Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2944/2021 05.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2 və Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı “kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı (bundan sonra BOKT "xxxx" MMC) Cavabdeh qarşı “kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlə BOKT "xxxx" MMC arasında bağlanmış 27.08.2019-cu il tarixli, L-BK-0048234-F saylı Kredit müqaviləsinə əsasən, Cavabdeh 9466.21 manat məbləğində əsas məbləğ üzrə borcu, 3426.77 manat məbləğində faiz borcu və 725.74 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin əvəzi olmaqla, cəmi 13618.72 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh BOKT "xxxx" MMC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT "xxxx" MMC arasında 27.08.2019-cu il tarixli, L-BK-0048234-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən avtomobil alışı məqsədilə borcluya 18 ay müddətinə, aylıq 3%, illik 36% olmaqla 13000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 3533.79 manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 2226.21 manat olmaqla, cəmi 5760 manat məbləğində pul ödənilmişdir. Hal-hazırda Cavabdeh təşkilata ödənilməmiş 9466.21 manat məbləğində əsas məbləğ və 3426.77 manat məbləğində faiz borcu vardır. Bundan əlavə, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27.08.2019-cu il tarixli, L-BK-0048234-F saylı kredit müqaviləsinin 6.7-ci maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər (əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin maddəsinə əsasən zərər (əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Halhazırda müqaviləyə əsasən hesablanmış zərər (əldən çıxmış fayda) 725.74 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə etdi ki, kredit müqaviləsi bağlanarkən girov müqaviləsi bağlanmış və qızıl girov qoyulmuşdur. Həmin vaxt zərgər tərəfindən qızılların əyarı, həqiqiliyi yoxlanılmış və qızıllar qablaşdırılaraq heç bir müdaxilə olunmadan saxlanılmışdır. Sonradan müəyyən edilmişdir ki, qızıllar həqiqi olmamışdır və həmin zərgər barəsində cinayət işi açılaraq həbs edilmişdir. Hazırda iş üzrə istintaq davam etdirilir. Bu səbəbdən hazırkı tələbin həmin saxta qızıllara yönəldilməsi mümkün olmamış, iddiaçı təşkilat cavabdehdən kredit müqaviləsi üzrə ödənilməmiş borcu tələb etmişdir. Bu günədək borcdan cəmi 5760 manat ödəniş edilmiş, onun təxminən 3500 manatı əsas borca, qalanı isə faizə çıxılmışdır. Borclu ödənişləri ödəniş qrafikinə əsasən həyata keçirməyərək ödənişləri gecikdirdiyindən ödənilmiş məbləğin əhəmiyyətli hissəsi faizə çıxılmışdır. Əgər ödənişlər vaxtında olsa idi, daha az hissə faizə çıxılardı. Hazırda cavabdehdən tələb edilən pul onun kredit müqaviləsi üzrə ödənilməmiş borcudur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qismən qəbul edərək bildirdi ki, Cavabdeh götürülmüş kredit üzrə ödənilməmiş təxminən 9000 manat məbləğində borcu qalmışdır. Tələb edilən faiz borcu və dəymiş zərər məbləği çox yüksəkdir. Həmçinin, kredit götürülərkən qızıl girova qoyulduğundan müvafiq borc qızıllara yönəldilməli, pul qızılların hesabına ödənilməlidir. Qızılların saxta olmasının isə onlara aidiyyəti yoxdur. Odur ki, məhkəmədən iddianın qismən, yalnız əsas borca münasibətdə təmin edilməsini və tutmanın girov qoyulmuş qızıllara yönəldilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: BOKT "xxxx" MMC və Cavabdeh arasında bağlanmış 27.08.2019-cu il tarixli, L-BK- 0048234-F saylı kredit müqaviləsindən görünür ki, bu müqavilənin predmeti Kreditor tərəfindən Borcluya “Digər qeyri biznes məqsədləri: nağd ehtiyaclar üçün avtomobil alışı” məqsədilə 18 ay müddətinə 13000 manat məbləğində kredit verilməsinə, borclunun isə krediti qəbul etməsinə, bu müqavilədə göstərilən məqsədlə istifadə etməsinə, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kreditə görə hesablanmış faizləri kreditora qaytarmasına dair borc öhdəliyidir. L-BK-0042178 saylı kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş qrafikindən görünür ki, BOKT tərəfindən Borcluya verilmiş 13000 manat məbləğində kredit üzrə ödənişlərin 02.10.2019 – 02.03.2021-ci il tarixləri arasında hər ay 955 manat (sonuncu ay 951.29 manat) olmaqla ödənilməsi müəyyən edilmişdir. BOKT "xxxx" MMC tərəfindən verilmiş 19.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh təşkilata ödənilməmiş 9466.21 manat məbləğində əsas məbləğ üzrə borcu, 3426.77 manat faiz borcu və 725.74 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin əvəzi olmaqla, cəmi 13618.72 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsas və faiz borcuna əsaslıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borc tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Borclu isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə əsas borcu və faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Bundan başqa, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 6.7-ci maddəsinə əsasən, Kreditora dəymiş zərər – müqavilənin 6.1-ci bəndində nəzərdə tutulmuş aylıq faiz dərəcəsi miqdarında ödənilməmiş əsas məbləğə 6 ay müddətinə hesablanacaq. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının borclu tərəfindən gecikdirilməsi nəticəsində kreditor tərəfindən məhkəməyə müraciət edilərsə kreditora dəymiş zərər hesablanaraq iddia məbləğinə əlavə ediləcəkdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının borclu tərəfindən gecikdirilməsi nəticəsində kreditora dəymiş zərərin ödənilməsi və bu zərərin hesalanması nəzərdə tutulmuşdur. Lakin məhkəmə hesab edir ki, cavabdehdən dəymiş zərər kimi tələb edilən məbləği – 725.74 manat – işin hallarına uyğun deyil və tənasübsüz surətdə yüksəkdir. Məhkəmə hesab edir ki, cаvаbdehin öz öhdəliyini lаzımıncа yerinə yetirməməkdə ifаdə оlunаn ümumi mаrаqlа iddiaçının mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn dəymiş zərərin miqdаrının аzаldılаrаq 300 manat məbləğində müəyyən edilməsi məqsədəuyğun hesab oluna bilər. Odur ki, iddia bu hissədə də təmin edilməlidir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi tələbin girov qoyulmuş qızıllara yönəldilməsini xahiş etsə də məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, bu qızıllar saxta olmuş, hətta həmin qızılların həqiqiliyini müəyyən edən zərgər barəsində cinayət işi açılmışdır. Cavabdehin nümayəndəsi qızılların saxta çıxmasının onlara aidiyyəti olmadığını bildirsə də nəzərə alınmalıdır ki, hər bir halda tələbi girov predmetinə yönəldib-yönəltməmək girov saxlayan kimi iddiaçının hüququdur. Hazırkı işdə isə xüsusi nəzərə alınmalıdır ki, cavabdeh iddiaçıdan tələbin saxta qızıllara yönəldilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 27.08.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 9466.21 manat əsas, 3426.77 manat faiz, 300 manat əldən çıxmış fayda olmaqla, cəmi 13192.98 manat (on üç min yüz doxsan iki manat doxsan səkkiz qəpik) məbləğində pul alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə verilməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 27.08.2019-cu il tarixli müqavilə üzrə 9466.21 manat əsas borc, 3426.77 manat faiz borcu, 300 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin əvəzi olmaqla, cəmi 13192.98 manat (on üç min yüz doxsan iki manat doxsan səkkiz qəpik) məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-2944/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2944/2021
05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver