Məhkəmə qərarları › İş №2(010)-2980/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2980/2021

17.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2980/2021 17.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir olunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 06.09.2009-cu il təvəllüdlü X1 və 17.10.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları ücün Suraxanı rayon Məhkəməsinin 18.09.2020ci il tarixli 2(010)- 3643/2020 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa görə 100 (yüz) manat cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin artırılaraq hər ay 175 ( bir yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18.09.2020-ci il tarixli 2(010) -3643/2020 saylı qətnaməsi ilə 06.09.2009-cu il təvəllüdlü X3, 17.10.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 20.08.2020-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay 100 (yüz ) manat olmaqla, cəmi 200 (iki yüz) manat pul məbləğində aliment tutulması qət edilmişdir. İndiki iqtisadi çətinliklər dövründə cavabdehin hər uşağa görə hər ay ödədiyi 100 (yüz) manat aliment yetərincə deyildir. Hal-hazırda iqtisadi çətinliklər dövründə uşaqlara sərf olunan xərclər artdığı üçün, alimentin artırılmasına böyük ehtiyac vardır. Uşaqların gündəlik tələbatlarını müəyyən qədər ödənilməsi üçün alimentin miqdarını hökmən artırmaq lazımdır. Bununla əlaqədar İddiaçı Cavabdeh 06.09.2009-cu il təvəllüdlü X1 və 17.10.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları ücün Suraxanı rayon Məhkəməsinin 18.09.2020-ci il tarixli 2(010)- 3643/2020 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa görə 100 (yüz ) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin artırılaraq hər ay 175 ( yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya etiraz edərək, aliment miqdarının artırılmasına etiraz etmişdir. İzahatında əvvəlki aliment təyin olunan zaman pandemiya ilə əlaqədar işləmədiyini, halhazırda fəhləçiliklə məşğul olduğunu və ayda 350-400 manatn qazancının olduğunu qeyd etdiyinə baxmayaraq, iddianın təmin edilməsinə etiraz edərək, artırılmış məbləğin ödəyəcəyini və uşaqlara baxacağını yalnız ailənin onun yanına qayıtması ilə şərtləndirmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını və çıxışını dinləyərək, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qsiməq təmin edilməlidir. Mülki işin materiallarında olan: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18.09.2020-ci il tarixli 2(010) - 3643/2020 saylı qətnaməsi ilə 06.09.2009-cu il təvəllüdlü X3, 17.10.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 20.08.2020-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay 100 (yüz ) manat olmaqla, cəmi 200 (iki yüz) manat pul məbləğində aliment tutulması qət edilmişdir. Suraxanı Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 may 2014-cü il tarixli AZ-İİ seriyalı, 678244 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X4 17 oktyabr 2010-cu il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 14 may 2011-ci il tarixli, 1548 sayla qeyd edilmişdir. Ata qrafasında Cavabdeh Ziyyəddin oğlu, anası İddiaçı qeyd edilmişdir. Suraxanı Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 may 2015-ci il tarixli AZ-İİ seriyalı, 678229 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X5 06 sentyabr 2009-cu il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 13 may 2011-ci il tarixli, 1542 sayla qeyd edilmişdir. Ata qrafasında Cavabdeh Ziyyəddin oğlu, anası İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İnsan Hüquqlarına Dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. “ Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fıziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. "Uşaq hüquqları haqqında" Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Konvensiyasının 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. İş materialları əsasında və məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh Ziyyəddin oğlu arasında 22.08.2008-ci il tarixdə nikah bağlanmış, tərəflərin birgə nikahından iki uşaq - 06.09.2009-cu il təvəllüdlü X5 və 17.10.2010-cu il təvəllüdlü X4 anadan olmuşdur. Yetkinlik yaşına çatmayan uşaqlar anasının himayəsindədir və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18.09.2020-ci il tarixli 2 (010) -3643/2020 saylı qətnaməsi ilə 06.09.2009-cu il təvəllüdlü X3, 17.10.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 20.08.2020-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay 100 (yüz ) manat olmaqla, cəmi 200 (iki yüz) manat pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə qətnaməsindən müəyyən olunmuşdur ki, həmin məhkəmə araşdırılması zamanı iddiaçı özü iddianın azaldılmasına dair ərizəsi ilə müraciət edərək, iddianın həcminin, o cümələdən tutulmalı olan alimentin məbləğini 100 manat sabil pul məbləğində tutulmasını xahiş etmişdir. Hazırki məhkəmə prosesində İddiaçı o vaxt cavabdehə alimentin məbləğində güzəşt etdiyini pandemiya dövrü ilə və cavabdehin heç yerdə işlənməməsi ilə əsalandırır. Hal-hazırda cavabdehin rəsmi qaydada olmasa da, işləməsinə və artıq qazanc əldə etdiyinə istinad edərək, sabit pul məbləgində olan alimentin uşaqların saxlanılması üçün yaşayış minimumunun həddinə və ya 200 manata qədər artırılmasını iddia etmişdir. Cavabdeh əvvəlki aliment təyin edilərkən, pandemiya dövrünün olduğunu və həqiqətən işlənməməsini, lakin hal-hazırda gəliri daimi olmasa da, qeyri-müntəzəm olduğunu, fəhləçiliklə məşğul olduqda, ayda 350-400 manat olduğunu etiraf etməklə, alimentin məbləğinin artırılmasına etiraz edir. Cavabdeh həmin gəlir barədə məlumat verməklə, ona dair heç bir maddi sübut, rəsmi sənəd təqdim etməmiş, həmin gəlirin dəqiq məbləği barədə məlumatın nə qədər doğru olmasını da müəyyən etmək mümkün olmamışdır. Alimentin məbləğinin tam ödənilməsini yalnız ailənin onun yanında qalması ilə şərtləndirir. Məhkəmə zəruri olaraq qeyd etməyi hesab edir ki, uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir valideynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını təyin olunmuş alimentin uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsinə, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, həmçinin uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşaqların mənafeyini, tələbatlarının artırılmasını və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin artırılması üçün qanuni əsaslar mövcuddur. Beləliklə, 06.09.2009-cu il təvəllüdlü X3, 17.10.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşağa 100 (bir yüz) manat miqdarında aliment tutulmasına dair Suraxanı rayon məhkəməsinin 18.09.2020-cı il tarixli 2(010)-3643/2020 saylı qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti və saxlanılması üçün aliment tutulan uşağın yaşı və tələbatı dəyişdiyinə görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş aliment məbləği hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manata qədər artırılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh tutulan alimentin məbləğinin artırılmasının əvvəli hazırki iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Ona görə ki, 06.09.2009-cu il təvəllüdlü X3, 17.10.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşağa 100 (bir yüz) manat, miqdarında aliment tutulmasına dair Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2 (010) 3643/2020 tarixli qətnaməsi hal-hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşağın saxlanılması üçün qeyd olunan məbləğdə aliment tutulur. Lakin, hazırki iş üzrə alimentin artırılması barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra Suraxanı rayon məhkəməsinin 18.09.2020-ci il tarixli 2(010)-3643/2020 saylı qətnaməsi öz qüvvəsini itirir və ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdən tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən alimen tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenunumunun 28 mart 2016-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan az olduqda 20 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, məbləğlər arasında fərq nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Suraxanı rayon məhkəməsinin 18.09.2020-ci il tarixli 2(010)-3643/2020 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməklə, 06.09.2009-cu il təvəllüdlü X3 və 17.10.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin . Aliment qətnamənin qanuni qüvvəyə mindiyi gündən ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar