Məhkəmə qərarları › İş №2(010)-273/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-273/2024

15.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-273/2024 15.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-840/2014 nömrəli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-2953/2019 nömrəli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X1 üçün cavabdehdən tutulan alimentin miqdarı artırılaraq hər ay 160 manat müəyyən edilmişdir. Hal-hazırda qızının 15 yaşı var. Məhkəmə tərəfindən müəyyən edilmiş aliment miqdarı uşağın tələbatlarını ödəməyə çatmır. Cavabdeh uşaqla maraqlanmır. Məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti vaxtlı-vaxtında ödəmir. Uşaq orta məktəbdə təhsil alır və xərcləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, həm özü, həm də qızı xəstədir və müalicə alırlar. Bununla bağlı sənədləri məhkəməyə təqdim etmişdir. Bu vəziyyətdə məhkəmə qətnaməsi ilə cavabdehdən tutulan aliment uşağın saxlanmasına kifayət etmir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, onun işi yoxdur. Yalnız iş düşəndə fəhləlik edir. Həmçinin yenidən ailə qurmuşdur və bu nikahdan da uşaqları doğulmuşdur. Hazırda onlara çətinliklə baxır və gücü çatdığı qədər iddiaçı ilə olan nikahından doğulmuş qızına köməklik etməyə çalışır. Lakin daha artıq aliment ödəməyə maddi imkanı yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

İş materialları.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 2953/2019 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh Şahsuvar oğlundan xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 160 manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

İşin faktiki halları.

6. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X4 doğulmuşdur.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş uşağın anasının yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 160 manat həddində müəyyən edilmişdir.

Tətbiq edilən hüquq.

9. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

10. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

12. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.

Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

14. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

15. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 112. İddianın qiyməti. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

18. İşin hallarından görünür ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaq hazırda iddiaçının yanında qalır. Bu baxımdan məhkəmə hesab edir ki, uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşağın saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, uşağın yaşı artdıqca onun saxlanılma xərcləri, eləcə də onun üçün müəyyən edilmiş yaşayış minimumu da artır ki, bu da özlüyündə uşağı yanında saxlayan iddiaçının maddi vəziyyətində dəyişliklik yaradır.

19. Məhkəmə hesab edir ki, cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (220 manat) tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Üstəlik, uşaq daimi olaraq iddiaçının yanında qaldığından ona qulluq edilməsi, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi diqqətəlayiq hal kimi nəzərə alınmalıdır.

20. Bu baxımdan məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan aliment miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşağın üstün maraqlarına uyğundur.

21. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.

22. Yuxarıda qeyd edilən halları nəzərə alan və hər bir halda uşağın maraqlarını üstün tutan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməlidir.

23. Miqdarı artırılmış alimentin tutulmasına nə vaxtdan başlanması ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda istinad edilmiş Ali Məhkəmənin Plenum qərarında da qeyd edildiyi kimi, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablandığından bu qətnamə ilə miqdarı artırılmış alimentin tutulmasına qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır.

Məhkəmə xərcləri.

24. Alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddia təmin edildiyindən iddianın qiymətinə (220x12=2640) mütənasib olan 46.4 manat məbləğində ödənilməmiş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

25. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-2953/2019 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-273/2024 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən hesablanmaqla hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməli, 50 manat məbləğində dövlət rüsumu cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilməli, ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-2953/2019 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-273/2024 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq, cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilsin. Ödənilməmiş 46.4 manat (qırx altı manat qırx qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar