Məhkəmə qərarları › İş №2(010)-2793/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2793/2021

08.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2793/2021 08.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək məhkəmədən 2021-ci ilin mart ayından 14 iyun 2016-cı ildə anadan olmuş X3 və 19.01.2016-cı ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün X4 hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.06.2017-ci il tarixli, 2(010)-4284/2017 saylı qətnaməsinə əsasən Cavabdeh 14.06.2014-cü ildə doğulmuş X6 və 19.01.2016-cı ildə doğulmuş X1 üçün məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq uşaqlar yetkinlik yaşına çatanadək İddiaçı xeyrinə hər ay bir uşağa görə 137 manat olmaqla, iki uşağa görə cəmi 274 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda o, 274 manat aliment alır. O, uşaqları saxlamaqda böyük çətinliklərlə qarşılaşmış, başqa xərclərini təmin edə bilməmişdir. İş axtarmaq cəhdləri də hələlik heç bir nəticə vermir. Valideynləri xəstə olduğundan və özləri maddi cəhətdən çətin vəziyyətə düşdüyündən ona maddi köməklik göstərə bilmirlər. Əvvəlki məhkəmə iclasında İddiaçı bildirmişdir ki, cavabdehlə birgə nikahından doğulmuş uşaqlardan biri – 14.06.2016-cı il təvəllüdlü X8 2017-ci ildə vəfat etmişdir. Belə ki, 2017-ci ildə atası ehtiyatsızlıqdan uşağı maşınla vurmuş, nəticədə uşaq ölmüşdür. Cavabdeh atasının azadlıqdan məhrum edilməsini istəsə də o, buna razı olmamış, bundan sonra cavabdehlə tamamilə ayrılmışlar və heç bir əlaqələri qalmamışdır. Cavabdeh alimenti vaxtlı-vaxtında ödəyir. Bəzi hallarda gecikmə olur. Lakin bu aliment uşağın saxlanılması üçün kifayət etmir. Odur ki, məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək məhkəmədən 19.01.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə iddiaçıının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbini nəzərdən keçirib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.06.2017-ci il tarixli, 2(010)-4284/2017 saylı qətnaməsinin surətindən görünür ki, qətnamə ilə iddia təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08.04.2016-cı il tarixli, 2(010)-3467/2016 saylı və 06.10.2016-cı il tarixli, 2(010)-8825/2016 saylı qətnamələri ilə Cavabdeh 14.06.2014-cü ildə doğulmuş X6 və 19.01.2016-cı ildə doğulmuş X1 üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, Cavabdeh 14.06.2014-cü ildə doğulmuş X6 və 19.01.2016-cı ildə doğulmuş X1 üçün məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq uşaqlar yetkinlik yaşına çatanadək İddiaçı xeyrinə hər ay bir uşağa görə 137 manat olmaqla, iki uşağa görə cəmi 274 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən 04.02.2016-cı il tarixdə verilmiş AZ-İİİ 706915 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X9 (atası Cavabdeh, anası İddiaçı) 19.01.2016-cı il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 04.02.2016cı il tarixdə 33 nömrə ilə qeyd edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh birgə nikahından iki uşaq doğulmuş, bu uşaqlardan biri -14.06.2014-cü il təvəllüdlü X8 vəfat etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.06.2017-ci il tarixli 2(010)- 4284/2017 saylı qətnaməsinə əsasən Cavabdeh оğlundan 19.01.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 137 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda isə iddiaçı məhkəməyə iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək həmin qətnamə əsasında tutulan aliment məbləğinin artırılmasını və birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarda, həmçinin qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırkı iş üzrə tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Həmçinin, uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiаçının üzərinə düşməsi və onun uşağa qulluq etməsi diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, 19.01.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.06.2017-ci il tarixli, 2(010)-4284/2017 saylı qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq 175 (yüz yetmiş beş manat) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesаb edir ki, ölkə üzrə uşаqlаr üçün yаşаyış minimumu 175 (yüz yetmiş beş) mаnаt müəyyən edildiyindən və vаlideynlərin hər ikisinin hüquqlаrı bərаbər оlmаqlа, оnlаrın hər ikisinin uşаğa qаyğı göstərmək bоrcu оlduğundаn, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər yüksək həddə saxlanmasını əsas tutаrаq, hаbelə uşаğa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiаçının üzərinə düşməsini nəzərə аlаrаq 19.01.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.06.2017-ci il tarixli, 2(010)-4284/2017 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilməli və qətnаmə qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub iddiаçı İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-in 112.1.3-cü mаddəsinə əsаsən аliment аlınmаsı hаqqındаkı iddiаlаrdа iddiаnın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli оlduğu hаldа, cаvаbdehdən dövlət rüsumu hesаbınа 30 (otuz) mаnаt аlınаrаq dövlət büdcəsinə keçirilməlidir. Odur ki, Cavabdeh dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 19.01.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.06.2017-ci il tarixli, 2(010)-4284/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəsini aldıqdan sonra Cavabdeh İddiaçı xeyrinə tutulsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.06.2017-ci il tarixli, 2(010)-4284/2017 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi tam icra edildikdən sonra ləğv edilsin. Ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar