Məhkəmə qərarları › İş №2(010)-288/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-288/2024

15.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-288/2024 15.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 1500 manat məbləğində pulun alınaraq ona ödənilməsi və avtomobilinin işlək vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2023-cü il 22 iyul – 11 avqust tarixlərində Suraxanı rayonu, E.Bəkirov küçəsində yerləşən avtoservisdə çalışan cavabdeh azı 1000 manat müqabilində ** FT *** dövlət nömrə nişanlı, “Volkswagen Passat” markalı avtomobilin mühərrikinin yağ təzyiqini normaya salacağına dair söz vermişdir. Lakin o, mühərrikin yağının təzyiqini normaya sala bilməmiş, əksinə mühərrik daha pis hala düşmüşdür. Dövrlərin sayı 8000 əvəzinə 4000-dən yuxarı qalxmır və halhazırda avtomobil istifadəyə yararsızdır. Avtomobilini təmirə verməzdən əvvəl iki dəfə cavabdehlə görüşərək ona məlumat vermişdir ki, 5-6 ildir maşın hərəkətdə olarkən hərdən bir ekranda “yağ datçiki” yanıb-sönür və siqnal verir. Müraciət etdiyi digər ustalar bu qüsurun düzəldilməsinin mümkün olmadını demiş və mühərrik tam sıradan çıxdıqdan sonra onun başqa istifadə olunmuş mühərriklə əvəz edilməsini məsləhət görmüşlər. Cavabdeh isə bu qüsuru düzəldə biləcəyini israrla söyləmişdir. Nəticədə isə o, cavabdehə inanaraq təmir üçün cəmi 1500 manat pul ödəmişdir. O hesab edir ki, cavabdeh mühərrikin yağ təzyiqini düzəldə bilməyəcəyini bildiyi halda, onu aldatmış və 1500 manat pulunu mənimsəmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, avtomobilini ABŞdən internet üzərindən sifarişlə almış, avtomobili ondan başqa istifadə edən olmamışdır. Lakin 6-7 olar ki, maşın onu narahat etmişdir. Belə ki, hər dəfə yola çıxdıqda hərəkət zamanı 4-5 dəfə avtomobilin qırmızı işığı (yaz təzyiqinin göstəricisi) yanmışdır. O, bununla bağlı çox ustalara müraciət etmişdir. X4 şəhərində ustalardan bu barədə soruşmuş, ona hələ pandemiyadan əvvəl 1300 ABŞ dollarına Dubaydan motor gətirib maşına qoşmağı, 1 illik qarantiya verməyi təklif etmişlər. Bakıda isə xüsusilə 20 Yanvar metrostansiyası yaxınlığındakı ustalar avtomobilin düzəlməyəcəyini bildirmiş, maşın tam dayananda motorun yenisi ilə əvəz edilməsini tövsiyə etmişlər. Bakıda bir çox servislərə getmiş, heç kim təmiri boynuna götürməmişdir. Lakin bir gün digər avtomobilinə görə getdiyi servisdə təsadüfən qarşılaşdığı Cavabdeh ona təkidlə avtomobildəki həmin nasazlığı təmir edə biləcəyini bildirmişdir. Ramin avtomobilə baxıb azı 1000 manatlıq xərci olduğunu demişdir. Lakin ona deməmişdir ki, avtomobilin xərci çoxu nə qədər ola bilər. Həmçinin avtomobili bu vəziyyətdə sürməməli olduğunu bildirmişdir. Raminin yanında olarkən ona zəng gəlmiş, danışıqdan onun pula ehtiyacı olduğunu hiss etmişdir. O, Raminə hazırda pulu olmadığını, pulu birinci gün gətirə biləcəyini demişdir. Cavabdeh isə təkidlə avtomobili bu vəziyyətdə sürə bilməyəcəyini bildirmiş, maşını bir növ zorla əlindən almışdır. Birinci gün o, Raminə 300 manat pul vermişdir. Təxminən 2 həftə sonra başa düşmüşdür ki, Ramin bu işi bacarmır. Hər dəfə gələndə görmüşdür ki, Ramin onu aldadır. Bir gəlişində görmüşdür ki, avtomobilin akkumlyatorunu çıxartmışdır. Halbuki həmin akkumlyator təzə olmuşdur. O, avtomonilin təmiri üçün cavabdehə hər 5 beş gündən bir 200 manat, bir dəfə rəngsaza 200 manat pul vermiş, bu iş 20 gün çəkmişdir. Təxminən iki həftə sonra başa düşmüşdür ki, Ramin bu işi bacarmır. Belə ki, hər dəfə gedəndə görmüşdür ki, cavabdeh onu aldadır. Belə ki, o, təzə akkumlyatoru belə çıxarmışdır. Bütün bu müddətdə avtomobilin təmiri üçün cavabdehə 1500 manat pul vermişdir. O, cavabdehdən avtomobillə maraqlandıqda ona maşının hazır olmadığı deyilmişdir. Belə ki, cavabdeh ona “Whatsapp” mobil tətbiqi üzərindən maşının videosunu ataraq hələ hazır olmadığını, işi davam etdirməyin zəruri olduğunu demişdir. Həmin videodan görünür ki, normalda 1.2-1.6 bar olan təzyiq 0.4 bar təşkil edir. Halbuki o, maşını verdikdə bu rəqəm 0.6-0.7 bar olmuşdur. Bundan 1-2 gün sonra cavabdeh həm akkumlyatoru, həm də maşını qaytarmışdır. Lakin maşını sürərkən onun pis vəziyyətdə olduğunu görmüş, 60-70 km/saat surətlə maşını Mərdəkana aparıb həyətə qoymuşdur. Maşın artıq yararsız vəziyyətdədir. Cavabdeh avtomobili təmir edə bilməyəcəyini bildiyi halda onun pulunu almışdır. Hesab edir ki, cavabdehin hərəkətləri fırıldaqçılıqla bağlı olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçını “malyar”ın yanında görmüşdür. Belə ki, iddiaçı digər maşını ilə servisə gəlmişdir. Maşına baxış keçirildikdə müəyyən nazasızlıqlar (yağın təzyiqinin zəif olması) aşkar edilmişdir. İddiaçı maşının təmir xərcini soruşduqda ona bildirmişdir ki, qiyməti nəinki o, heç kim dəqiq deyə bilməz. Çünki ancaq maşını sökdükdən sonra nə qədər xərc çəkilməli olduğunu bilmək olar. Avtomobilin təmirinə başladıqdan sonra motorun “vatos” adlı hissəsinin səs etdiyini eşitmiş, iddiaçının yanında zəng edərək həmin hissənin qiymətinin 800 manat, dəyişmə xərcinin isə 200 manat olduğunu demişdir. Təmirə başladıqdan bir müddət keçəndən sonra iddiaçının razılığı ilə, onunla məsləhətləşərək bəzi hissələr yenisi ilə əvəz edilmişdir. Bunlardan yadında qalanlar pompa (150 manat) və pompanın kəməridir (20 manat). Gün ərzində çox sayda avtomobil təmir etdiyi üçün dəyişilən bütün detallar yadında deyil. Lakin dəyişilən bütün hissələri dəftərinə qeyd etmişdir. Maşın söküldükdən sonra iddiaçıya zəng etmiş və səs salan hissələri dəyişsə də hələ də yağ təzyiqinin zəif olmasının səbəbini bilmədiyini, bunun üçün maşının alt hissəsinin sökülməli olduğunu bildirmişdir. İddiaçı alt hissənin nasaz olmadığını bildirmiş, buna etiraz etmişdir. Eyni zamanda maddi vəziyyətinin yaxşı olmadığını, pensiya aldığını bildirmişdir. O. uzun illərdir motor təmiri ilə məşğuldur. O bilir ki, düzəlməyən maşın yoxdur, iddiaçının da maşının alt hissəsi düzəlsə maşın tam hazır olacaq. Çünki maşının alt hissəsində yağ təzyiqinin itməsi problem var. İddiaçı razılıq vermədiyi üçün alt hissəni sökməmişdir. Maşın iddiaçıya aid olduğu üçün o razılıq verməsə heç bir iş görə bilməz. O, 1993-cü ildən bu işlə məşğuldur. İndiyə kimi heç kim onun fırıldaqçı olduğunu deməmişdir. Videonu ona görə çəkib atmışdır ki, maşının yağ təzyiqi aşağı olmuşdur. İddiaçıya demişdir ki, bu formada bu maşın sürülə bilməz. İddiaçı hansı ustaya müraciət etsə, bu vəziyyətdə maşının sürülməməsini ona deyərdilər. Bununla belə düzəlməyən maşın yoxdur, sadəcə bir az qəliz model olduğu üçün iddiaçının maşınına çox usta yaxın durmamışdır. Lakin əgər bu ehtiyat hissələr mağazada satılırsa, təbii ki, bu düzələndir. Əgər maşın sürülməsə, alt hissə düzəlsə o maşının heç bir problemi qalmayacaq. Maşına çəkilən xərc hədər getməmişdir, sadəcə alt hissə düzəlməlidir. O özü də öz cibindən 60 manat xərcləmişdir. Lakin maşın tam hazır olmadığı üçün pulu istəməmişdir. Maşının təmiri 20 gün yox, haradasa 2 həftə çəkmişdir. Bütün maşınların təmirində sonda elektrik axımı olur ki, bunun nəticəsində mühərrik zəifləyir. Son 2 gündə maşın bazarı adlanan yerin yaxınlığında başqa ehtiyat hissələr almağa gedərkən mühərrikin enerjiyə qoşulması üçün onu bir nəfərə vermişdir. Həmin adam bunu təsdiq də edə bilər. Lakin həmin şəxs bilməmişdir ki, mühərrik təcili lazımdır. Bu səbəbdən bir gün mühərrik yerdə qalmışdır. Mühərrik enerji yığdıqdan sonra onu maşına yenidən quraşdırmış və mühərriki işə salmışdır. Sonradan iddiaçı servisə gəldikdə iddiaçıya bildirmişdir ki, maşının alt hissəsində problem olmasına baxmayaraq o, problemin aradan qaldırılmasını istəməmişdir. Bundan sonra iddiaçı dedi ki, maşının alt hissəsini düzəlt sonda pulunu ödəsin. Gündəlik məvacibə işləyən adamdır. Ona bildirmişdir ki, pulunu vermiyə bilərsən, lakin bu hissələrin pulu axı ödənilməlidir. Maşının alt hissəsində hansı problemin olduğunu görməyi üçün gərək alt hissəni sökülsün. Alt hissədə təzyiqə aid dirsəkli val, balans valı və yağ nasosu yerləşir. Bu hissələr təmir edilsə problem tam aradan qaldırılacaq. Lakin iddiaçı işi dayandırdığına görə iş tam başa çatmamışdır. İş tam başa çatdıqdan sonra nəsə problem yaranarsa, buna görə məsuliyyət daşıyardı. Lakin işin tamamlanmasına iddiaçı imkan verməmişdir. Seplər, mühərrik başlığı, vanus, salnik və xırda ehtiyyat hissələri dəyişilmişdir. Mühərriki sökəndə yağ boşaldığından yağ filtri də dəyişilməli olmuşdur. İddiaçı bütün bu işlərə görə ona 300 manat və 700 ABŞ dolları pul vermişdir. Avtomobili təmir edib iddiaçıya təslim edə bilməməsinin səbəbi iddiaçının hərəkətləri olmuşdur. Əgər iddiaçı bu gün də zəruri xərcləri qarşılasa, avtomobili təmir edə bilər. Hər bir halda iddiaçının ona verdiyi puldan artıq qalan 34 manatı qaytarmağa etiraz etmir. Odur ki, məhkəmədən iddianın təmn edilməməsini xahiş etdi.

Mütəxəsisin izahatı.

5. Məhkəmə iclasında mütəxəssis kimi fikri dinlənilən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (“Volkswagen Azərbaycan” rəsmi diler) mütəxəssisi (layihə üzrə baş usta) X2 bildirmişdir ki, qeyd olunan avtomobil üzrə filter mütləq dəyişilməlidir. Hansı ki, qiyməti 60- 70 manat məbləğində olur. Həmçinin mühərrik başlığı çıxarılır, problem olmasa və ya istehsalçı tərəfindən müəyyən edilmiş göstəricilər daxilindədirsə dəyişilmir. Mühərrik başlığı çıxarılırsa, klapan və “salnik”lər də mütləq dəyişilməlidir - 16 ədəd olur, 1 ədədi 5-6 manata. Mühərrik başlığı ustalar tərəfindən təmir edilmir. Müştəri müraciət etdiyi zaman əvvəlcə problemin nə olduğunu müəyyən etmək üçün yoxlama aparılır, məsələn, şikayət yağ təzyiqi ilə bağlıdırsa, minimum yağ təzyiqinin 1.2 bar olub-olmaması müəyyən edilir (Mühərrik tam qızma temperaturuna gəldikdən sonra). Əgər xüsusi alətlər vasitəsilə yoxlama zamanı problem aşkar olunarsa, mühərrik tam sökülməlidir. Yağ təzyiqinin aşağı düşmə səbəbi mühərrikin içərisində sürtünmə nəticəsində yeyinti (tədricən genişlənmə) getməsidir. Ona görə də bütün hissələr mütləq xüsusi alətlər vasitəsilə tam sökülməlidir. Servisdə istehsalçının göstərdiyi qayda bundan ibarətdir. Cavabdeh maşını düzəldib iddiaçıya təhvil verə bilərdi, bu mümkündür. Servisdə ilk müraciət üçün ustanın zəhmət haqqı 944 manat təşkil edir. Görülən işə də 2 il zəmanət verilir. Konkret problemlə bağlı isə görülən işin dəyəri ƏDV daxil olmadan 800 manat təşkil edir. Əgər müştəri iddiaçının qeyd etdiyi problemlə yaxınlaşırsa, ilk növbədə müştəriyə mühərrikin açılmalı olduğu bildirilir. Mühərrik açılmadan problemin nədə olduğunu görmək mümkün deyil. Müştəriyə sadəcə ustanın zəhmət haqqının 944 manat olduğu, mühərrik açıldıqdan sonra əlavə nə qədər xərc tələb olunduğu deyilir. Yəni mühərrik razılıqla açılır. Təmir kartına müştəri imza ataraq təmirlə razılaşdığını bildirir. Bundan sonra mühərriki açırlar. Əgər müştəri mühərrik söküldükdən sonra aşkar olunan problemlərin aradan qaldırılması ilə razılaşmırsa, ancaq mühərrikin sökülmə xərcini müştəridən tələb edirlər (400 manat). Mühərriki sökdükdən sonra müştəriyə avtomobilin problemlərini qüsur aktı şəklində təqdim edirlər. Əgər müştəri problemlərin aradan qaldırılması ilə razılaşmasa, həmin təmir aparılmır. Amma mühərrik açıldısa, mütləq “proklatka”, “salnik”, “antifriz” kimi hissələr dəyişilməlidir. Cavabdehin təqdim etdiyi səhifələrdə qeyd edilmiş hissələr də mühərrikin sökülməsi ilə əlaqədar dəyişilməli hissələrdir. Çünki bu hissələr bir-birlərinə bağlıdır və birinin çıxarılması üçün digərinin də sökülməsi vacibdir. Bundan sonra sökülən hissələr təzə olsa belə yenisi ilə əvəzlənməlidir. Yəni avtomobili yağ təzyiqi ilə bağlı təmir etmək istəyən usta bu hissələri dəyişməlidir.

İş materialları.

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 32-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı müraciəti əsasında araşdırma aparılmış, Cavabdeh izahatı alınmış, müraciətdə göstərilən xüsusatlar mülki xarakterli olduğundan ona aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur.

İşin faktiki halları.

7. İddiaçı və Cavabdeh arasında iddiaçıya məxsus “Volkswagen Passat minik” markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə dair şifahi podrat müqaviləsi bağlanmışdır.

Tətbiq edilən hüquq.

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 752. Podrat müqaviləsi. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753. Muzd barəsində razılaşma. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 759. Podrat müqaviləsinin ləğvi. 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

10. İşin hallarından görünür ki, tərəflər arasında şifahi podrat müqaviləsi bağlanmışdır. Belə ki, bu müqaviləyə əsasən, Cavabdeh (podratçı) İddiaçı (sifarişçi) məxsus “Volkswagen Passat minik” markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobili təmir etməyi, sifarişçi isə görülən işə görə muzd ödəməyi öhdəsinə götürmüşdür.

11. Məhkəmə iclasında iştirak edən hər iki tərəf mübahisələndirmədən qəbul etmişdir ki, iddiaçı tərəfindən avtomobilin təmiri üçün cavabdehə müəyyən məbləğdə (iddiaçıya görə 1500 manat, cavabdehə görə 1490 manat) pul ödənilmişdir. Həmçinin yenə hər iki tərəf mübahisələndirməmişdir ki, avtomobil təmirlə əlaqədar bir müddət cavabdehdə olmuşdur. Lakin hazırda İddiaçı iddia edir ki, Cavabdeh ondan pul almasına baxmayaraq, nəinki avtomobili təmir etmiş, əksinə yararsız vəziyyətə salmışdır. İddiaçının iddiasına görə, cavabdehdən başqa müraciət etdiyi bütün mütəxəssislər avtomobilə baxış keçirərək, avtomobilin yağ təzyiqi ilə bağlı problem olduğunu və bu problemin aradan qaldırılmasının mümkün olmadığını, ancaq mühərrik tam sıradan çıxdıqdan sonra yeni mühərriklı əvəz edilməli olduğunu bildirmişlər. Lakin Cavabdeh onu aldadaraq avtomobili təmir edə biləcəyini, bunun üçün azı 1000 manat pul lazım olduğunu bildirmiş, onun 1500 manat pulunu almış, lakin avtomobilin yağ təzyiqi ilə bağlı heç bir təmir işi görməmiş, əksinə, lüzumsuz yerə yeni ehtiyat hissələri (akkumlyatoru) yerindən çıxarmış, nəticədə avtomobili yararsız vəziyyətə salmışdır.

12. Cavabdeh isə öz növbəsində iddianı qəbul etməmiş, məhkəməyə əlyazmalarının olduğu dəftəri və həmin dəftərin üzərində “Passat B6 876” yazılı səhifələrini təqdim edərək, həmin əlyazmadan görünən siyahıda olan bütün ehtiyat hissələri iddiaçının verdiyi 1490 manat (300 manat+700 ABŞ dolları) hesabına 1456 manata alıb dəyişdirdiyini, lakin iddiaçı işi tamamlamağa imkan vermədiyindən avtomobili tam təmir etməsinin mümkün olmadığını bildirmişdir. Əlavə etmişdir ki, əgər iddiaçı bu gün də zəruri xərcləri qarşılasa da, həmin avtomobili təmir edib ona təhvil verə bilər.

13. Göründüyü kimi, tərəflərin izahatları əsasında cavabdeh tərəfindən podrat müqaviləsi üzrə iddiaçıya məxsus avtomobil üzərində müəyyən işlər görüldüyü müəyyən olunur. Lakin bu işin keyfiyyəti, yəni görülən işlərin iddiaçının avtomobilinin təmirinə xidmət edib-etməməsi tərəflər arasında mübahisəlidir.

14. Bu mübahisənin mahiyyəti üzrə həlli üçün məhkəmə tərəfindən iddiaçıya məxsus avtomobilin istehsalçısı olan şirkətin Azərbaycandakı rəsmi dilerinin mütəxəssisinin məhkəmə iclasında iştirakı təmin edilmiş, onun izahatı, mübahisəli məsələyə dair suallara cavabları dinlənilmişdir. Mütəxəssis bildirmişdir ki, iddiaçıya məxsus avtomobildə olduğu iddia edilən yağ təzyiqi ilə bağlı problemin avtomobilin təmir edilməsi ilə aradan qaldırılması mümkündür. Lakin yağ təzyiqinin aşağı düşmə səbəbi mühərrikin içərisində sürtünmə nəticəsində yeyinti (tədricən genişlənmə) olduğundan avtomobilin təmir edilə bilməsi üçün onun bütün hissələri mütləq xüsusi alətlər vasitəsilə tam sökülməlidir. Yəni əgər müştəri iddiaçının qeyd etdiyi problemlə avtomobilin istehsalçısı olan şirkətin rəsmi dilerinin servisinə yaxınlaşarsa, ilk növbədə müştəriyə mühərrikin açılmalı olduğu bildirilir. Mühərrik açılmadan problemin nədə olduğunu görmək mümkün deyil. Müştərinin razılığı ilə mühərrik söküldükdən sonra müştəriyə avtomobilin problemləri qüsur aktı şəklində təqdim edilir. Əgər müştəri təmirlə razılaşırsa, təmir başlanır, əks təqdirdə, heç bir iş görülmür. Lakin istənilən halda mühərrik açıldığına görə avtomobilin bəzi hissələri yeni belə olsalar mütləq dəyişdirilməli olur.

15. Göründüyü kimi, mütəxəssisin izahatı əsasında müəyyən edilir ki, iddiaçıya məxsus avtomobildəki nasazlığın təmiri üçün avtomobilin digər ehtiyat hissələri, xüsusən mühərriki sökülməli, bununla əlaqədar müəyyən ehtiyat hissələr (yeni olsalar belə) yenisi ilə əvəzlənməlidir. Cavabdeh tərəfindən təqdim edilən əlyazmalarda qeyd edilən ehtiyat hissələrə münasibətdə mütəxəssis qeyd etmişdir ki, bu hissələr mühərrikin sökülməsi ilə əlaqədar dəyişilməli hissələr olduğundan avtomobili yağ təzyiqi ilə bağlı təmir etmək istəyən istənilən ustanın bu hissələri dəyişməsi gözləniləndir.

16. Məhkəmə iclasında iştirak edən İddiaçı cavabdeh tərəfindən təqdim edilən siyahıda qeyd olunan detalların həqiqətən dəyişdirildiyinə inanmadığını bildirdiyindən məhkəmə tərəfindən avtomobilin istehsalçısı olan şirkətin Azərbaycandakı dileri mütəxəssis kimi işə cəlb edilmiş, avtomobilə baxış keçirilməklə siyahıda qeyd edilən işlərin görülüb-görülməməsinə dair rəy verilməsi tələb edilmişdir. Lakin sonradan İddiaçı məhkəməyə ərizə təqdim edərək, avtomobili müvafiq servisə aparmaq müəyyən xərc tələb etdiyindən avtomobili baxış üçün mütəxəssisə təqdim etməyəcəyini bildirmiş, bu səbəbdən iddiaçının mübahisələndirdiyi məsələnin yoxlanılması və dolayısıyla onun iddia etdiyi halın müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının avtomobilini baxışa təqdim etmədiyinə görə cavabdehin obyektiv olaraq sübut etməkdən məhrum olduğu halın – siyahıda göstərilən işlərin həqiqətən görülməsi - əksini sübut etmək hazırkı işin halları baxımından iddiaçının vəzifəsi olmuşdur. Lakin iddiaçı məhkəməyə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.2-ci maddəsinə əsasən, digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Belə olan halda məhkəmə cavabdeh tərəfindən təqdim edilən əlyazma siyahıdan görünən işlərin həqiqətən görülmüş olduğu nəticəsinə gəlir.

17. Eyni zamanda, məhkəmə iclasında mütəxəssis tərəfindən verilmiş izahat əsasında müəyyən edilir ki, iddiaçının avtomobilində olan yağ təzyiqi ilə bağlı nasazlığın təmiri üçün siyahıda qeyd edilən işlərin görülməsi zəruri olmuşdur. Bu baxımdan cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini pozduğu, öz üzərinə götürdüyü işləri lazımınca icra etmədiyi müəyyən edilə bilməz.

18. Odur ki, iddiaçı avtomobilinin təmiri üçün cavabdehə verdiyi pulu bütövlükdə cavabdehdən tələb etməkdə haqlı olmamışdır. Artıq işin yuxarıda müəyyən edilmiş hallarından görünür ki, cavabdehin iddiaçıya məxsus avtomobilin təmirini başa çatdırmamasının səbəbi cavabdehin işi qüsurlu icra etməsi yox, iddiaçının avtomobili təmir başa çatmadan cavabdehdən alması olmuşdur. İddiaçı bu mövqeyini cavabdehin avtomobili düzgün təmir etməməsi ilə əsaslandırsa da, onun qeyd etdiyi bu hal məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmamışdır. Bu vəziyyətdə iddiaçı podrat müqaviləsi üzrə cavabdehə ödədiyi bütün pulu ondan tələb etməkdə haqlı olmamışdır.

19. Bununla belə nəzərə alınmalıdır ki, cavabdehin təqdim etdiyi siyahıdan onun 1456 manatlıq iş gördüyü müəyyən edilir. Lakin o, iddiaçıdan 1490 manat (iddiaçı 1500 manat pul verdiyini iddia etsə də, cavabdeh yalnız 1490 manat pulun verildiyini qəbul etmiş, iddiaçı daha artıq məbləğdə pul verdiyini sübut edə bilməmişdir) məbləğində pul almışdır. Belə olan halda cavabdehdən 34 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri.

20. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda iddianın təmin edilmiş hissəsinə mütənasib olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

21. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 34 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.

22. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 34 (otuz dörd) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar