Məhkəmə qərarları › İş №2(010)-2927/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2927/2023

21.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2927/2023 21.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Suraxanı Rayon Məhkəməsinin 2(010)-2511/2021 saylı qətnaməsi ilə təyin edilmiş xx.xx.1989-cu il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 154 (yüz əlli dörd) manat miqdarında alimentin artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia əriəsində texniki səhvə (azyaşlının adı və təvəllüdü səhv yazılmışdır.) yol verilmişdir. Cavabdeh xx.xx.2014cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 154 (yüz əlli dörd) manat miqdarında alimentin artırılaraq hər ay 200 (iki yüz iyirini) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6064/2018 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq xx.xx.1989-cu il təvəllüdlü İddiaçı xeyrinə 23 noyabr 2018-ci il tarixindən başlayaraq hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Qeyd edir ki, indiki iqtisadi çətinliklər dövründə cavabdehin ödədiyi sabit pul məbləğindən 154 (yüz əlli dörd) manat miqdarında aliment yeterincə deyildir. Uşağın saxlanması üçün daha çox xərc tələb olunur. Ona görə də alimentin artırılmasına ehtiyacı vardır. Tərəflərin izahatları

4. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Eyni zamanda məhkəmə iclasında cavabdehdən övladının saxlanması üçün tutulan aliment miqdarının artırılaraq 200 manat müəyyən edilməsini xahiş etdi və bununla bağlı məhkəməyə ərizə təqdim etdi.

5. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirdi. Əlavə olaraq qeyd etdi ki, qeyd olunan məbləğdə aliment ödəməyə maddi imkanı çatmır. Özü gündəlik əmək haqqı üçün işləyir.

İş materialları

6. Suraxanı Rayon Məhkəməsinin 2(010)-11180/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh İddiaçı etirafı təsdiq edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X1 İddiaçı yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2016-cı ildən başlayaraq hər ay 117 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

7. AZ-İ 240370 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 331 nömrə ilə qeyd edilmişdir.

8. Suraxanı Rayon Məhkəməsinin 2(010)-6064/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 11180/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh tutulan aliment miqdarı artırılaraq hər ay 154 manat sabit pul məbləğində müəyyən edilmişdir.

İşin faktiki halları

9. Tərəflər arasında rəsmi nikahın olması, aralarındakı nikahdan bir uşaqlarının olması, daha sonra məhkəmə qətnaməsi ilə nikahın pozulması, uşağın ananın yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehdən 117 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi və daha sonra məhkəmə qətnaməsi əsasında həmin aliment məbləğinin artırılaraq 154 manat sabit pul məbləğində müəyyən edilməsinə dair hallar işin faktiki hallarıdır. Tərəflər arasında mübahisə obyektini tələb edilən alimentin məbləği təşkil edir. İddiaçı tərəf hesab edir ki, cavabdehdən azyaşlının saxlanılmasına görə tutulan alimentin miqdarı artırılmalıdır. İddiaçı bu tələbində ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu qiymətlərinə əsaslanır. Cavabdeh isə maddi imkanı aşağı olduğundan qeyd edilən məbləğdə aliment ödəməyə gücü çatmadığını bildirir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

11. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə Alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

12. Uşaq Hüquqları haqqında Qanun

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə

6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

15. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Məhkəmənin mövqeyi

16. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

17. Məhkəmə qeyd edir ki, iddia tələbində iddiaçı övladı xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 220 manat məbləğində aliment tutulmasını xahiş etsə də, lakin daha sonra izahatında, həmçinin ərizə təqdim edərək cavabdehdən hər ay 200 manat məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilən aliment miqdarı hazırkı dönəm üçün yetkinlik yaşına çatmayanın mənafelərinə uyğun deyildir. Çünki, keçən dövr ərzində yaşayış şərtləri dəyişmiş, qiymətlər infylasiyaya məruz qalmışdır. Bu hal şəraitin dəyişməsi kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan anası – iddiaçının himayəsindədirlər və xx.xx.2018-ci il tarixli qətnamə ilə alimentin təyin edilməsindən hazırkı vaxta qədər keçən dövr ərzində şəraitin dəyişməsi ilk növbədə iddiaçının maddi vəziyyətinə təsir etmiş olur. Ona görə də, məhkəmə hesab edir ki, aliment məbləği artırılmalıdır. Bu xüsusda cavabdehin aliment ödəməyə maddi imkanının olmaması barədə etirazını məhkəmə əsaslı hesab etmir. Çünki, bu hal, yuxarıda istinad edilmiş hüquq normalarının tələbləri baxımından cavabdehi aliment ödəməkdən azad etmir. Təyin ediləcək alimentin məbləğinə münasibətdə isə, qeyd edilməlidir ki, yuxarıda qeyd olunan “Yaşayış minimumu haqqında” Qanundan da göründüyü kimi, 2023-cü il üçün uşaqlara görə yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Bu xüsusda məhkəmə yetkinlik yaşına çatmayan Gülqəndin yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq, hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməli və xx.xx.2014-cü il təvəlüdllü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

18. Alimentin artırılması barədə iddia tələbi üzrə qətnamənin icrası o, qanuni qüvvəyə mindiyi vaxtdan hesablanır.

Məhkəmə xərcləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, mediasiya xərci olaraq ödənilmiş 50 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-60642018- saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh Təhmaz oğlundan xx.xx.2014-cü il təvəlüdllü X1 yetkinlik yaşına çatanadək salanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 200 manat sabit pul məbləğində müəyyən edilsin. Artırılmış aliment məbləği qətanmə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Mediasiya prosesində iştirak etməyə görə iddiaçı tərəfindən ödənilmiş 50 manat rüsumun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar