edən sərhəd hasarının inşa edilməsi ilə bağlı maneələrin arada qaldırılması tələbi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə onun iddia tələbi təmin edilmişdir. Lakin, qardaşı vəfat etdiyindən onun uşaqları və arvadı hal-hazırda sərhəd hasarını çəkməkdən imtina edirlər. Belə olan halda o, məcburiyyət qarşısında qalıb həmin hasarı özü çəkmək istəyir. Artıq uzun illərdir ki, torpaq sahəsinə o sahiblik edir, oradan fasiləsiz və etirazsız istifadə edir. Hal-hazırda o, öz torpaq sahəsini sənədləşdirmək istəyir. Lakin bunun üçün torpaq sahəsində hasarlanma və mərzçəkmə işləri aparılmalıdır. Cavabdehlər mərzçəkmə işlərinin aparılmasından ötrü ona aralarında olan sərhəd hasarının çəkilməsinə maneçilik törədirlər, ona sərhəd hasarını çəkməyə qoymurlar. Belə olan halda məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə etdi ki, otuz ildir ki ticarətlə məşğuldur. O, 1996-1997-ci illərdə Bakıda on beş yerdə hər biri altı sot torpaq almış, lakin torpaq sahələrinin heç birinin hüquqmüəyyənedici sənədi olmamışdır. O, hazırda mübahisəli torpaq sahəsinin olduğu ərazidə üç ev tikmiş, bu evlərdən birini bacısına vermişdir. Bacısı sonradan həmin evi qardaşı X2 bağışlamışdır. Qardaşı Mehtinin ölümündən sonra onun arvadı və uşaqları torpağın sənədsizliyindən istifadə edərək ona məxsus torpaq sahəsini zəbt etmiş, onun tikdirdiyi obyektləri işlətməyə başlamışdır. Halbuki, torpaq sahəsini o almış, evi və obyektləri də o tikmişdir. Cavabdehlərin ona məxsus bu sahəni zəbt etmələri qanunsuzdur. Bundan əlavə, qardaşı Mehti özü məhkəməyə müraciət edərək onunla torpaq sahələri arasında 65.7 metr uzunluğunda sərhəd hasarının çəkilməsini xahiş etmiş, onun bu iddiası təmin edilmiş, qəbul edilmiş məhkəmə qətnaməsi yuxarı istansiya məhkəməsi tərəfindən də qüvvədə saxlanılmışdır. Lakin hazırda mərhum qardaşının ailəsi olan cavabdehlər bu hasarın çəkilməsinə mane olur. Odur ki, qeyd etdiklərini nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X6 məhkəməyə təqdim etdikləri iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçı onların mülkiyyət hüququndan danışarkən özünə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Yəni, iddia etdiyi torpaq sahəsinə dair istifadə və mülkiyyət hüququna aid əsas olmadan hazırkı iddianı irəli sürmüşdür. İddiaçının iddia etdiyi 65 metr uzunluğunda sərhəd hasarının tikintisini onlardan tələb etməklə ona aid olmayan torpaq sahəsini əldə etmək niyyəti qanunsuzdur. Bəli, 65.7 metr uzunluğunda və 12.7 metr enində torpaq sahəsi qanuni mülkiyyətlərindədir. Həmin bu 12.7 metr olan hissədə sənəd olan torpaq sahəsi iki hissədən ibarətdir. Onun bir hissəsini lap öncədən Xaliq hasarlayıb istifadəsinə götürmüşdür. Bir hissəsini isə texniki pasportda qonşu kimi göstərilən və A tikintisi deyilən tikilinin bir az yol tərəfə deyilən hissəyə hasarla olmaqla eni 6.3 metr enində hissə onların istifadəsindədir. Onun qarşısında da küçə hissəsində atası bir neçə obyekt tikib istifadəyə vermişdir. İndi iddiaçının da dərdi heç kəsin mülkiyyətində olmayan, lakin faktiki onların mülkiyyətində olan torpaq sahəsini mülkiyyət hüququnun olmaması əsası ilə şantaj və hədə-qorxu ilə əldə etməkdir. Məsələ belə bir yerə gəlib çıxıb ki, bu ilin 11 fevral tarixində iddiaçı ailə üzvləri ilə birlikdə həmin obyektlərə hücum edərək ona xəsarət yetirmişdir. Yalandan da polisə məlumat vermişdir ki, guya onlar hücum çəkir. Bir sözlə, bütün vasitələrdən istifadə edərək istifadəsində və sahibliyində olmayan torpaq sahəsini əldə etməyə çalışır. Bunu da mülki və cinayət hüquqi əsası ilə həll etməyə çalışır. İddiaçının tələbləri tamamilə əsassızdır. Eyni zamanda, iddiaçı hələ 18.02.2021-ci ildə müddətin bərpası ilə bağlı ərizəsi təmin edilməyəndə artıq bunu əvvəlcədən hiss edib dərk etmişdir ki, alternativ üsullardan istifadə etsin. Digər tərəfdən, özünün də qeyd etdiyi kimi qətnamələrdə onun hesabına tikilmə vəzifəsi qoyulmuşdur. Lakin tələbkar X4 vəfat etmişdir. İcranı tələb etmək qanunvericiliyə görə tələbkara aid məsələdir. Tələbkarın hüquqi varisləri müəyyən olunub icraata başlanılmalı və icra mərhələsində borclu müvafiq hərəkətləri etməlidir. Onların hələ icranı tələb etmək fikirləri yoxdur. Notariusda vərəsəlik işlərini yekunlaşdırdıqdan sonra İcra Şöbəsinə ərizə verəcəklər. Odur ki, qeyd etdiklərinə əsasən məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh3 digər cavabdeh X5 izahatına uyğun məzmunda izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdilər. Digər Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Kadastr və Ünvan Reyestr Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, buna baxmayaraq, Xidmətin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə Xidmətin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mübahisəli əraziyə yerində baxış keçirib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur Bələdiyyəsi tərəfindən verilmiş 07.06.2021ci il tarixli, 494 nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanının 2021-ci il üçün əmlak və torpaq vergisi borcu yoxdur. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21.04.2021-ci il tarixli, 437 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. Bakı Apellyasiya Məhkəməsinin 16.07.2019-cu il tarixli, 2(103)-9392/2019 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17.04.2019-cu il tarixli, 2(010)-26/2019 saylı qətnaməsi cavabdeh – qarşılıqlı İddiaçı münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Alıcanov küçəsi 12 ünvanında cavabdehlərin istifadə etdiyi torpaq sahəsi ilə onun yaşadığı evin həyətyanı torpaq sahəsinin arasında uzunluğu 65.7 metr təşkil edən sərhəd hasarının inşasına cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3 və Cavabdeh4 tərəfindən törədilən maneələrin aradan qaldırılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması gedişində müəyyən edilmişdir ki, İddiaçı hasar çəkmək istədiyi torpaq sahəsi nə İddiaçı, nə də cavabdehlərin xüsusi mülkiyyətində deyil. Həmin torpaq sahəsi üzərində yerləşən qanuni (texniki pasporta əsasən tikilmiş) tikililər, eləcə də torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evi mərhum X1 mülkiyyətində olmuş, onun ölümündən sonra hazırkı tarixədək həmin ev, digər tikili və torpaq sahəsindən mərhumun arvadı və uşaqları olan cavabdehlər istifadə etmiş, həmin evdə yaşamışlar. Bu hallar işin mübahisələndirilməyən hallarıdır və iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 16.07.2019-cu il tarixli, 2(103)- 9392/2019 saylı qətnaməsində də müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə tərəfindən mübahisəli əraziyə tərəflərin iştirakı ilə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçının hasar çəkmək istədiyi torpaq sahəsi cavabdehlərin istifadəsindədir. Bu torpaq sahəsindən hasarla ayrılmış qonşu sahədə iddiaçının evinin tikildiyi və hazırda iddiaçının istifadəsində olan torpaq sahəsi yerləşir. Cavabdehlərin istifadəsində olan torpaq sahəsinin tərəflərdən heç birinin mülkiyyətində olmadığını yerində məhkəmə baxışında iştirak edən tərəflər bir daha təsdiq etmişdir. Torpağın nə istifadəsində, nə də mülkiyyətində olmadığını mübahisələndirməyən İddiaçı buradan hasar çəkməklə bağlı mövqeyini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 16.07.2019-cu il tarixli, 2(103)-9392/2019 saylı qətnaməsi ilə bu hasarın çəkilməsi qət edilmişdir, buna baxmayaraq, cavabdehlər hasarın çəkilməsinə mane olur. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, iş materiallarında olan və iddiaçının istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin 16.07.2019-cu il tarixli, 2(103)-9392/2019 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17.04.2019-cu il tarixli, 2(010)-26/2019 saylı qətnaməsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Alıcanov küçəsi 12 ünvanında yerləşən və X1 mülkiyyətində olan 0.0834 ha torpaq sahəsindəki sahəsi 24 m2 olan V tikilisinin mərkəzi küçəyə baxan sol künc hissəsindən, küçəyə paralel şəkildə 12.7 metr ölçülməklə, həmin 12.7 metrlik hissəyə perpendikulyar şəkildə uzunluğu 65.7 metr təşkil edən sərhəd hasarının inşasına İddiaçı tərəfindən törədilən maneələrin aradan qaldırılması, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi qətnaməni İddiaçı münasibətdə mübahisələndirilən hissədə dəyişdirmədən saxlamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi hazırkı iddianın predmetini təşkil edən hasarın çəkilməsini qət etməmiş, sadəcə olaraq bu hasarın çəkilməsinə İddiaçı tərəfindən törədilən maneələrin aradan qaldırılmasını qət etmiş, işə İddiaçı apellyasiya şikayəti üzrə baxan apellyasiya məhkəməsi də qətnaməni mübahisələndirilən hissədə dəyişdirmədən saxlamışdır. Yəni, iddiaçının qeyd etdiyindən fərqli olaraq, hazırda çəkilməsini istədiyi hasarın çəkilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi yoxdur. Bu səbəbdən də iş üzrə cavabdehlərin öz istifadələrində olan torpaq sahəsində iddiaçı tərəfindən hasar çəkilməsinə icazə verməməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsi kimi başa düşülməməlidir. Məhkəmə təkrar qeyd edir ki, müvafiq məhkəmə qətnaməsi ilə bu hasarın çəkilməsi qət edilməmiş, hasarın çəkilməsinə hazırkı iş üzrə iddiaçı tərəfindən maneələrin aradan qaldırılması qət edilmişdir. Bu isə o deməkdir ki, gələcəkdə iş üzrə cavabdehlər qətnamədə göstərilmiş hasarı çəkmək istəsələr iddiaçı buna mane ola bilməz. Lakin bu qətnamənin icrası heç bir halda nə iş üzrə iddiaçının, nə də cavabdehlərin üzərinə hansısa hasar çəkmək öhdəliyinin qoyulması ilə nəticələnmir. Bütün bu qeyd edilənlərə əsasən, məhkəmə iddiaçının Bakı Apellyasiya Məhkəməsinin 16.07.2019-cu il tarixli, 2(103)-9392/2019 saylı qətnaməsinə istinad edən arqumentlərini əsassız hesab edir. İddiaçı öz mövqeyini həmçinin, belə əsaslandırmışdır ki, cavabdehlərin istifadəsində olan mübahisəli torpaq sahəsi rəsmi olaraq sənədləşdirilməmiş olsa da onun tərəfindən alınmış və bacısına bağışlanılmış, bacısı sonradan bu torpağı qardaşına vermişdir. O, bu səbəbdən hesab etmişdir ki, torpaq sahəsinin faktiki sahibi özüdür və bu sahədən hasar çəkilməsini tələb edə bilər. Lakin, iş materiallarında olan və iddiaçının da istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin 16.07.2019-cu il tarixli, 2(103)-9392/2019 saylı qətnaməsindən görünür ki, yerli icra hakimiyyəti orqanı başçısının müvafiq sərəncamı ilə iddiaçının bacısına həmin ərazidə ev tikmək üçün torpaq sahəsi ayrılmış, daha sonra başqa bir sərəncamla istifadəyə verilmiş torpaq sahəsinin ölçüsü bir qədər artırılmışdır. Daha sonra, iddiaçının bacısı bu torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ üzrə xüsusi mülkiyyətçi kimi tanınmış və mülkiyyət hüquqları rəsmi qaydada dövlət qeydiyyatına alınmışdır. Sonradan, həmin ev bağışlama müqaviləsi əsasında iddiaçının bacısı X8 tərəfindən iddiaçının qardaşı X2 bağışlanılmış, X4 iş üzrə cavabdehlər olan ailə üzvləri ilə birlikdə bu evdə, mübahisəli torpaq sahəsində yaşamışdır. Sonradan, iş üzrə İddiaçı həm bacısının adına verilmiş sərəncamların, həm də müvafiq bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etsə də onun bu iddiası əsassız hesab edilərək təmin edilməmişdir. Bu baxımdan məhkəmə İddiaçı evin və mübahisəli torpaq sahəsinin faktiki sahibi olması ilə bağlı qeyd etdikləri ilə razılaşmır. İddiaçı tərəfindən qeyd etdiklərini təsdiq edən əlavə sübut kimi məhkəməyə təqdim edilmiş bələdiyyə arayışı isə sadəcə olaraq müvafiq torpaq sahəsinin cari dövrə əmlak və torpaq vergisi borcu olmadığını göstərir və bu sənəd torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənəd hesab edilə bilməz. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ünvan 2 ünvanında tikilmiş evin layihəsinin isə ümumiyyətlə iş üçün heç bir hüquqi əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Hazırkı işdən isə müəyyən edilir ki, iddiaçının hasar çəkmək istədiyi torpaq sahəsi üzərində hər hansı formada mülkiyyət hüququ yoxdur. Belə olan halda məhkəmə iddia tələbinin bütün dəlillərinə qiymət verərək iddianı buna subyekt subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmış hesab edir. Nəzərə alınmalıdır ki, Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Lakin bu zaman diqqətdən qaçırmaq olmaz ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi kimi məsələləri araşdırmalıdır. Qeyd edilməlidir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 30 iyul 2008-ci il Qərarı) Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Həmin mövqeni hazırkı işə tətbiq edərək məhkəmə hesab edir ki, cavabdehlərin istifadəsində olan torpaq sahəsində hasar çəkməyə maneə törədilməsinin cavabdehlərə qadağan edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün ilk növbədə iddia qaldıran tərəfin buna subyektiv hüququ olmalıdır. Hazırkı işdə isə İddiaçı mübahisəli torpaq sahəsinin nə mülkiyyətçisi, nə də istifadəçisi olmadığı aşkardır. Odur ki, İddiaçı bu cür iddiayla məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3 və Cavabdeh4 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia təmin edilməməlidir. Son olaraq, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3 və Cavabdeh4 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-2705/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2705/2021
08.06.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver