Məhkəmə qərarları › İş №2(010)-2747/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2747/2023

22.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2747/2023 22.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5226/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və azyaşlı uşaqların ananın yanında saxlanılması” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında Qazax rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 413 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 anası İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir.

2. Qazax rayon icra və probasiya şöbəsinin rəisi X3 tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-5226 nömrəli xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə icraata icra sənədi tam olaraq icra edildiyi üçün xitam verilmişdir.

İşin faktiki halları

7. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə nikahın bağlanması və tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X1 doğulması, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5226/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında olan nikahın pozulması işin mübahisəsiz hallarıdır.

İddia tələbi

8. İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

9. Məhkəmə prosesində İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, aralarında olan nikah pozularkən məhkəmə tərəfindən ümumilikdə 400 manat aliment ödənilməsi müəyyən olunsa da, sonradan icra şöbəsində icraata xitam verilmişdir. Hazırda maddi cəhətdən pula ehtiyacı olduğu üçün yenidən aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh uşaqlara görə cəmi olaraq 200 manat aliment ödəyə biləcəyini qeyd etsə də, həmin məbləğlə uşaqları saxlamaq qeyri-mümkündür. Çünki həmin məbləğ heç bağça pulunu ödəməyə kifayət etmir, bundan əlavə uşaq məktəbəqədər hazırlığa gedir. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

10. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qismən qəbul edərək bildirdi ki, işləmir və bu səbəbdən iddiaçının tələb etdiyi həcmdə aliment ödəməyə imkanı yoxdur. O, hər ay uşaqlara görə ümumilikdə 200 manat aliment ödəyə bilər. Gələcəkdə işləyəcəyi və maddi imkanı yaxşılacağı halda özü könüllü olaraq artıq məbləğdə aliment ödəyəcəkdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın qismən təmin edilməsi, yəni hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

13. Uşaq Hüquqları haqqında Qanun

Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

14. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə

Maddə 6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı

Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı

8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 234. Qətnamənin icra edilməsi. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

Məhkəmənin mövqeyi

18. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir.

19. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında olan nikah məhkəmə qətnaməsi əsasında pozulub və tərəflər hazırda ayrı yaşayırlar. Tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5226/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilsə də, Qazax rayon icra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən qeyd olunan icra vərəqəsi üzrə icraata icra sənədi tam olaraq icra edildiyi üçün xitam verilmişdir. Hazırki vəziyyətdə tərəflər faktiki olaraq ayrı yaşadıqlarına və cavabdeh övladlarına baxmadığına görə iddiaçı yenidən ilkin aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

20. Məhkəmə hesab edir ki, Cavabdeh aliment sabit pul məbləğində tutulmalıdır. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə məhkəmə hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması ağlabatan məbləğ kimi qəbul edilə bilər. Belə ki, iddiaçı tərəfindən cavabdehin işləməsinə və aylıq qazancının olmasına dair məhkəməyə sübutlar təqdim edilməmiş, cavabdeh isə məhkəmə iclasında verdiyi izahatında işləmədiyini bildirmişdir. Cavabdeh hər ay hər uşaq üçün ümumilikdə 200 manat aliment ödəmək imkanında olduğunu bildirsə də, məhkəmə hesab edir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq az qazanca malik olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir və alimentin az məbləğdə təyin edilməsi üçün əsas ola bilməz.

21. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi 23 may 2023-cü il tarixdən etibarən tutulmalıdır.

Məhkəmə xərcləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir.

25. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

26. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu 400x12=4800 manat təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 68 manat təşkil edir.

27. Odur ki, mediasiya orqanına iddiaçı tərəfindən 50 manat məbləğində rüsum ödənildiyi, geri qalan hissədə isə iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 18 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

28. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

29. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi :

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması müddəti 23 may 2023-cü il tarixdən müəyyən edilsin. Qətnamə aliment hissəsində dərhal icra olunsun. İddia qalan hissədə rədd edisin. Cavabdeh 18 (on səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar