Məhkəmə qərarları › İş №2(010)-2894/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2894/2023

16.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2894/2023 16.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X6 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-cı il tarixli, 2(103)-6710/2022 saylı qətnaməsi ilə birgə nikahdan anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün onun (iddiaçının) xeyrinə Cavabdeh hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda cavabdehin hər ay hər uşağa ödəməli olduğu 170 manat aliment uşaqların normal saxlanması üçün yetərincə deyildir. İndiki iqtisadi çətinliklər zamanında , qiymətlərin sürətli artımı vaxtında , uşaqlara sərf olunan xərclər artdığı üçün alimentin artırılmasına böyük ehtiyac vardır. Cavabdehin uşaqların normal saxlanması üçün daha yüksək aliment ödəməyə imkanı vardır. Lakin o bunu könüllü etməkdən yayınır. Alimentin artırılması təklifi ilə o, cavabdehə təklif göndərdikdən sonra Mediasiya Şurasına müraciət etmişdir. Lakin cavabdeh Mediasiya prosesində iştirak etmədiyi üçün razılıq əldə olunmamış və ona məhkəməyə müraciət etmək tövsiyə edilmişdir.

İddiaçının tələbi.

2. Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Bakı Apelliyasiya Məhkəməsinin xx.xx.2022-cı il tarixli ,2(103)- 6710/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin təyin edilməsi və mediatora ödədiyi 50 manat rüsumun iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, əlavə olaraq qeyd etdi ki, cavabdeh məhkəmənin təyin etdiyi 340 manat alimenti ödəyir, ancaq uşaqlar böyüdüyünə görə tələbatları da artır, belə ki, uşaqların universitetə hazırlaşmaları üçün yüksək məbləğ lazımdır, sadalananlara əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında qeyd etdi ki, aylıq gəliri 600-650 manat olur, hal-hazırda 380 manat aliment ödəyə bilər.

İş materialları.

5. AZ-T seriyalı 171077 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2008-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

6. AZ-T seriyalı 171078 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2010-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-89/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında bağlanmış və Suraxanı rayon Qeydiyyat şöbəsində 1370 sayla qeydə alınmış xx.xx.2007-ci il tarixil nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2008-cı il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 nikah pozulduqdan sonra İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2008-cı il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər uşağa görə 193 manat olmaqla cəmi, 386 manat sabit pul məbləğində aliment tutulması, qətnamənin aliment tələbi hissəsində dərhal icra edilməsi qət edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6710/2022 saylı, nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-89/2022 saylı qətnaməsinin Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilməsi və alimentin məbləğinin hər ay hər uşağa görə 170 manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

İşin faktiki halları.

9. İşin məhkəmədə müəyyən edilən hallarından aydın olur ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olmuşlar, bu nikahdan iki uşaqları var. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-89/2022 saylı qətnaməsinə əsasən nikah pozulmuşdur, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 anasının yanında yaşayır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

11. Azərbaycan Respublikası Ailə Məcəlləsi. Maddə 56. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

12. “Uşaq hüquqları haqqında” Qanun.

Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə.

Maddə 6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

14. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” 22 noyabr 1989-cu il tarixli Konvensiyası. Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Maddə 3.1. “ Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən”.

15. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu.

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

17. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

18. Belə ki, işin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından iki uşaq doğulmuşdur və uşaqlar hazırda iddiaçının yanında qalırlar. Bu baxımdan uşaqları yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşaqların saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur.

19. xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulmasına dair Bakı Apellyasiya Məhkəməsinın xx.xx.2022-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşağın yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, iddia tələbi və 2023-cü il üçün uşağın saxlanmasına görə qanunla müəyyən edilmiş yaşayış minimumu nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamağının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafını, iddiaçının cavabdehin gəlirləri barədə sübutlarını məhkəməyə təqdim edə bilməməsini nəzərə alıb məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməklə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Alimentin hər uşaq üçün 200 manat sabit pul məbləğində təyin olunmasını istisna edən, həmçinin aliment məbləğinin daha çox miqdarda müəyyən edilməsini mümkün edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”

21. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

22. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia təmin edilərək, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində müəyyən edilməlidir.

23. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh tutulan aliment miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Çünki, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulmasına dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6710/2022 saylı qətnaməsi halhazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşağın saxlanılması üçün qeyd olunan məbləğdə aliment tutulur. Lakin, hazırkı iş üzrə aliment miqdarının dəyişdirilməsi barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6710/2022 saylı qətnaməsi öz qüvvəsini itirir və hazırkı iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdə tutulmalıdır.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarında həmçinin qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

25. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən mediasiya prosesində iştirak üçün ödənilmiş 50 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. İşdən görünür ki, iddiaçı 50 manat mediasiya sessiyalarının keçirilməsi üçün pul ödəmişdir.

26. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

Məhkəmənin gəldiyi nəticə.

27. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməli, cavabdehdən mediasiya prosesində iştirak üçün ödənilmiş 50 manat alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6710/2022 saylı qətnamə ilə tutulan alimentinin miqdarı dəyişdirilsin və xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. 50 (əlli) manat mediasiya sessiyasında iştirak üçün ödənilmiş pul vəsaitinin əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar