Məhkəmə qərarları › İş №2(010)-3015/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3015/2021

18.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3015/2021 18.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması ” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 noyabr 2012-ci il təvəllüdlü X2 və 29 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Bakı şəhər Suraxanı rayon məhkəməsinin 14 noyabr 2018-ci il tarixli 2(010)-4471/2018 saylı qətnaməsinə əsasən onların nikahı pozulmuş və uşaqlar onun himayəsində saxlanılmaqla Cavabdeh iddiaçının xeyrinə hər ay uşaqların saxlanmasına görə 154 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Həmin qətnamə 2018-ci ildə qəbul edilmiş və həmin qətnamə qəbul edildiyi vaxtdan keçən müddət ərzində saxlanması üçün aliment tutulan uşaqlar böyümüş və onların saxlanılması üçün lazım olan minimum xərclər, qiymətlər və istehlak xərcləri xeyli artmışdır. Buna görə də, cavabdehdən hər ay uşağa görə 154 manat məbləğində tutulan aliment uşaqların saxlanılmasına kifayət etmir. Ona görə də, məhkəməyə yenidən müraciət edərək, Bakı şəhər Suraxanı rayon məhkəməsinin 14 noyabr 2018-ci il tarixli 2(010)-4471/2018 saylı qətnaməsi ilə 07 noyabr 2012-ci il təvəllüdlü X2 və 29 iyul 2016-cı il təvəllüdlü X1 üçün müəyyən edilmiş hər ay 154 manat məbləğində alimentin miqdarının artırılaraq, Cavabdeh onun xeyrinə 07 noyabr 2012-ci il təvəllüdlü X2 və 29 iyul 2016-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat miqdarında sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, İddiaçı ilə onun ailə münasibətləri pozulduqdan sonra 07 noyabr 2012-ci il təvəllüdlü X2 və 29 iyul 2016-cu il təvəllüdlü X3 iddiaçının yanında qalmış və o, məhkəmə qətnaməsinə əsasən uşaqların saxlanılması üçün ondan sabit pul məbləğində hər ay 154 manat məbləğində aliment tutulmuşdur. O, hər ay 1008 manat məbləğində əmək haqqı alır və həmin məbləğin 308 manatını hər ay aliment qismində cavabdehə ödəyir. Eyni zamanda o, anası və bacısı ilə birlikdə kirayə qalır və kirayə xərclərinə 300 manat ödəniş edir, əlavə olaraq evin bütün kommunal, anası və bacısının saxlanması üçün zəruri olan xərcləri ödəyir. Belə olan halda iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 975329 №-li və AZ-İİİ seriyalı 812410 №-li Doğum haqqında şəhadətnamələrin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, 07 noyabr 2012-ci il təvəllüdlü X2 və 29 iyul 2016-cu il təvəllüdlü X3 - atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarına əlavə olunmuş Arayışdan görünür ki, Cavabdeh aylıq vəzifə (tarif) maaşı 1152 manatdır. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhər Suraxanı rayon məhkəməsinin 14 noyabr 2018-ci il tarixli 2(010)-4471/2018 saylı qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında 19 sentyabr 2011-cı ildə Oğuz rayon Qeydiyyat Şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 51 №-si ilə qeyd edilmiş nikahın pozullması, 07 noyabr 2012-ci il təvəllüdlü X4 və 29 iyul 2016-cı il təvəllüdlü X5 boşanmadan sonra İddiaçı yanında qalması, Cavabdeh İddiaçı xeyrinə 07 noyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 154 (yüz əlli dörd) manat və 29 iyul 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 154 (yüz əlli dörd) manat aliment tutulması qət edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə də, 07 noyabr 2012-ci il təvəllüdlü X2 və 29 iyul 2016-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində 154 manat məbləğində alimentin tutulmasına dair Bakı şəhər Suraxanı rayon məhkəməsinin 14 noyabr 2018-ci il tarixli 2(010)-4471/2018 saylı qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti və saxlanılmaları üçün aliment tutulan uşaqların yaşı və tələbatı dəyişdiyinə görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Lakin, məhkəmə Cavabdeh Daşdəmir oğlundan hər ay uşağa görə 250 manat sabit pul məbləğində aliment tutulması ilə razılaşa bilməz və hesab edir ki, həmin məbləğdə aliment tutulması cavabdehin hüquqlarını və mənafeyini pozmuş olar. Eləcə də, iddiaçı tərəf öz tələbində cavabdehdən hər uşağa görə hər ay 250 manat miqdarında sabit pul məbləğində aliment tələb etdiyini bildirsə də, məhkəmə iclasında həmin məbləğdə alimentin tutulmalı olmasını əsaslandıra bilməmiş və həmin xüsusat üzrə öz tələbini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, 2021-ci il üçün uşaqların saxlanmasına görə yaşayış minimumu kimi Qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və cavabdehin izahatı nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh hər uşağa görə hər ay 175 manat məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Çünki, 07 noyabr 2012-ci il təvəllüdlü X2 və 29 iyul 2016-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində cəmi 154 manat məbləğində alimentin tutulmasına Bakı şəhər Suraxanı rayon məhkəməsinin 14 noyabr 2018-ci il tarixli 2(010)-4471/2018 saylı qətnaməsi hal-hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşaqların saxlanılması üçün qeyd olunan məbləğdə aliment tutulur. Lakin, hazırkı iş üzrə aliment miqdarının dəyişdirilməsi barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhər Suraxanı rayon məhkəməsinin 14 noyabr 2018-ci il tarixli 2(010)-4471/2018 saylı qətnaməsi öz qüvvəsini itirir və ona görə də, hazırkı iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdə tutulmalıdır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də, Cavabdeh dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Suraxanı rayon məhkəməsinin 14 noyabr 2018-ci il tarixli 2(010)-4471/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin və Cavabdeh Abdulkərı̇ m oğlundan iddiaçı Daşdəmı̇ rova Amı̇ rə Sulı̇ ddı̇ n qızının xeyrinə 07 noyabr 2012-ci il təvəllüdlü X4 və 29 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa görə 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində manat aliment tutulsun Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar