Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2838/2022 06.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X5 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan aliment məbləğinin artırılaraq, hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasındakı nikah pozulmuşdur. Həmin qətnamə ilə cavabdehdən uşaqların saxlanılması üçün ona ödəniləcək alimentin məbləği yaşayış minimumundan aşağı olduğu üçün o, apellyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3759/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə şikayət təmin olunaraq, onların birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün ayda 170 manat aliment məbləğinin tutularaq ona verilməsi qət edilmişdir. X2 7 yaşı, X4 isə 5 yaşı var. Bakı Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların tələbatının ödənilməsinə yetmir. Aydın Babazadə orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Uşaqların bütün qayğısını, ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Alimentin artırılması ilə bağlı cavabdehə mediasiyanın keçirilməsi barədə təklif göndərilsə də cavabdeh razı olmamışdır. Buna görə də “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh rəsmi olaraq işləməsə də onun gəliri var. Belə ki, o, avtomobilini arendaya vermişdir və bundan gəlir əldə edir. İddiaçı və cavabdeh qonşu olduğundan iddiaçı bu barədə məlumatlıdır. Əslində cavabdehin əvvəllər yaxşı işi, gəliri olmuşdur. Lakin sonra avtoqəza törətmiş, buna görə həbs olunmuşdur. Həbsə girdikdən sonra isə narkotikə aludə olmuşdur. Hazırda narkomaniyadan müalicə alır. Buna baxmayaraq, son dörd ay ərzində tərəflərin münasibətləri nisbətən normallaşmışdır. Hətta onlar barışmaq belə istəmişlər. Lakin cavabdeh hazırda narkomaniyadan müalicə aldığından hələ ki, barışıq alınmır. Hər bir halda bu uşaqların bütün yükü iddiaçının üzərinə düşür. Son dövrlər isə onların xərci daha da artmışdır. Belə ki, uşaqlardan böyüyü artıq birinci sinifə gedir və buna görə xərcləri də artmışdır. İddiaçının aylıq gəliri isə 450 manatdır. Üstəlik, anası ilə birlikdə yaşayır. Uşaqların saxlanılması üçün təyin edilən aliment hazırda onların saxlanması üçün kifayət etmir. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh hazırda narkomaniyadan müalicə alır və heç bir yerdə işləmir. Uşaqların saxlanması üçün alimenti onun anası – uşaqların nənəsi ödəyir. Cavabdehin artıq ondan tutulan alimenti ödəməyə maddi imkanı yoxdur. Belə ki, onun ödənilməmiş aliment borcu da var. Bu vəziyyətdə hesab edir ki, alimentin miqdarı artırılarsa cavabdehin bu alimenti ödəməyə maddi imkanı olmayacaq. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin hazırkı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 14-175 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistratura bölməsində mühəndis vəzifəsində işləyir və onun aylıq əmək haqqı 530 manat təşkil edir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 460237 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X6 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 132 nömrə ilə qeyd edilmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 203206 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X7 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2018-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 6490 nömrə ilə qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3759/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi alimentin miqdarına aid hissədə dəyişdirilmiş və alimentin miqdarı hər ay hər uşaq üçün 170 manat, iki uşaq üçün cəmi 340 manat müəyyən edilmişdir. İşin faktiki halları. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 doğulmuşdur. Bu uşaqlar İddiaçı yanında qalırlar. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-3759/2021 saylı qətnaməsi ilə uşaqların saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda isə İddiaçı məhkəmədən Cavabdeh tutulan aliment miqdarının artırılmasını, uşaqların saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə etmiş, əvvəlki iclasda iştirak edən cavabdehin nümayəndəsi (vəkili) isə cavabdehin maddi imkanı olmadığını bildirərək iddianı qəbul etməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası: Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı: 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Məhkəmənin mövqeyi.
İşin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlar hazırda iddiaçının yanında qalır. Bu baxımdan məhkəmə hesab edir ki, uşaqları yanında saxlayan, onların saxlanılmaları ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşaqların saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Digər tərəfdən, nəzərə alınmalıdır ki, cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğ (193 manat) tərəflərin birgə nikahından doğulmuş uşaqlara da şamil edilməlidir. Bununla belə uşaqların saxlanılmaları üçün müəyyən edilmiş minimum istehlak səbətinin təmin edilməsinin yalnız valideynlərdən birinin, yəni atanın üzərinə qoyulması nəticəsinə gəlmək ədalətli hesab edilə bilməz. Üstəlik, nəzərə alınmalıdır ki, iddiaçı dövlət universitetlərinin birində mühəndis işləyir və aylıq sabit gəliri var. Onun əksinə, hər iki tərəf mübahisələndirmədən qəbul edir ki, cavabdeh hazırda narkomaniyadan müalicə alır və işləmir. Bununla belə nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və bu vəzifə valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Nəzərə alınmalıdır ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir. Bütün yuxarıda qeyd edilən halları nəzərə alan və uşaqların maraqlarını üstün tutan məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 185 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına uyğundur. Son olaraq, məhkəmə onu da qeyd edir ki, iddia tələbində alimentin tutulmasına iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən başlanması xahiş edilsə də nəzərə alınmalıdır ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Bu baxımdan məhkəmə hesab edir ki, bu qətnamə ilə miqdarı artırılmış alimentin tutulmasına bu qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır.
Məhkəmə xərci.
Məhkəmə xərci ilə bağlı qeyd edilməlidir ki, alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (185x2x12=4440 manat) mütənasib olan 64.4 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-3759/2021 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa 185 (yüz səksən beş) manat olmaqla, hər ay 370 (üç yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(010)-2838/2022 saylı qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub iddiаçı İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilməmiş 64.4 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-3759/2021 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşağa 185 (yüz səksən beş) manat olmaqla, hər ay 370 (üç yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-2838/2022 saylı qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutularaq, iddiаçı İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 64.4 manat (altmış dörd manat qırx qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-3759/2021 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi tam icra edildikdən sonra ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva