Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-297/2021 18.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12.500 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 894 nömrəli, xx xxxx 2000-ci il tarixli Sərəncamı ilə Cavabdeh fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi N.İsmayılov küçəsi 6 nömrəli binanın qarşısındakı sahə, bağ sahəsi kimi istifadə etdiyi 300 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamla fərdi yaşayış evinin tikintisi qaydaları və digər tələblər müəyyən edilmişdir. Heç vaxt mütəmadi əmək fəaliyyəti ilə məşğul olmamış Cavabdeh həmin torpaq sahəsini əldə etmək, orada fərdi yaşayış evini inşa etmək imkanı olmamışdır. Torpaq sahəsi onun və mərhum arvadı Gülbəyim Əmirxanovanın vəsaiti hesabına əldə edilmiş, həmçinin torpaq sahəsinin ayrılmasına dair sərəncam verilmiş torpaq sahəsi təhvil verildikdən sonra həmin sahə və faktiki istifadə də olan digər hissəsinin ətrafına hasar çəkilmiş və torpaq sahəsində fərdi yaşayış evinin inşasına başlanmışdır. Həmin torpaq sahəsinin qonşuluğunda faktiki olaraq eyni hasar daxilində oğlu Vahid Quliyevə və qızına məxsus fərdi yaşayış sahələri mövcuddur. Vahid Quliyevin yaşadığı fərdi yaşayış evi onun vəsaiti hesabına inşa edilmiş və evi nəvələri üçün inşa etmiş, qızına məxsus fərdi yaşayış evi isə onun özü və ərinin vəsaiti hesabına inşa edilmişdir. Cavabdeh mütəmadi əmək fəaliyyəti ilə məşğul olmayıb daimi gəlirə malik olmadığından, fərdi yaşayış evinin inşasının aparılması, inşaat materiallarının alınması, ustaların pulunun ödənilməsi ilə bağlı bütün xərclər onun və mərhum arvadının vəsaiti hesabına təmin edilmişdir. Hazırda belə bir mübahisənin yaranması və bu iddia tələbinin cavabdehə qarşı yönəlməsini zəruri edən hal cavabdehin ailə olaraq planlaşdırdıqları işlərə qarşı gəlib fərqli tələblər irəli sürməsidir. Torpaq sahəsinin əldə edilməsi və orada fərdi yaşayış evinin inşa edilməsində məqsəd cavabdehin və yaxud ehtiyac olduqda digər oğlunun həmin yaşayış sahəsinə köçürülməsini təmin etmək olmuşdur. Cavabdeh, digər oğlu Vahid və qızı Sevda Məmmədova ona verilmiş xidməti mənzildə qeydiyyatda olmaqla istifadə hüququna malikdirlər. O, Cavabdeh təklif etmişdir ki, həmin mənzildə olan payından imtina etsin, o, mənzili satıb evi olmayan oğlu üçün də şərait yaratsın, hansı ki onu da evləndirmək istəyir və onun da mənzil şəraiti yaxşılaşdırılmalıdır. Lakin Cavabdeh və arvadı Kəmalə Quliyeva mənzilə payından imtina edib ona məxsus torpaq sahəsində inşa edilmiş yarımçıq tikilini tamamlayıb ora köçmək niyyətindədir, əlavə olaraq mənzildən pay istəyir, üstəlik torpaq sahəsi ilə qonşuluqda yerləşən qızı S.İmanovaya məxsus evə sahib olub orada yaşamaq istəyir, bu azmış kimi mənzildə onun yaşamağına imkan vermir, hətta cavabdeh və arvadı əsassız şikayət və ərizələrlə ailə üzvlərini, digər övladlarını da ciddi şəkildə narahat edir, hər gün hansısa bir mübahisənin və skandalın şahidi olurlar. Birlikdə yaşamaqları mümkün deyil. Bütün bunlardan sonra hesab edir ki, Cavabdeh məxsus torpaq sahəsində aparılmış inşaat işlərinə görə çəkilmiş xərclər ondan tələb edilməlidir. O, bunu bir valideyn olaraq etmişdir, ancaq qanunla onun belə bir öhdəliyi yoxdur, hazırda cavabdehin davranışları da onu məcbur edir ki, həmin xərcləri cavabdehdən tələb etsin. Fərdi yaşayış evi (yarımçıq tikili) istifadə üçün yararlı deyil, inşası tam başa çatmamış, ancaq müəyyən tamamlama işləri aparıldıqdan sonra yaşamaq mümkündür. Torpaq sahəsi də sərəncamla Cavabdeh məxsusdur. Torpaq sahəsinin hasara alınması və tikilinin inşası üçün təxminən 12.000 manat vəsait xərclənmiş, həmçinin evdən magistral kanalizasiya xəttinə yeni xətt çəkilmiş və 500 manat bunun üçün pul xərclənmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 894 nömrəli, xx xxxx 2000-ci il tarixli Sərəncamı ilə Cavabdeh fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi N.İsmayılov küçəsi 6 nömrəli binanın qarşısındakı sahə, bağ sahəsi kimi istifadə etdiyi 300 kv.m torpaq sahəsi ayrılmışdır. Bu hal heç kim tərəfindən mübahisələndirilmir. Mübahisəli torpaq sahəsi iddiaçının və onun mərhum arvadı Gülbəyim Əmirxanovanın vəsaiti hesabına əldə edilmiş, həmçinin torpaq sahəsinin ayrılmasına dair sərəncam verilmiş torpaq sahəsi təhvil verildikdən sonra həmin sahə və faktiki istifadədə olan digər hissəsinin ətrafına hasar çəkilmiş və torpaq sahəsində fərdi yaşayış evinin inşasına başlanmışdır. Cavabdeh mütəmadi əmək fəaliyyəti ilə məşğul olmayıb daimi gəlirə malik olmadığından, fərdi yaşayış evinin inşasının aparılması, inşaat materiallarının alınması, ustaların pulunun ödənilməsi ilə bağlı bütün xərclər iddiaçının və mərhum arvadının vəsaiti hesabına təmin edilmişdir. Tikili xeyli müddət əvvəl, yəni 2000-ci illərin əvvələrində inşa edilmiş, üstəlik tikintinin aparılması ilə bağlı çəkilən xərcləri təsdiq edən heç bir sənəd mövcud deyil. Mübahisəli torpaq sahəsini iddiaçı özünün və mərhum arvadının vəsaiti hesabına alıb və cavabdehin adına rəsmiləşdiriblər. Həmin torpaq sahəsinin üzərində özbaşına tikili tikilib və hələ ki, həmin tikilinin rəsmi sənədi yoxdur. İddiaçı və arvadı oğulları olan Cavabdeh onun adına torpaq alacaqlarını deyiblər və bildiriblər ki, evlənəndən sonra həmin torpaq sahəsinə ailəsi ilə birlikdə köçər. Cavabdeh 45 yaşında ailə qurub. Onun arvadı həmin tikiliyə köçüb orada yaşamaq istəmir. Belə olan halda iddiaçı onlara ya həmin evə köçüb yaşamalarını, ya həmin torpağı və tikilini ona qaytarmağı, ya da o torpaq sahəsinə və tikiliyə sərf etdiyi pulu qaytarmaqlarını təklif edib. Cavabdeh və arvadı isə nə həmin evə köçüb orada yaşamırlar, nə də ki, oranı iddiaçıya qaytarmırlar. İddiaçı onlardan həmin torpaq sahəsini ona görə istəyir ki, heç olmasa digər oğlu üçün ev tikib ora köçürtsün. Cavabdehin xəstəliyi olduğu üçün o heç vaxt işləməyib. Ona görə də həmin torpaq sahəsinə və tikiliyə heç bir xərc çəkməyib. Belə ki, 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının və 4 saylı X1 verdiyi müvafiq cavablardan görünür ki, Cavabdeh “ürəyin anadangəlmə qüsuru. Fallo tetradası. Durğunluq ürək çatmamazlığı İİ dərəcə” diaqnozu ilə qeydiyyatdadır və xx.xx.1988-ci il tarixdən xəstəliyi ilə əlaqədar İİ qrup əlildir. Həmçinin, Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 4 saylı VƏD-də müalicədə olub. Göründüyü kimi cavabdehin həmin torpaq sahəsinə və tikiliyə xərc çəkməsi qeyri-mümkündür. Bundan əlavə, iddiaçı özü qoca adamdır. Daimi qalmağa yeri yoxdur. O, gah qızıgildə, gah da başqa yerdə qalır. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, ümumi torpaq sahəsi onun adınadır və torpaq 3 sotdan artıqdır. Cəmi 3 sot torpaqda yarımçıq tikili var və tikilini o, öz hesabına tikdirmişdir. O, bina evindən çıxmağa yalnız o şərtlə razı olar ki, onun yeznəsi də mübahisəli həyət evindən çıxsın. Bundan əlavə, o, vəkil tərəfindən onun sağlamlığı ilə əlaqəli mövzulara münasibət bildirərək qeyd etdi ki, fiziki cəhətdən ağır əmək qabiliyyəti tələb edən işlərdə işləməsə də, təxminən 2 il atasının yanında Xətai rayonunda kassir və nəzarətçi vəzifələrində çalışmış, sonralar isə çay evində ofisiant işləyərək günlük 100 manat pul qazanmışdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 894 nömrəli, xx xxxx 2000-ci il tarixli Sərəncamından görünür ki, Cavabdeh fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi N.İsmayılov küçəsi 6 nömrəli binanın qarşısındakı sahə, bağ sahəsi kimi istifadə etdiyi 300 kv.m torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.2000-ci il tarixdə təsdiq edilmiş aktdan görünür ki, Suraxanı rayonunun baş memarı V.Seyidov, mütəxəssis S.Məmmədzadə, Qaraçuxur qəsəbə nümayəndəsi F.Süleymanovun iştirakı ilə Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 894 nömrəli, xx xxxx 2000-ci il tarixli Sərəncamına əsasən Qaraçuxur qəsəbəsi N.İsmayılov küçəsi 6 nömrəli binanın qarşısındakı sahə, bağ sahəsi kimi istifadə etdiyi 300 kv.m torpaq sahəsin ölçüləri naturada istifadəsi ilə pay bölgüsü aparılmış və daimi nişanlar qoyulmuşdur. xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 4 saylı X3 xx.xx.2020-ci il tarixli, 312 №-li məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 4 saylı VƏD-də müalicədə olub. Diaqnoz: Sağ tərəfli vərəm mənşəli eksudativ plevrit. 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2020-ci il tarixli, 603 №-li məktubundan görünür ki, Cavabdeh “ürəyin anadangəlmə qüsuru. Fallo tetradası. Durğunluq ürək çatmamazlığı İİ dərəcə” diaqnozu ilə qeydiyyatdadır. xx.xx.1988-ci il tarixdən xəstəliyi ilə əlaqədar İİ qrup əlildir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Qanunvericilik iddianın əsasını təşkil edən halların sübut edilməsi yükünü iddia edən tərəfin üzərinə qoyur. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı iş üzrə» xx xxxx 2007-ci il tarixli qərarında X4 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd edilən qanunvericilik normalarını və qərarları rəhbər tutan məhkəmə, iddiaçının təqdim etdiyi sübutların iddianın əsasını təşkil edən halları təsdiq etmək üçün yetərli olmaması qənaətinə gəlib və hesab edir ki, iddia rədd olunmalıdır. İddiaçının özünün də istinad etdiyi Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 894 nömrəli, xx xxxx 2000-ci il tarixli Sərəncamın əsasən Qaraçuxur qəsəbəsi N.İsmayılov küçəsi 6 nömrəli binanın qarşısındakı sahə, bağ sahəsi kimi cavabdehin istifadəsinə verilib. Həmin sahənin iddiaçının deyil, cavabdehin adına ayrılması halı həmin sahə üzərindəki yarımçıq tikilinin və hasarın məhz iddiaçının vəsaiti hesabına inşa edilməsin sübut edilməsi ilə bağlı daha ağır yük qoyur. Halbuki, iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməyib. Bununla yanaşı, iddiaçı tikinti aparılan zaman cavabdehin heç bir gəlir gətirən fəaliyyətlə məşğul olmadığını və hər hansı maddi vəsaitə malik olmadığını bildirsə də, bu halı da təsdiq edəcək hər hansı sübut təqdim etməyib. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsümu iddiaçının özünə aid edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-297/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-297/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver