Məhkəmə qərarları › İş №2(010)-282/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-282/2024

02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-282/2024 02.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı KB ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 7859.85 manat əsas borc, 675.91 manat faiz borcu, 265.73 manat cərimə olmaqla, cəmi 8801.49 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 108.01 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli Bank xidmətlərinin göstərilməsi üçün Standart Şərtlər (nağd kredit verilməsinə dair) müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 16 faizlə, 36 ay müddətinə 10000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır, 22 sentyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 7859.85 manat əsas borc, 675.91 manat faiz borcu, 531.45 manat cərimə olmaqla, ümumilikdə cəmi 9067.21 manat borcu vardır. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 531.45 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 265.73 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə Bankın nümayəndəsinin iştirakı olmadan baxılaraq iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəməyə vəsatətlə müraciət edərək, ödənişlərin iddiaçı Bank tərəfindən düzgün hesablanmadığını, onun iddiaçıya tələb edilən məbləğdə borcu qalmadığını bildirərək, məhkəmədən iş üzrə ekspertiza təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. xx.xx.2022-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərə 1 saylı əlavə olan razılaşmadan görünür ki, Cavabdeh razılaşmanı imzalamaqla İddiaçı ASC-nin İdarə Heyətinin qərarı ilə təsdiqlənmiş və X2 (https://www/yelo.az/) yerləşdirilmiş Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtləri oxumuş, sənədin bütün müddəaları və tələbləri ilə razı olduğunu bildirmiş və razılaşmanın imzalanması nəticəsində həmin Standart Şərtlərin gələcəkdə onunla Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etməmişdir.

6. xx.xx.2022-ci il tarixli Bank hesabının açılmasına dair 2 saylı əlavə olan razılaşmadan görünür ki, iddiaçı Bank tərəfindən cavabdehə 36 ay müddətinə, 2% komisyon haqqı, illik 16% dərəcəsi və istehlak məqsədi ilə 10000 (on min) manat kredit vermişdir.

7. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 7859.85 manat əsas borc, 675.91 manat faiz, 531.45 manat cərimə olmaqla, cəmi 9067.21 manat borcu vardır.

8. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 108.01 manat məbləğində dövlət rüsumu ödəmişdir.

9. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh borcunun məbləği barədə xəbərdar edilmiş, borcun vaxtında ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

İşin faktiki halları.

10. İddiaçı ASC və Cavabdeh arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Bank tərəfindən Borcalana 36 ay müddətinə, illik 16% ödəmək şərtilə 10000 (on min) manat məbləğində kredit verilmiş, Borcalan götürdüyü krediti müqavilə ilə müəyyən edilmiş müddətdə faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür.

Tətbiq edilən hüquq.

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmənin mövqeyi.

13. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.

14. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur.

15. Lakin məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcuna münasibətdə qanuni və əsaslı olsa da, cəriməyə münasibətdə qismən təmin edilməlidir.

16. Belə ki, iddia tələbindən görünür ki, iddiаçı cаvаbdehdən 265.73 manat məbləğində cərimə tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırkı vəziyyətdə işin hаllаrınа tam uyğun deyil və tənаsübsüz surətdə yüksək məbləğdir. Cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyil. Bu səbəbdən məhkəmə hesаb edir ki, cərimənin miqdаrının аzаldılаrаq 50 manat məbləğində müəyyən edilməsi işin hallarına uyğundur.

Məhkəmə xərcləri.

17. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 108.01 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

18. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə (8585.76 manat) mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 105.86 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

19. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7859.85 manat əsas borc, 675.91 manat faiz borcu, 50 manat cərimə olmaqla, cəmi 8585.76 manat məbləğində pul və 105.86 manat ödənilmiş dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

20. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 7859.85 manat əsas borc, 675.91 manat faiz borcu, 50 manat cərimə olmaqla, cəmi 8585.76 manat (səkkiz min beş yüz səksən beş manat yetmiş altı qəpik) məbləğində borc və 105.86 manat (yüz beş manat səksən altı qəpik) məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar