Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2863/2021 14.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin sabit pul məbləğindən dəyişdirilib əmək haqqından və digər gəlirlərindən tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin sabit pul məbləğindən dəyişdirilib əmək haqqından və digər gəlirlərindən tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2 (010)-1166/2019 saylı, 24 dekabr 2019-cu il tarixli alimentin sabit pul məbləğində tutulması barədə qətnaməsini dəyişdirərək Cavabdeh 18.10.2012-ci təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün qazancının (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlliləri İddiaçı ilə Cavabdeh 19.07.1997-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Tərəflərin birgə nikahından 3 (üç) övladı - 19.09.1997-ci tarixdə X10, 14.05.2002-ci tarixdə X9, 18.10.2012-ci tarixdə X7 anadan olmuşdur. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-1166/2019 saylı 24 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ilə 19.07.1997-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat şöbəsində bağlanmış nikahı pozulmuş, 14.05.2002-ci il təvəllüdlü X5 və 18.10.2012-ci təvəllüdlü X3 analarının yanında qalmaları müəyyən edilmiş, uşaqlar yetkilnlik yaşına çatanadək sabit pul məbləğində hər uşağa 160 manat, 2 uşağa görə cəmi 320 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qəbul edilərkən övladlarından 19.09.1997-ci təvəllüdlü X10 yetkinlik yaşına çatdığından məhkəmə qətnaməsi ilə ona alimentin tutulması müəyyən edilməmiş, 14.05.2002-ci təvəllüdlü X5 18 yaşı tamam olduğundan ona məhkəmə qətnaməsi ilə tutulan alimetin verilməsi üzrə icra vərəqəsinə xitam verilmiş, kiçik övladı 18.10.2012-ci təvəllüdlü X7 yetkinlik yaşına çatmadığından alimentin verilməsi davam edir. Hazırda yuxarıda qeyd olunan məhkəmə qətnaməsinin qəbul edildiyi tarixdən xeyli vaxt keçmiş, istehlak mallarının qiymətləri qalxmış, uşağın gündəlik tələbatları artmışdır. İddiaçı özü evdar qadındır, heç bir yerdə işləmir, uşağın sağlam böyüməsi, təlim-tərbiyəsi və təhsili ilə məşğul olur. Cavabdehin ödədiyi aliment məbləği qanunda nəzərdə tutulmuş minimum məbləğdən azdır və övladının tələbatlarını ödəməyə kifayət etmir. Bundan başqa da cavabdeh “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı X1 sexində quyuların sementlənməsi üzrə aqreqatın maşinisti vəzifəsində işləyir və orta aylıq əmək haqqı 945 (doqquz yüz qırx beş) manat təşkil edir. Hesab edir ki, cavabdehdən sabit pul məbləğində tutulan alimentin məbləği, əmək haqqının 1/4 hissəsindən tutulan məbləğdən az olduğundan və uşağın mənafeyinə uyğun olmadığından qətnamə ilə tutulan sabit pul məbləğində aliment dəyişdirilib əmək haqqından və digər gəlirlərindən tutulmalıdır. İddiaçının izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdiyini bildirərək bu barədə ərizə təqdim etmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 07.11.2012-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X7 18.10.2012-ci ildə doğulmuş və valideynləri Cavabdeh və İddiaçıdır. Suraxanı rayon məhkəməsinin 24.12.2019-cu il tarixli 2(010)-4549/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə X6 ilə Cavabdeh arasında nikahın pozulması, 14.05.2002-ci il təvəllüdlü X9 və 18.10.2012-ci il təvəllüdlü X7 anası X2 himayəsində saxlanılması, 14.05.2002-ci il təvəllüdlü X5 və 18.10.2012-ci ii təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 14.08.2019-cu tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 160 manat, ümumilikdə 320 manat məbləğində sabit aliment alınaraq İddiaçı verilməsi qət edlmişdir. “xxxx” Şirkətinin Maliyyə Departamentinin 09.04.2021-ci il tarixli arayışından görünür ki, Musayev X8 Nəqliyyat sexində quyuların sementlənməsi üzrə aqreqatın maşinisti vəzifəsində işləyir və orta aylıq əmək haqqı 945 (doqquz yüz qırx beş) manatdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 17.2 Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34 Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu:
8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır.
19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 56.1 Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 112.1 Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 233.4 Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
Məhkəmənin mövqeyi Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Sözügedən normadan irəli gələrək məhkəmə hesab edir ki, tərəflərin iki övladının olması və uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 18.10.2012-ci təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün görə 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İddiaçı hazırki iddia tələbi ilə X3 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün Cavabdeh qazancının (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında alimentin onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə zamanı müəyyən olundu ki, Cavabdeh “xxxx” Şirkətinin Texnoloji Nəqliyyat sexində quyuların sementiənməsi iizrə aqreqatın maşinisti vəzifəsidə işləyir və orta aylıq əmək haqqı 945 (doqquz yüz qırx beş) manat təşkil edir. Məhkəmə müəyyən edir ki, Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 191.4-cü maddəsinə görə məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə və ya tərəflərin barışıq sazişini təsdiq etmədikdə, bu barədə əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Lakin, işin faktiki hallarını və qanunvericiliyin tələblərini, eləcə də 18.10.2012-ci təvəllüdlü X3 mənafeyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddianın etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün hallar aşkar edilməmiş, iddianın etiraf edilməsi hər iki tərəfin mənafeyinə uyğundur və digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehdən qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulmalıdır.
Məhkəmə həmçinin qeyd edir ki, cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda — iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Bakı şəhər Suraxanı rayon məhkəməsinin 2(010)-4549/2019 saylı 24.12.2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin və Cavabdeh İddiaçı xeyrinə 18.10.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova