Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2890/2022 13.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi, X2 ən son müayinə və analizlərinə sərf olunan xərclərin 1/2 hissəsinin (76 manat) cavabdehdən tutularaq ona ödənilməsi, mediasiya xərcinin 1/2 hissəsinin (27 manat) cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi, X2 ən son müayinə və analizlərinə sərf olunan xərclərin 1/2 hissəsinin (126 manat) cavabdehdən tutularaq ona ödənilməsi, mediasiya xərcinin 1/2 hissəsinin (27 manat) cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmişdir ki, o, Cavabdeh ilə 08 aprel 2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2010cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 adlı övladları doğulmuşlar. Ailə qurduqdan sonra münasibətləri normal olsa da, sonralar cavabdehin ona və uşaqlara qarşı laqeyd münasibət göstərməsi səbəbindən münasibətləri soyumuş, cavabdehlə 2018ci il mart ayından faktiki olaraq ayrı yaşamağa başlamışlar. Cavabdeh ailə başçısı kimi öz vəzifələrini yerinə yetirməmiş, uşaqların maddi ehtiyaclarını qarşılamamış, əsassız olaraq ailədaxili münaqişələr yaratmış, daim onu və uşaqları təhqir etmişdir. Evlilik müddətində valideynlərinin maddi dəstəyi ilə yaşayan Cavabdeh atası vəfat etdikdən sonra onunla əmlakına, atasının puluna görə evləndiyini bildirmiş, ona və övladlarına qarşı göstərdiyi laqeyd münasibət daha da kəskinləşmişdir. Buna görə də o, 2018-ci ilin mart ayında cavabdehlə rəsmi nikahlarının pozulması, uşaqların onun yanında saxlanması və aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Nikahları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3742/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 onun himayəsində saxlanılması müəyyən edilmişdir. Xətai Rayon Məhkəməsinin həmin qətnaməsi ilə Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi tələbi təmin edilmişdir. Məlumdur ki, cənab Prezidentin müvafiq sərəncamı ilə hər il uşaqlar üçün yaşayış minimumuna müəyyən qədər dəyişiklik edilir. Bu səbəbdən də o, 2020-cu ilin yanvar ayında alimentin artırılması tələbi ilə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Elə həmin il cavabdehin aylıq maaşında da 40 faiz artım olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-818/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi tələbi təmin edildi. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 23 dekabr 2021-ci il tarixli Sərəncamı və Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Buna uyğun olaraq sabit pul məbləğində olan aliment də həmin məbləğdə nəzərdə tutulur. Bundan başqa, Əlicanlı Vüqarın ən son xəstəxana müayinə və analizlərinin xərclərini göstərən çeklərinin dəyərinin 50%-nin cavabdehdən tutularaq ona ödənilməsi tələbinin də təmin olunmasını zəruri hesab edir. Son vaxtlar cavabdehin həm fərdi gəlirlərində, həm də aylıq vəzifə maaşında kifayət qədər ciddi artım olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2021-ci il tarixli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası üzrə işçilərin minimum orta aylıq əmək haqqı artırılmışdır. Hesab edir ki, bu artımda cavabdehin iki azyaşlı uşağının da payı vardır. Cavabdeh onun atasının köməkliyi ilə xx.xx.2009-cu il tarixdən Bakı İstintaq Təcridxanasında ocaqçı kimi işə düzəlmişdir və hal-hazırda da Penitensiar xidmətdə çalışır. Bundan başqa, cavabdehin vəkilinin verdiyi məlumata görə santexnik kimi fərdi işlərlə də məşğul olur. Həftənin yalnız 2 günü rəsmi iş yerinə gedir, qalan günləri fərdi işlərlə məşğul olur. Lakin rəsmi əmək haqqında olan artımı məhkəmədən gizlədə bilmədiyi üçün həmin artımdan onun iki azyaşlı övladına da pay düşür. Əmək haqqından əlavə cavabdehə bayram günlərində verilən maddi yardım və 13cü maaşda da iki azyaşlı uşağın payı vardır. Cavabdeh nəinki əlavə gəlirlərindən övladlarına yardım etmir, hətta bilərəkdən məhkəməyə öz cari gəlirləri barədə yalan ifadə verərək məhkəməni yönəltməyə cəhd edir. Əksinə, onun həftənin hər günü işdə olmağına, iki azyaşlı uşağın qayğısını tək çəkməyinə, cavabdehlə bağlı bütün məhkəmə proseslərində şəxsən iştirak etdiyinə görə heç bir fərdi işlə məşğul olmağa da vaxtı qalmır. 2001-ci ildən bəri rəsmi iş yeri vardır. Ona görə də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-818/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin yaşayış minimumuna uyğun artırılmasının mümkün olmasını hesab edir. Cavabdeh evlilik müddətində rəsmi əmək haqqı almasına, fərdi işlərlə məşğul olmasına baxmayaraq, ailəsinə bir qəpik belə pul vermədiyindən həm gündəlik xərclər, həm kommunal məsrəflər, həm də məişət qayğıları onun üzərinə düşürdü. İşə düzəldikdən sonra aldığı maaşı banklarda depozit hesabı açmaq üçün yığmasını bəhanə edərək gündəlik xərcini də ondan alırdı. O da ailəsini dolandırmaq üçün rəsmi əmək haqqından əlavə valideynlərinin maddi dəstəyindən faydalanmışdır. Hətta evlilik müddəti ərzində o, bir dəfə də olsun uşaqların ad günlərində pul xərcləməmiş, həmin günlər müxtəlif bəhanələrlə evdən getmişdir. Boşandıqdan sonra isə o, birgə nikah müddətində yığdığı bank depozitlərini gizlicə çıxarıb onun və uşaqlarının əmlak payını mənimsəyib özününkiləşdirmişdir. Bundan başqa, cavabdeh boşanma ərəfəsində olarkən, yəni 2018-ci ilin iyun ayında Bakı şəhəri Xətai Rayon Məhkəməsində atasının onun adına aldığı 3 otaqlı mənzilin üzərinə həbs qoyub, mənzilin ½ hissəsinə iddia qaldırmışdır. Tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri nəticəsində ona məxsus olan Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 8A saylı evin 4 saylı mənzili 2/3 və 1/3 nisbətilə onun və iddiaçının arasında bölünmüşdür. Uzun sürən məhkəmə çəkişmələri nəticəsində birgə nikah müddətində cavabdehin mənimsədiyi əmanət payı isə 1/2 nisbətilə bölünmüşdür. Onun xərcinin çox hissəsi böyük oğlunun müalicəsinə, iynə-dərmanlarına sərf olunmuşdur və indi də sərf olunur. X9 anadangəlmə allergiyaya meylli olduğu üçün daim müalicədədir. 2018-ci ilin dekabr ayında da uşaqda kəskin övrə/kvinke ödemi diaqnozu olduğu üçün onunla birlikdə 6 saylı X3 yatmış, sonra kurs müalicələri evdə davam etdirmişdir. Cavabdeh isə bir dəfə də olsun xəstə uşağı ilə maraqlanmamışdır. Əksinə, daim səs-küy salaraq, nalayiq ifadələr işlədərək, əsassız münaqişələr yaradaraq onun əsəbi böyüməsinə səbəb olmuşdur. Övladı Vüqarın ən son xəstəxana müayinə və analizlərinin xərclərini göstərən çekləri də məhkəməyə təqdim etmişdir. Əlicanlı Vüqarın ən son müayinə çeklərinin ümumi dəyəri 262 manat təşkil edir. İynə-dərmana sərf olunan digər xərclər bura daxil deyil. Ümumilikdə, həmin çeklərdə göstərilən 252 manatın 50%-nin, yəni 126 manat məbləğin nağd pul şəklində cavabdehdən tutularaq ona ödənilməsini zəruri hesab edir. Bu məsələ barədə mediasiya təşkilatına müraciət etsə də, cavabdeh mediasiya prosesinə gəlməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə nikahlarına xitam verildikdən sonra yenidən nikaha daxil olub və bu nikahdan bir azyaşlı uşağı vardır. Hazırda o 695 manat əmək haqqı alır və iddia tələbində qeyd olunan məbləği ödəməyə maddi imaknı yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan AZ-İ seriyalı 304939 saylı nikahın pozulması haqqında şəhadətnamədən müəyyən olunur ki, tərəflər arasındakı nikah pozulmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı 457584 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu ildə X4 anadan olmuşdur. İş materiallarında olan AZ-İİİ seriyalı 128061 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2013cü ildə X5 anadan olmuşdur. İş materiallarında olan ödəniş qəbzlərinin surətlərindən müəyyən olunur ki, X1 müayinə və müalicəsi üçün ümumilikdə 252 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)- 818/2020 saylı qətnamədən müəyyən olunur ki, Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-3587/2019 saylı qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin məbləği dəyişdirilməsi, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 340 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi, Cavabdeh əlavə xərclərə görə birdəfəlik 138 manat məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya şurasında xx.xx.2022-ci il tarixdə 11:00-12:00 saatlarına təyin olunmuş iclasda iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Həmin Məcəlləsinin 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi, üç və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 anadan olmuşdur. Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-818/2020 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin məbləği dəyişdirilməsi, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 340 manat manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi ilə tutulmuş aliment uşaqların ehtiyacını təmin edə bilmir və maddi cəhətdən uşaqların saxlanmasına kifayət etmir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən 01 yanvar 2022-ci il tarixdən uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud hər hansı digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə iclasında iddiaçı tərəfindən cavabdehin rəsmi qazancının, əlavə qazancının və ya gəlirinin olması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, alimentin miqdarı müəyyən edilərkən yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 193 manat olmasını, iş üzrə əvvəlki məhkəmə qərarı ilə təyin edilmiş alimentin məbləğinin uşağın saxlanması üçün yetərli olmamasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-818/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.3-ci maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Beləliklə, qanun tələbinə əsasən uşaq xəstəlikdən əziyyət çəkirsə və onun əlavə qayğıya ehtiyacı vardırsa, uşaqla qalan və göstərilənlərlə bağlı xərcləri çəkmiş valideyn məhkəmə vasitəsilə bu xərclərin yarısının digər valideyndən tutulmasını tələb edə bilər. Bunun üçün qeyd olunan xərclərin həyata keçirilməsini təsdiq edən ödəniş çekləri və digər sənədlər sübut olaraq məhkəməyə təqdim olunmalıdır. İddia tələbinin predmeti həm faktiki çəkilmiş əlavə xərclər, həmdəki tam olaraq gələcəkdə çəkilməsi zəruri olan xərclər ola bilər. Bu zaman cavabdehdən əlavə olaraq alimentin tutulmasının və onun məbləğinin əhəmiyyəti yoxdur. Belə ki, əlavə xərclər aliment hesab edilmirlər. Nəzərə alınmalıdır ki, qeyd olunan xərclərin ödənilməsi vəzifəsi bərabər olaraq hər iki valideynin üzərinə qoyulmuşdur, belə ki, hüquq normasının hərfi mənasına görə digər valideyn tərəfindən bu məbləğin tam olaraq ödənilməsi deyil, bu xərclərin ödənilməsinə cəlb olunması nəzərdə tutulmuşdur. Məhkəmə iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşağın mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən birdəfəlik qaydada uşaqların müalicəsi üçün əlavə çəkilmiş xərclərin yarısı miqdarında, yəni 126 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa xx.xx.2021-ci il tarixdə qüvvəyə minmiş “X6” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat və 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu kimi ödənilməlidir. İş üzrə ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin 50%-i 27 manat Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddianın qiymətinin, yəni bir il ərzində ödəmənin məcmusunu nəzərə alaraq, ödənilməli 39.32 manat dövlət rüsumu Cavabdeh dövlət gəlirinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-818/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılsın. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 193 manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh əlavə xərclərə görə ödənilmiş birdəfəlik 126 (yüz iyirmi altı) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş 27 (iyirmi yeddi) manat mediasiya xərci-Cavabdeh tutularaq İddiaçı verilsin. Məhkəmə xərcləri – 39.32 (otuz doqquz manat, otuz iki qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-2890/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2890/2022
13.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver