Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2893/2023 28.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ədər oğlundan birgə nikahdan olan uşaqları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-14893/2016 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa görə 117 manat,ümumilikdə 334 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin təyin edilməsi və mediatora ödədiyi 50 (əlli) manat rüsumun İddiaçı Müsahib qızının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)-2439/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh Ədər oğlundan övladlarının saxlanması üçün tutulan 170 manat aliment miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
3. Bakı şəhəri Suaraxanı Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(10)-14893/2016 saylı qətnaməsi ilə birgə nikahdan anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün onun xeyrinə Cavabdeh hər ay hər uşağa görə 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qeyd edir ki, hazırda cavabdehin hər ay hər uşağa ödəməli olduğu 117 (bir yüz on yeddi) manat aliment uşaqların normal saxlanması üçün yetərincə deyildir. İndiki iqtisadi çətinliklər zamanında, qiymətlərin sürətli artımı vaxtında, uşaqlara sərf olunan xərclər artırdığı üçün alimentin artırılmasına böyük ehtiyac vardır. Qeyd edir ki, cavabdehin uşaqları normal saxlanması üçün daha yüksək aliment ödəməyə imkanı vardır. Lakin o bunu könüllü etməkdən yayınır.
Tərəflərin izahatları
4. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, uşaqların saxlanılması xərcləri artdığından təkbaşına bu xərcləri qarşılamaqda çətinlik çəkir.
5. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirdi. Əlavə olaraq qeyd etdi ki, qeyd olunan məbləğdə aliment ödəməyə maddi imkanı çatmır.
İş materialları
6. Suraxanı Rayon Məhkəməsinin 2(010)-14893/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, birgə nikahdan anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh iddiaçının xeyrinə 06 dekabr 2016-cı il tarixdən hesablanmaqla hər ay hər uşağa görə 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
7. Suraxanı Rayon Məhkəməsinin 2(010)-2439/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 2(010)-14893/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan 117 manat aliment miqdarı artırılaraq hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində müəyyən edilmişdir.
İşin faktiki halları
8. Tərəflər arasında rəsmi nikahın olması, aralarındakı nikahdan iki uşaqlarının olması, daha sonra məhkəmə qətnaməsi ilə nikahın pozulması, uşaqların ananın yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehdən 117 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi və daha sonra məhkəmə qətnaməsi əsasında həmin aliment məbləğinin artırılaraq 170 manat sabit pul məbləğində müəyyən edilməsinə dair hallar işin faktiki hallarıdır. Tərəflər arasında mübahisə obyektini tələb edilən alimentin məbləği təşkil edir. İddiaçı tərəf hesab edir ki, cavabdehdən övladlarının saxlanılmasına görə tutulan alimentin miqdarı artırılmalıdır. İddiaçı bu tələbində ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu qiymətlərinə əsaslanır. Cavabdeh isə maddi imkanı aşağı olduğundan qeyd edilən məbləğdə aliment ödəməyə gücü çatmadığını bildirir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
10. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə Alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
11. Uşaq Hüquqları haqqında Qanun
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
12. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə
6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
14. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
Məhkəmənin mövqeyi
15. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
16. Məhkəmə qeyd edir ki, iddia tələbində iddiaçı cavabdehlə birgə nikahdan olan övladlarının yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşaq üçün 220 manat məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilən aliment miqdarı hazırkı dönəm üçün yetkinlik yaşına çatmayanların mənafelərinə uyğun deyildir. Çünki, keçən dövr ərzində yaşayış şərtləri dəyişmiş, qiymətlər inflyasiyaya məruz qalmışdır. Bu hal şəraitin dəyişməsi kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan uşaqlar anaları – iddiaçının himayəsindədirlər və xx.xx.2020-ci il tarixli qətnamə ilə alimentin təyin edilməsindən hazırkı vaxta qədər keçən dövr ərzində şəraitin dəyişməsi ilk növbədə iddiaçının maddi vəziyyətinə təsir etmiş olur. Ona görə də, məhkəmə hesab edir ki, aliment məbləği artırılmalıdır. Bu xüsusda cavabdehin aliment ödəməyə maddi imkanının olmaması barədə etirazını məhkəmə əsaslı hesab etmir. Çünki, bu hal, yuxarıda istinad edilmiş hüquq normalarının tələbləri baxımından cavabdehi aliment ödəməkdən azad etmir. Təyin ediləcək alimentin məbləğinə münasibətdə isə, qeyd edilməlidir ki, yuxarıda qeyd olunan “Yaşayış minimumu haqqında” Qanundan da göründüyü kimi, 2023-cü il üçün uşaqlara görə yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Bu xüsusda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların - xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq, hesab edir ki, iddiaçının tələbi təmin edilməli və xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
17. Alimentin artırılması barədə iddia tələbi üzrə qətnamənin icrası o, qanuni qüvvəyə mindiyi vaxtdan hesablanır.
Məhkəmə xərcləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, mediasiya xərci olaraq ödənilmiş 50 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
19. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2439/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh X2 xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment miqdarı artırılaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, hər ay cəmi 440 manat sabit pul məbləğində müəyyən edilsin. Mediasiya prosesində iştirak etməyə görə iddiaçı tərəfindən ödənilmiş 50 manat rüsumun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.