Məhkəmə qərarları › İş №2(010)-2909/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2909/2023

28.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2909/2023 28.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiаçı İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdehndən 2000 (iki min) manat, 40 (qırx) manat məbləğində dövlət rüsumu, ümümilikdə 2040 (iki min qırx) manat pul vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında bağlanmış “xidmət işlərin görülməsi və avadanlığın satışına dair” 29 mart 2023-cü il tarixli, 905 saylı müqavilənin 1.1, 3.3.1, 3.3.2, 4.1-ci bəndlərinə və həmin müqavilənin ayrılmaz hissəsi olan 1 nöçrəli əlavəyə əsasən Cavabdeh MMC 30 aprel 2023-cü il tarixədək ona 1 (bir) ədəd dəhliz dolabı, 1 (bir) ədəd moydadır və 2 (iki) ədəd camaşırxana hazırlayıb təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin məhsullara görə Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixində 1000 (bir min) manat və xx.xx.2023-cü il tarixdə 1000 (min) manat olmaqla, ümümilikdə 2000 (iki min) manat ödənilmişdir. Lakın, Cavabdeh MMC bu günədək qeyd olunan məhsulları hazırlayıb ona təhvil verməmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh ilə müqavilə bağlanmışdır. Hazırda müqavilə üzrə cavabdeh öz öhdəliyini ümumiyyətlə icra etməmişdir. Bu səbəbdən Cavabdehndən müqavilə üzrə 2000 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış müraciətdən görünur ki, "xxxx" MMC xx.xx.2023-cü il tarixdə bağlanmış xidmət işlərinin görülməsi və avadanlığın satışına dair müqaviləsi üzrə yaranmış öhdəlik barədə məlumat verilmiş, 1ədəd dəhliz dolabı, 1ədəd moydadır və 2 ədəd camaşırxananı 31 may 2023-cü il tarixinədək ona təhvil verməyini və yaxud həmin məhsullara görə "xxxx" MMC-yə ödədiyi ümümilikdə 2000 manat məbləği ona geri qaytarmağı xahiş etmişdir. Əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Həmin pretenziya poçt operatoruna xx.xx.2023-cü il tarixdə rəsmi qaydada verilmişdir. xx.xx.2023-cü il tarixli vatsap yazışmalarıdnan görünür ki, cavabdeh ödəniş etməsi üçün iddiaçıya üstündə “Teymur Maharramov”un adı olan “Bank Respublika”ya məxsus 5417********9174 nömrəli kartın şəkilini göndərmiş, iddiaçı isə "xxxx" MMC-yə məxsus olan “M10” ödəniş sistemi vəsitəsi ilə həmin karta etdiyi 1000 manat ödəniş qəbzinin şəklini göndərmişdir. 28 aprel 2023-cü il tarixli vatsap yazışmalardan görünür ki, iddiaçı mesaj göndərərək, göndərildiyi nömrə biznes-akaunt olmaqla, cavab olaraq növbəti məzmunda avtomatik mesaj gəldi: “спасибо за обращение в Marthwood Azerbaijan” İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə xidmət işlərinin görülməsi və avadanlığın şatışına dair müqavilədən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı alıcıya müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli əlavədə qeyd edilmiş məhsulları (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşmdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir. 2.1-cı bəndində əsasən Malın qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşma ilə müəyyənləşir. Müqavilənin 3.1.1-ci bəndinə əsasən, satıcı müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək hüququndadır. Satıcının vəzifələri: 3.3.1 Malı Müqavilənin 4.1-ci maddəsində müəyyən edilmiş müddətdə alıcının mülkiyyətinə vermək. 3.3.2 Alıcını müqaviləyə uyğun malla təmin etmək. 3.3.3. Alıcıya tərəflərin raşılaşdırdıqları çeşiddə əşyalar vermək. Alıcının hüquqları: 3.3.4-cü bəndinə əsasən, alıcıya əşyaları onların daşınması və saxlanması üçün zəruri olan şəkildə qablaşıdrmaqla vermək. 3.4.1-ci bəndinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, müqavilənin icrasından imtina etmək. 3.4.2-ci bəndinə əsasən satıcı üqaviləni pozaraq alıcıya Müqavilə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, çatışmayan miqdarda əşya verilməsini tələb etmək, və ya verilmiş əşyadan və onu ödəməkdən imtina etmək, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək. Alıcının vəzifələri: 3.5.1. Əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) vaxtından gec olmayaraq ödəmək. Malın təhvil verməsi şərtləri: 4.1-ci bəndində Satıcı müqaviləyə uyğun olaraq alıcı tərəfindən müqavilənin ayrılmaz hissəsi olan əlavədə göstərilmiş ilkin ödəniş həyata keçirildikdən sonra müqavilənin ayrılmaz hissəsi olan əlavədə göstərilmiş müddət ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. 4.2 Satıcı malın təhvil verilməsi ilə birlikdə hesab fakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir. xx.xx.2023-cü il tarixli 905-li müqaviləyə əlavədən görünür ki, iddiaçı cavabdehdən ümümi qiyməti 3900 manat olan dəhliz mebeli (korpus laminat, qapaqlar mdf boya, mərmər, güzgü, mdf boya, laminat, laminat) sifariş etmiş və ödəniş cədvəlinə əsasən ödəniş 3 hissəyə bölünmüşdür. İddiaçı tərəfindən xx.xx.2023-cü tarixində birinci ödəniş edilmiş, tərəflər bunu öz imzaları ilə təsdiq etdilər. e-taxes.gov.az sistemindən alınmış məlumata əsasən Cavabdeh MMC –hüquqi şəxsdir, ünvan 1 ünvanında qeydiyyatdadır və onun qanuni təmsilçisi X1r. "xxxx" MMC-yə məxsus olan “M10” ödəniş sistemi vəsitəsi ilə ********** nömrəli qəbzdən görünür ki, Teymur Maharramovun 5417********9174 nömrəli kartına xx.xx.2023cü il tarixində 1000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[16] 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.... Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq... Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427. Öhdəliyin icrası müddəti 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Maddə 441. Öhdəliklərin qarşılıqlı icrası 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər.... Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.... 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.... Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur.... 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur.... 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Maddə 456. Borclunun öz işçilərinin hərəkətləri üçün məsuliyyəti Borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır. Maddə 459. İlkin vəziyyəti bərpa etmək vəzifəsi 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.... 459.6. Qabaqcadan razılaşmaya əsaslanaraq, öhdəliyin pozulması nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan imtina etmək yolverilməzdir. 459.7. Zərərin həcmi müəyyənləşdirilərkən öhdəliyin lazımınca icrası barəsində kreditorun mənafeləri də nəzərə alınmalıdır. Zərərin həcminin müəyyənləşdirilməsi üçün müqavilənin icrası yeri və vaxtı da nəzərə alınmalıdır. Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.....Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.... Maddə 759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Maddə 769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında azad surətdə müqavilə bağlanmış və müqavilə şərtləri müəyyənləşdirilmişdir. Tərəflər arasında bağlanmış müqavilə mahiyyətcə podrat müqaviləsidir, müqavilədə mebelin hazırlanması nəzərdə tutulmuşdur, cavabdeh onu özünün əldə etdiyi materiallardan hazırlamalı və hazırlanmış mebelə mülkiyyəti iddiaçıya verməli idi. Mebel əvəz edilən əşya olduğundan, alğı-satqı qaydaları da tətbiq edilmişdir. İddiaçı müqavilənin şərtlərinə uyğun olaraq öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmişdir. Belə olduğu halda yuxarıda sadalanan qanunvericilik aktların normaları baxımından, məhkəmə hazırki iddia tələbi üzrə cavabdehin hərəkətlərini öhdəliyin icra edilməməsi kimi qiymətləndirir və bu nəticəyə gəlir ki, sonuncu kreditora dəymiş zərərin əvəzini ödəməyə, yəni öhdəliyini icra etməməsi ilə bağlı iddiaçıya müqavilə üzrə aldıqlarını qaytarmalıdır. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə görə, İddiaçı xx.xx.2023-cü il tarixində ümümi məbləği 3900 manat olan dəhliz mebeli sifariş etməklə, ödəniş cədvəlinə əsasən ödəniş 3 hissəyə bölünməklə ilkin ödəniş olaraq Cavabdeh MMC-yə 1000 manat ödəniş edilmişdir. Bu fakt ödəniş cədvəlində də tərəflərin imzaları ilə təsdiq olunmuşdur. xx.xx.2023-cü il tarixində "xxxx" MMC-yə məxsus olan “M10” ödəniş sistemi vəsitəsi ilə ********** nömrəli qəbzlə Teymur Maharramovun 5417********9174 nömrəli kartına 1000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Tərəflərin yazışmaları ilə müəyyən olunur ki, kart sahibi pulu alıb və onu müqavilə üzrə avans ödənişinə hesablamışdır. Bununla da, iddiaçının cavabdehə 2000 manat məbləğinin verilməsi tam təsdiq olunur. Lakin, cavabdeh tərəfindən işlərin hər-hansı bir icrası iş materialları ilə müəyyən edilmir. İddiaçı bildirir ki, işlərdən heç biri icra olunmayıb, cavabdeh isə məlumat alınmasına baxmayaraq, məhkəməyə heç bir etiraz və ya əksini sübut edən əsasları təqdim etməmişdir. Bildiyimiz kimi, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi xarakter daşıyır. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Belə olan halda isə cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməklə, cavabdehdən 2000 manat alınaraq iddiaçıya qaytarmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC Məhdud Məsuliyyətli Cəmiyyətindən 2000 manat məbləğində pul vəsaiti iddiаçı İddiaçı xeyrinə tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 40 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 40 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-yə müqavilə üzrə ödənilmiş 2000 manat və 40 manat məbləğində dövlət rüsumu, ümumilikdə 2040 manat pul vəsaiti Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar