Məhkəmə qərarları › İş №2(010)-2778/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2778/2022

24.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2778/2022 24.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X15 qızının katibliyi, İddiaçı, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin həcminin artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 03 avqust 2012-ci il təvəllüdlü - X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləği və Mediasiyaya dair ödənilmiş 25 (iyirmi beş) manat dövlət rüsumunun cavabdeh - Cavabdeh tutularaq iddiaçı - İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, cavabdeh ilə birgə nikahlarından 1 qız övladları doğulub və hazırda 10 yaşı var. Uşağın saxlanılması üçün Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehdən 175 manat məbləğində aliment tutulur, lakin hazırda həmin məbləğ uşağın heç bir tələbatını ödəməyə kifayət etmir. Belə ki, uşağın hazırlıq, məktəb, geyim, qida və s. digər xərcləri çoxalır və hazırki aliment məbləği ilə həmin xərcləri qarşılamaq olmur. Cavabdeh isə işindən əlavə evlərin elektrik işlərini görüb 2000-3000 manat pul qazanır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək bildirdi ki, tərəflər nikahlarını 2016-cı ildə pozublar və birgə nikahlarından doğulmuş qızları iddiaçının himayəsində saxlanılıb, uşağa görə də əmək haqqının və digər gəlirlərinin ¼ hissəsində aliment tutulub. İddiaçı 2016-cı ildən sonra hər dəfə aliment məbləğinin artırılması ilə müraciət edib və 2021-ci ildən 175 manat aliment tutulub. Cavabdeh yenidən ailə həyatı qurub, 3 uşağı var, həmçinin qoca anası da onun himayəsindədir. Cavabdehin vəzifə maaşı 730 manatdır, vergiyə, sığortaya çıxdıqdan sonra 610 manat maaşı qalır. Həmin maaşla da 6 nəfərlik ailəsinə baxa bilmir. Heç kommunal xərclərini belə ödəyə bilmir. İddiaçı məhkəmə iclasında cavabdehin öz işindən kənar başqa işlər də görüb qazanc əldə etdiyini bildirsə də, bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2216/2021 nömrəli iş üzrə qəbul etdiyi 26 aprel 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1588/2020 nömrəli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X2 18 yaşına çatanadək-saxlanılması üçün tutular aliment məbləğinin artırılaraq hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir. "xxxx" X9 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 17 №-li arayışdan görünür ki, Cavabdeh xx.xx.2003-cü il tarixdən "xxxx" EŞM-də Xəzər TİXS-də elektrik montyoru vəzifəsində işləyir və aylıq əmək haqqı 730 manat təşkil edir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 204348 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında 23 may 2017-ci ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 1567 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qəhrəmanov, arvada Qəhrəmanova soyadı verilmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı 186400 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 15 sentyabr 2018-ci il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 5459 nömrə ilə qeyd edilmişdir. Şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında X3 göstərilmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 379272 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 08 noyabr 2019-cu il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 7311 nömrə ilə qeyd edilmişdir. Şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında X3 göstərilmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı 637602 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 05 avqust 2021-ci il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 5065 nömrə ilə qeyd edilmişdir. Şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında X3 göstərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, tərəflərin əvvəllər rəsmi nikahda olması, rəsmi nikahdan bir uşaqlarının olması, həmin uşağın ananın yanında qalmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2216/2021 nömrəli iş üzrə qəbul etdiyi 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq 175 manat miqdarda alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik olmamışdır. Məhkəmə iclasında iddiaçı cavabdehin öz rəsmi işindən əlavə, kənar elektrik işləri də görərək 2000-3000 manat məbləğində gəlir əldə etdiyini iddia etsə də, bu barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Bundan əlavə, cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, cavabdeh yenidən ailə həyatı qurmuş və həmin nikahdan da üç uşağı olmuşdur ki, həmin uşaqlar da onun himayəsindədirlər. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyi üçün Mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində rüsum iddiaçının özünə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin həcminin artırılması” tələbinə dair iddiası təmin edilməsin. Mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində rüsum İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar