Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2853/2021 16.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbi barədə barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 dekabr 2017-ci ildə anadan olmuş X2 18 yaşı tamam olana qədər saxlanılması üçün Bakı Şəhəri. Suraxanı Rayon Məhkəməsinin 03 iyul 2019cu il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək artırılması və 04 dekabr 2017-ci ildə anadan olmuş X2 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin cavabdehdən mənim xeyrimə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 iyul 2019-ci il tarixli qətnaməsi ilə cavabdeh X3 onunla birgə nikahlarından 04 dekabr 2017-ci ildə anadan olmuş X2 18 yaşı tamam olana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 160 manat alimentin tutulması qət edilmişdir. Onun hər ay uşağın saxlanması üçün 400 manata qədər xərci çıxır ki, bu məbləği də o təkbaşına ödəməkdə çətinlik çəkir. Bundan əlavə o kommunal ödənişlər etmək, bir sıra əlavə xərcləri ödəmək məcburiyyətində qalmışdır. Cavabdeh isə nə əlavə xərclərin ödənilməsində ona köməklik göstərir, nə də ki, uşağın maddi rifahının yüksəldilməsi üçün tədbirlər görür. Uşağın normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları, məktəb ləvazimatları tələb olunur. Bütün bunları uşaqlarımız üçün təşkil etmək təkbaşına ona olduqca çətindir, hətta qeyrimümkündür. Lakin, cavabdeh uşağın normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında mənə hər hansı bir köməklik göstərmir. Cavabdeh kifayət qədər gəlirə malikdir və əgər o, öz valideynlik borcunu öz üzərində hissə edərsə bu zaman uşaqlarımızı daha yaxşı saxlamaq üçün şərait yarada, daha yüksək məbləğdə aliment ödəyə bilər. Buna görə də uşaqların saxlanması üçün təyin edilmiş aliment məbləği artırılmalıdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, o, Suraxanı Rayon Məhkəməsinin 03 iyul 2019-ci il tarixli qətnaməsi ilə birgə nikahlarından anadan olmuş 04 dekabr 2017-ci il təvəllüdlü X2, 18 yaşı tamam olana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 160 manat alimentin tutulması qət edilmişdir. Onun maddi vəziyyəti ağırdır və hər hansı dəyişiklik baş verməmişdir ki, əvvəlki məhkəmənin qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artıtılsın. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçı və cavabdehi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhər Suraxanı rayon məhkəməsinin 03 iyul 2019-ci il tarixli 2(010)-1273/2019 saylı qətnaməsi ilə 04 dekabr 2017-ci il təvəllüdlü X2 18 yaşı tamam olana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 160 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Ağdaş rayon məhkəməsinin 2(014)-1524/2019 saylı qətnaməsi ilə Cavabdeh aliment tələbinin azaldılması barədə iddiası rədd edilmişdir. Bakı şəhər Suraxanı rayon məhkəməsinin 15 mart 2019-cu il tarixli 2(010)-1723/2019 saylı qətnaməsi ilə ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması və qarşılıqlı iddia üzrə iddiaçı X4 cavabdeh İddiaçına qarşı aliment məbləğinin azaldılmasıl barədə iddiaları rədd edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı himayəsində qalmış birgə nikahdan doğulmuş 04 dekabr 2017-ci ildə anadan olmuş X1 üçün Cavabdeh aliment tutulması barədə sonuncu məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi, həmçinin qarşı tərəfin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki , alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Göründüyü kimi, qanunvericilik aliment məbləğinin müəyyən edildikdən sonra aliment məbləğinin dəyişdirilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad edilən normanın məzmunundan görünür ki, həmin norma ilə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətində hər-hansı yaxşılaşma olmasına dair işdə sübut yoxdur. Aliment təyin olunmasına dair məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən keçən müddət ərzində iddiaçı özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi, həmçinin cavabdeh tərəfin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” barədə iddia tələbi təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-2853/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2853/2021
16.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver