Məhkəmə qərarları › İş №2(010)-2874/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2874/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2874/2021 14.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "İddiaçı" QSC ilə Cavabdeh arasında bağlanmış 26.12.2019-cu il tarixli 002A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh "İddiaçı" QSC-nin xeyrinə 1888,28 manat məbləğində kredit borcu, 20,41 manat məbləğində faiz borcu və 724,83 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2633 (iki min altı yüz otuz üç) manat 52 (əlli iki) qəpik məbləğində borcun və tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri Cavabdeh İddiaçı QSC ilə 26.12.2019-cu il tarixdə bağladığı 002A********** saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1888,28 (min səkkiz yüz səksən səkkiz) manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 03.02.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 0 manat ödəniş etmiş və onun iddiaçıya 1888.28 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarıl maşınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 26.02.2021-ci il tarixə 389 gün üçün hesablanmış faiz borcu 20.41 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. 26.02.2021 -ci il tarixə 389 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 724,83 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Tərəflərin izahatları 08.06.2021-ci il tarixdə iddiaçı "İddiaçı" QSC-nin nümayəndəsi Gülnar İsmayılovanın ərizəsi məhkəməyə poçt vasitəsi ilə daxil olmuşdur. İddiaçının nümayəndəsi həmin ərizəsində 14.06.2021-ci il tarixli məhkəmə iclasının iştirakı olmadan keçirilərək iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə qanunvericiliyin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: 26.12.2019-cu il tarixdə bağladığı 002A********** saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1888.28 (min səkkiz yüz səksən səkkiz) manat məbləğində kredit götürmüşdür. 19.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 26.02.2021-ci il tarixə banka 1888,28 manat məbləğində əsas borc, 20,41 manat məbləğində faiz, 724,83 manat məbləğində cərimə borcu olmaqla cəmi 2633,52 manat məbləğində borcu vardır. 12.02.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldırılacağına dair xəbərdar edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 465.2 Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə Cavabdeh arasında 26.12.2019-cu il tarixdə bağladığı 002A********** saylı kredit müqaviləsi bağlamış və həmin müqaviləyə əsasən iddiaçı cavabdehə illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1888,28 (min səkkiz yüz səksən səkkiz) manat məbləğində kredit vermişdir. Həmin müqavilə üzrə kreditin qaytarılmasına dair öhdəliklərin icrasını cavabdeh öz üzərinə götürmüşdür. Tərəflər arasında kreditin ödənilməsi şərtləri razılaşdırılmasına baxmayaraq iddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında və qaydasında həyata keçirmiş, yəni kredit məbləğini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Müqavilənin şərtlərinə görə cavabdeh krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə iddiaçı müqaviləyə vaxtından əvvəl xitam vermək və qalan kredit məbləğini, faizi və bank tərəfindən hesablanmış başqa ödənişləri cavabdehdən tələb etmək hüququna malikdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cavabdehə qarşı 724,83 manat məbləğində cərimə ödənilməsi tələbi irəli sürsə də məhkəmə sözü gedən normanı rəhbər tutaraq cərimə borcunun 50 manat miqdarında müəyyən edilməlisini ağlabatan hesab edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi 60 ay müddətinə bağlanmışdır. Hazırda həmin kredit müqaviləsi qüvvədədir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutları araşdırıb belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçı "İddiaçı" QSC ilə Cavabdeh arasında bağlanmış 26.12.2019-cu il tarixli 002A********** saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh "İddiaçı" QSC-nin xeyrinə 1888,28 (bir min səkkiz yüz səksən səkkiz manat iyirmi səkkiz qəpik) manat məbləğində kredit borcu, 20,41 (iyirmi manat qırx bir qəpik) manat məbləğində faiz borcu və 50 (əlli) manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 1 958,69 (bir min doqquz yüz əlli səkkiz manat altmış doqquz qəpik) manat məbləğində borc tutulmalıdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı "İddiaçı" QSC ilə Cavabdeh arasında bağlanmış 26.12.2019-cu il tarixli 002A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh iddiaçı "İddiaçı" QSC-nin xeyrinə 1888,28 (bir min səkkiz yüz səksən səkkiz manat iyirmi səkkiz qəpik) manat məbləğində kredit borcu, 20,41 (iyirmi manat qırx bir qəpik) manat məbləğində faiz borcu və 50 (əlli) manat məbləğində cərimə olmaqla, ümumilikdə 1 958,69 (bir min doqquz yüz əlli səkkiz manat altmış doqquz qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğdə dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar