Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2749/2020 31.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı X2, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında ba-xaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X7 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh bir başa şəxsən verdiyi 2500 və 7500 manat məbləğində borc pulun, Cavabdeh ondan aldığı ümumilikdə 10 000 manat borca görə faiz kimi söz verdiyi 1500 avro məbləğində pulun, 20 000 manat məbləğində ona vurulmuş ziyanın (əldən çıxmış faydanın), onun vasitəsi ilə Gürcüstanda yaşayan qohumlarının Cavabdeh göndərdiyi və Cavabdeh ödəmədiyi üçün onun ödədiyi 10 000 avro pulun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 30 000 manat pulun, 11.500 avro pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X7 iddia tələbini müdafiə edib,iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh uzun müddətdir ki, tanıyır və arasında dostluq münasibətləri olmuşdur. 2018-ci ilin sentyabr-oktyabr ayında Elvin ona işləmək üçün Hollandiyaya getmək istədyini və bunun üçün ona bilet almağa, iş tapana qədər orada yaşamağa borc pul lazım olduğundan bildirərək ondan 15.000 manat borc verilməsini xahiş etmişdir. O, cavabdehdən borcu necə qaytaracağını soruşmuş, Elvin isə Hollandiyada əmək haqqı yüksək olduğunu və işə başlayandan 3-4 ay sonra onun pulunu artıqlaması ilə qaytaracağını bildirmişdir. Onu arxayın salmaq üçün evinin olduğunu, ən pis halda işləri alınmasa evini satıb borcunu qaytaracağını demişdir. O, cavabdehə demişdir ki, ona bir qədər vaxt versin, bir neçə günə ona cavab bildirəcəkdir. Təxminən bir həftə sonra Elvinə demişdir ki, ona iki dəfəyə 10.000 manat verə bilər, cavabdeh də onunla razılaşmış və bu məbləğdə ona Hollandiyada işləyənə qədər olan xərclərini verməsinə bəs etdiyini bildirmişdir. Növbəti gün, 2018-ci ilin oktyabr ayında o, Elvinlə Qaraçuxur qəsəbəsində çayxanada görüşərək 2500 manat pulu dostları X5, X1 yanında, bundan 2-3 gün sonra, yenidən Qaraçuxur qəsəbəsində və həmin dostlarının yanında 7500 manat pulu ona borc vermişdir. Elvin ona demişdir ki, pulu qardaşı Elmir vasitəsi ilə göndərəcəkdir. Elvin getdikdən 3-4 ay sonra yaşadığı yerdə kafe götürüb işlətmək istədiyini, lakin pulunun çatışmadığını bildirərək əlavə olaraq 10 000 Avro istəmişdir. Onun özündə pul olmadığı üçün Gürcüstan Respublikasında yaşayan qohumlarından xahiş etmiş və onlar Gürcüstan Respublikasından əlavə olaraq 10.000 Avro pulu 2019-cu ilin fevral ayında Elvinə göndərmişlər. Həmin 10.000 avroya görə o, qohumlarına təxminən 20.000 manat pul ödəmişdir. Lakin, Elvin onun pulunu geri qaytarmamışdır. Hazırda cavabdehin ona ümumilikdə 30 000 (otuz min) manat borcu var. O, dəfələrlə cavabdehin qardaşı Elmirdən borcu qaytarmasını xahiş etmiş, lakin Elmir borcu qaytarmamış, cavabdehin maddi vəziyyəti yaxşılaşanda öhdəliklərini icra edəcəkdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X8 iddia tələbini qismən qəbul etdiyini bildirərək göstərdi ki, qardaşı Cavabdeh iddiaçıX7ndan 2500 manat və 7500 manat məbləğində borc aldığını demişdir və iddia tələbini yalnız həmin hissədə etiraf edir. Lakin iddia tələbinin qalan hissəsini qəbul etmir və qeyd olunan borcdan başqa tərəflər arasında başqa hər hansı öhdəlik yaranmamışdır. Ona görə də iddia tələbinin qismən, yəni etiraf etdiyi hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, o, iddiaçı X4 tanıyır, yaxın münasibətləri vardır. İddiaçı onun yanında Cavabdeh iki dəfəyə cəmi 10000 manat pul verdiyini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində şahid qismində dindirilən X1 ifədəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, tərəflərin izahatları ilə iddiaçı X7 Cavabdeh 2500 manat və 7500 manat məbləğində borc verməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Yuxarıda qeyd edilən hüquq normalarından aydın olur ki, cavabdeh ilə iddiaçı arasında borc müqaviləsi şifahi bağlanmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin vermiş olduğu izahatlardan müəyyən olunur ki, cavabdeh həqiqətən də iddiaçıdan pul aldığını etiraf etmişdir. Belə olduğu halda məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh 10000 manat məbləğində bağlanmış borc müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmış və o, tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi icra etməlidir. Bu baxımdan iddiaçı X2 Cavabdeh qarşı (2500+7500) cəmi, 1000 manat məbləğində pulun tutulması barədə iddia yolverilən olmaqla qanuni və əsaslıdır. Həmin hissədə iddia tələbi təmin olunaraq cavabdehdən borclu olduğu 10000 manat pul alınıb iddiaçıya verilməlidir. Məhkəmə hesab edir ki, qalan hissədə iddia tələbi əsassızdır. Əvvəla, Cavabdeh ondan aldığı ümumilikdə 10 000 manat borca görə faiz kimi söz verdiyi 1500 Avro məbləğində pulun tələb olunması ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçının tələb etdiyi əsas borca hesablanmış faiz pulunun verilməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Ancaq iddiaçının bununla bağlı hər hansı sübut təqdim edə bilməməsi həmin xüsusat üzrə onun iddia tələbini sübut edə bilməməsini göstərir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçı qarşısında borc tələbinə qarşı faiz ödəməsi ilə bağlı hər hansı bir öhdəliyi olmamışdır. Qanunvericlik öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasını nəzərdə tutmuşdur. Yalnız bu halda kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilə olmadığı halda isə tərəflərdən hər hansı birinin üzərinə öhdəlik qoyulması mülki qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilə bilər. 20 000 manat məbləğində ona vurulmuş ziyanın (əldən çıxmış faydanın), eləcə də cavabdehin əvəzinə digər şəxslərə 10000 Avro məbləğində pul ödəməsi barədə iddia tələbləri ilə bağlı məhkəmə hesab edir ki, idiaçı X7 əldən çıxmış faydanın nədən ibarət olması və bunun nədə ifadə olunması barədə hər hansı sübut məhkəməyə təqdim etməmiş, habelə göstərilən zərərin ona vurulmasını məhkəmə araşdırması zamanı işin hər hansı halı ilə sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh iddiaçı X2 xeyrinə 2500 manat və 7500 manat məbləğində olmaqla ümumilikdə 10.000 manatborc məbləği tutulmalıdır. Eləcə də, iddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat və 7500 (yeddi min beş yüz) manat olmaqla ümumilikdə 10.000 (on min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumu 30 (otuz) manat məbləğində pul vəsaiti iddiaçı X2 xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-2749/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2749/2020
31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver