Məhkəmə qərarları › İş №2(010)-279/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-279/2025

31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-279/2025 31.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2750 (iki min yeddi yüz əlli) manat məbləğində borcun, televizorun alışına görə cavabdehin əvəzinə “Kontakt Home”-a ödədiyi 1630 manat, cərimələrə görə ödədiyi 165 manat və icra şöbəsinə ödədiyi məcburi icra haqqı olan 80 manat, xalçanın ödənişi olan 400 manat və soyuducunun ödənişi olan 200 manatın (cəmi 5225 manat), əlavə olaraq ödənilmiş 72 manat 25 qəpik dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Cavabdeh xx.xx.2020-ci il tarixdə 2750 (iki min yeddi yüz əlli) manat məbləğində pulu borc olaraq vermişdir. Cavabdeh yazılı şəkildə həmin borcu hər ayın 10-dan 20-dək gündəlik 20 manat ödəməklə geri qaytaracağını öz öhdəsinə götürsə də, müxtəlif bəhanələrlə borcu qaytarmaqdan imtina etmişdir. Bundan əlavə olaraq o, onun adına özünə Ayna Sultanova küçəsində yerləşən “Kontakt Home” mağazasından son model “Samsung” markalı 1680 manat məbləğində olan televizor almışdır. Lakin onun da pulunu ödəmədi və o, onun əvəzinə həmin pulu ödəməli olmuşdur. Belə ki, pul ödənilmədiyi üçün ona qarşı məhkəməyə müraciət etdilər və qətnamə icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərildi. Ölkəyə giriş-çıxışına məhdudiyyət qoyuldu. Buna görə məcbur qalıb 1630 manat məbləğində borc, onun yeddi faizi olan 80 manatı ödəmişdir. Cavabdeh televizora görə 50 manat ilkin ödəniş etmişdir. Buna görə televizorun ümumi dəyərindən, yəni 1680 manatdan 50 manat çıxmışdır. Bundan əvvəl də Kontakt home mağazasına 165 manat cərimə ödəmişdir. Bundan əlavə olaraq ona məxsus olan soyuducunu 300 manata razılaşaraq cavabdehə satmışdır. Həmin pulun 100 manatını versə də, qalan 200 manat borcunu qaytarmamışdır. Bundan əlavə olaraq 4X5 ölçüdə yun xalçanı 400 manata ona satmışdır. Xalçanın pulundan isə heç nə ödəməmişdir. Mübariz həmin pulları qaytarmağa söz vermişdi. Lakin qeyd olunan tarixlərdə borcunu qaytarmadığına görə dəfələrlə ondan müqavilə üzrə və şifahi razılığa görə öhdəlikləri yerinə yetirməyi pulların qaytarılması tələb olunsa da, cavabdeh öhdəliyin icrasından yayınmışdır. O, bu günə kimi müxtəlif bəhanələrlə qeyd olunan pul məbləğlərini qaytarmaqdan imtina etmişdir. Hər dəfə borcunu ödəməsini tələb etdikdə onu dilə tutaraq başqa vaxt ödəyəcəyinə onu razı salmışdır. Lakin indi başa düşdü ki, onun bu pulları qaytarmaq fikiri yoxdur və onu aldatmaq niyyətindədir. Cavabdeh onun pulunu özündə əsassız olaraq saxlamaqla ona maddi cəhətdən ziyan vurmuşdur.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, tələbində qeyd etdiyi 2750 manat borc pul vəsaiti qəbz əsasında cavabdehə təqdim edilmişdir. Bundan əlavə, cavabdeh ondan öz adına televizor götürüb ona verməsini xahiş etmişdir. O da aralarında olan münasibətə görə ona inanmış və televizoru borca alaraq ona təqdim etmişdir. Bundan əlavə, tələbdə qeyd etdiyi ağ xalçanı 400 manata və soyuducunu isə 300 manata cavabdehə satmış, lakin cavabdeh yalnız soyuducuya görə 100 manat ödəmiş və qalan borcunu qaytarmamışdır. Hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

4. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbi ilə razı deyildir. Əlavə olaraq qeyd etdi ki, qəbz əsasında 2750 manat pul vəsaitini iddiaçı ona versə də, lakin həmin borc vəsaitini iddiaçıya qaytarmışdır. İddiaçının ondan tələb etdiyi televizorun dəyərinə görə isə qeyd edir ki, iddiaçı ona televizor verməmişdir və onun iddiaçından televizor alıb ona verməsi barədə xahişi olmamışdır. Tələbdə qeyd olunan xalçaya görə tələb edilən 400 manata münasibətdə qeyd edir ki, iddiaçı ona xalça verməmişdir, iddiaçı ona yalnız 150 manata soyuducu satmış və həmin puldan 100 manat ödəniş etmiş, 50 manat borcu qalmışdır.

İş materialları.

5. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 2750 manat borc aldığını, hər ayın 10-dan 20-dək gündəlik 20 manat ödəməklə geri qaytaracağını bildirmişdir.

6. xx.xx.2020-ci il tarixli, 21152731 nömrəli nisyə alqı-satqı müqaviləsinin Əlavəsindən görünür ki, İddiaçı ilkin ödəniş daxil olmaqla 1680 manat dəyərində Samsung Led markalı televizor almışdır.

7. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-2572/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən İddiaçı "xxxx" MMC-nin xeyrinə 1535.95 manat pul vəsaiti tutulmalıdır. Tələb borclu tərəfindən tam şəkildə icra edildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir.

İşin faktiki halları.

8. İşin faktiki halları ondan ibarətdir ki, hazırkı iddia tələbində iddiaçı cavabdehlə aralarında borc münasibətinin olduğunu və onun tərəfindən cavabdehə qəbz əsasında 2750 manat pul vəsaitinin verildiyini bildirir. Bundan əlavə, iddiaçı eyni zamanda nisyə şəkildə cavabdehə alıb verdiyini qeyd etdiyi televizora görə ondan məhkəmə qaydasında tutulan və icra icraatı çərçivəsində ödədiyi pul vəsaitinin, eyni zamanda cavabdehə nisyə satdığı xalça və televizorun dəyərinin cavabdehdən tutulmasını tələb edir. İddiaçı tələbinin birinci hissəsində cavabdeh tərəfindən yazıldığı qeyd edilən qəbzə, tələbin digər hissələrinə münasibətdə isə icra sənədlərinə istinad edir. Cavabdeh iddia tələbini qəbul etmir və etirazını onunla əsaslandırır ki, iddiaçının ona qəbz əsasında verdiyi 2750 manat borcu qaytarmış, iddiaçı ona televizor verməmiş və xalça satmamışdır. Yalnız 150 manata ona soyuducu satmış və həmin puldan 100 manat ödəniş etmiş, 50 manat qalmışdır.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi

11. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir.

12. Məhkəmə əvvəla iddia tələbində tələb edilən 2750 manat pul vəsaitinə münasibətdə qeyd edir ki, tərəflər arasında borc münasibəti olmuşdur. Belə ki, maddi hüquq normalarının tələblərindən göründüyü kimi borc məbləği üç min manatdan az olduqda borc müqaviləsinin şifahi formada bağlanması mümkündür. Bu baxımdan məhkəmə həmin pul vəsaitinin verilməsinə dair tərəflər arasında olan münasibəti borc münasibəti olaraq qəbul edir. Tələb edilən məbləğə münasibətdə isə qeyd edilməlidir ki, cavabdeh iddia tələbini bu hissədə qəbul etməsə də, lakin onun özü də həmin pul vəsaitini iddiaçıdan aldığını inkar etmir, lakin sonradan qaytardığını bildirir. Məhkəmə qeyd edir ki, işdə olan yazılı qəbzdən və tərəflərin izahatlarından müəyyən edilir ki, cavabdeh iddiaçıdan 2750 manat məbləği almışdır. Cavabdeh aldığı borc vəsaitini qaytardığını bildirsə də, lakin qeyd olunan halı təsdiq edən sübutları məhkəmə təqdim etməmişdir. Borc məbləğini qaytardığını sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilməlidir.

13. Məhkəmə iddia tələbinin “iddiaçının televizorun alışına görə cavabdehin əvəzinə “Kontakt Home”-a ödədiyini qeyd etdiyi 1630 manat, cərimələrə görə 165 manat və icra şöbəsinə məcburi icra haqqı olan 80 manata” münasibətdə bildirir ki, iddiaçı ödənilmiş həmin pul vəsaitlərinin cavabdehə təqdim etdiyi (nisyə alqı-satqı müqaviləsi əsasında edilmiş) televizorla bağlı olduğunu və həmin televizoru cavabdehə verdiyini qeyd etsə də, lakin həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir və cavabdeh də qeyd olunan halı təkzib edir. İddiaçı tərəfindən nisyə alqı-satqı müqaviləsi əsasında televizorun alındığığını, həmin məhsula görə icra icraatı prosesində ödənişlərin iddiaçı tərəfindən edildiyi və borcun da iddiaçı tərəfindən bağlanıldığı iş materialları ilə görünsə də, lakin həmin məhsulun iddiaçı tərəfindən cavabdehə verildiyi halı sübut edilmir, cavabdeh də iddia tələbini bu hissədə təqzib edir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiçının təkcə nisyə alqı-satqı müqaviləsi əsasında televizor alması və ona görə ödənişlər etməsi tələbin bu hissədə əsaslı olması anlamına gələ bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilə bilməz.

14. Məhkəmə eyni zamanda iddia tələbinin “xalçaya görə tələb edilən 400 manat” hissəsinə münasibətdə bildirir ki, iddiaçı tələbin qeyd olunan hissəsini onunla əsaslandırır ki, həmin xalçanı 400 manata cavabdehə satmışdır, lakin cavabdeh bildirir ki, iddiaçı ilə aralarında xalçaya dair hər hansı alqı-satqı olmamış və ona və ya onun yaxın qohumuna xalça verilməmişdir. Məhkəmə qeyd edir ki, tələbin qeyd olunan hissəsini təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən iddia tələbi qeyd olunan hissədə də təmin edilə bilməz.

15. Məhkəmə iddia tələbinin “soyuducuya görə tələb edilən 200 manat hissəsi”nə münasibətdə bildirir ki, iddiaçı cavabdehə soyuducunu 300 manata satdığını və 200 manat hissəsinin ödənilmədiyini bildirir. Cavabdeh isə həmin soyuducunu aldığını qəbul edir, lakin bildirir ki, həmin soyuducunun alqı-satqı qiyməti 150 manat olaraq aralarında razılaşdırılmış və həmin məbləğdən 100 manat ödəniş etmiş və 50 manat qalmışdır. Məhkəmə qeyd edir ki, tələbin qeyd olunan hissəsi də yuxarıda qeyd edildiyi formada iddiaçı tərəfindən sübuta yetirilməmişdir, lakin, bununla belə, cavabdehin iddiaçı ilə aralarında soyuducu ilə bağlı alqı-satqının olmasını təsdiq etməsi və 50 manat borclu qalması ilə bağlı izahatını nəzərə alaraq hesab edir ki, tərəflər arasında soyuducunun alqısatqısı ilə bağlı sövdələşmə olmudur. Soyuducunun dəyərinə gəldikdə isə, bununla bağlı heç bir yazılı sübut təqdim edilmir, iddiaçı izahatında bildirir ki, soyuducunu 300 manata satmış, cavabdeh isə bildirir ki, onu 150 manata satmış, 100 manatını ödəmiş, 50 manatı qalmışdır. Tələbin bu hissəsi ilə bağlı əlavə sübutlar olmadığına görə, məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə qismən təmin edilməli və soyuducuya görə ödənilməmiş 50 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. İddia qismən təmin edildiyi üçün iş üzrə ödənilmiş 72.25 manat dövlət rüsumunun 48 manat hissəsi cavabdeh Nadı̇ rov Mübarı̇ z Zeynal oğlundan tutularaq iddiaçı Kərı̇ mli Mehrı̇ ban İsı̇ mbala qızına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

19. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Nadı̇ rov Mübarı̇ z Zeynal oğlundan 2750 manat borc və soyuducuya görə ödənilməmiş 50 manat pul vəsaiti və iş üzrə ödənilmiş 72.25 manat dövlət rüsumunun 48 manat hissəsi tutularaq iddiaçı Kərı̇ mli Mehrı̇ ban İsı̇ mbala qızının xeyrinə ödənilməlidir.

20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh Nadı̇ rov Mübarı̇ z Zeynal oğlundan 2750 manat borc və soyuducuya görə ödənilməmiş 50 manat pul vəsaiti tutularaq iddiaçı Kərı̇ mli Mehrı̇ ban İsı̇ mbala qızının xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 72.25 manat dövlət rüsumunun 48 manat hissəsi cavabdeh Nadı̇ rov Mübarı̇ z Zeynal oğlundan tutularaq iddiaçı Kərı̇ mli Mehrı̇ ban İsı̇ mbala qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar