Məhkəmə qərarları › İş №2(010)-2707/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2707/2023

09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2707/2023 09.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh 11000 manat məbləğində borc və ödənilmiş 123 manat dövlət rüsumu olmaqla, cəmi 11123 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “2015-ci ildən Cavabdeh ilə ortaq dostumuzun vasitəsi ilə tanış olmuşuq. 2015-ci ildən hazırkı vaxtadək münasibətimiz yaxşı olmuş və dostluğumuz daha da möhkəmlənmişdir. Elçin 2018-ci ilin mart ayından məndən borc pul istədi və dedi ki, aprel ayında toyu olacağından maddi köməyə ehtiyacı var. Elçin 2018-ci ilin mart ayından 2019-cu ilin iyul ayınadək hissə-hissə ümumilikdə 15000 manat məbləğində məndən borc pul almışdır. Daha sonra 2021-ci ildə mənim direktor olduğum "xxxx" MMC-yə işə düzəldi. Elçin MMC-də işlədiyi dövrdə mənə olan borcundan hissəvi şəkildə ödəniş edirdi. Sonuncu ödənişi 2022-ci ilin dekabr ayında 500 manat ödəniş etməklə nəticədə ümumi borcdan cəmi 4000 manat ödəniş etmiş və 11000 manat borcu qalmaqdadır. Bundan sonra Elçin xx.xx.2022-ci ildə öz ərizəsinə əsasən işdən azad olmuşdur. İşdən azad olduqdan sonra o, borcunu ödəməkdən yayınmışdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etsəm də o, müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Cavabdehə vermiş olduğum məbləği başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdim. Lakin cavabdeh həmin məbləği vaxtında geri qaytarmadığına görə mən 11000 manat məbləğində pulu dəyərləndirə bilməmişəm. Buna görə də mən adi mülki dövriyyə şəraitində əldə edəcəyim gəlirlərdən məhrum olmuşam”.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işğaldan azad olunan ərazilərdə işlədiyini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddianın təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək bildirdi ki, iddiaçı ilə dost olmuş, aralarında heç bir yazılı müqavilə bağlanmadan iddiaçı ona hissə-hissə 15000 manat borc pul vermişdir. Borcu toyu ilə bağlı xərcləri çıxdığına görə almış, aldığı borcun 4000 manatını sonradan qaytarmışdır. İddiaçıya hazırda 11000 manat borcu var. Odur ki, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi.

İşin faktiki halları.

5. İddiaçı Cavabdeh 11000 manat məbləğində borc pul vermişdir. Lakin tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamışdır. Cavabdeh İddiaçı 11000 manat məbləğində borc aldığını və həmin borcu qaytarmadığını qəbul edir. O, məhkəmə iclasında bu barədə həm şifahi izahat vermiş, həm də məhkəməyə ərizə təqdim edərək iddianı qəbul etdiyini bildirmişdir.

Tətbiq edilən hüquq.

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220. Qətnamənin məzmunu. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

Məhkəmənin mövqeyi.

7. İşin hallarından görünür ki, cavabdeh tərəfindən iddia etiraf edilmişdir. Məhkəmə hesab edir ki, bu etiraf qanuna zidd deyil, həmçinin hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Belə ki, Cavabdeh qəbul edir ki, İddiaçılə aralarında bağlanmış şifahi borc müqaviləsinə əsasən iddiaçıdan 11000 manat məbləğində borc almış, lakin aldığı borcu qaytarmamışdır. Bununla da cavabdeh əhəmiyyətsiz əqd (borc müqaviləsi predmeti 3000 manatdan çox olduğu halda yazılı müqavilə bağlanmadığına görə) üzrə iddiaçıdan əldə etdiyi pul hesabına əsassız varlanmışdır.

8. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh iddianı etiraf etməsi həm qanuna uyğundur, həm də heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qəbul edilməli və iddia təmin edilməlidir.

Məhkəmə xərcləri.

9. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən 123 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

10. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən bu iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən ödənilmiş 123 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

11. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 11000 manat məbləğində borc və 123 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.

12. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 11000 (on bir min) manat məbləğində borc və 123 (yüz iyirmi üç) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar