Məhkəmə qərarları › İş №2(010)-3022/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3022/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3022/2021 07.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbi ” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borc tələbi ” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1159,75 ABŞ dollar əsas borc və 800,15 ABŞ dollar faiz borcu olmaqla, cəmi 1959,90 ABŞ dollar məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh 48 ay müddətinə qaytarılmaq şərti ilə 2108 ABŞ dollar məbləğində kredit verilmiş və 11.06.2015-ci il tarixli, 30-15-11-026508 saylı kredit müqaviləsi bağlanmışdır. 11.06.2015-cu il tarixli, 30-15-11-026508 saylı kredit müqaviləsinin şərtləri Cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, 11.06.2015-cu il tarixli, 30-15-11-026508 saylı kredit müqaviləsinin 4.5-cı bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri 1 saylı əlavədəki cədvələ uyğun olaraq vaxtında ödənilmədikdə, qismən ödənildikdə və tərəflər müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Kredit müqaviləsinin 4.7-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi ümumiyyətlə icra edilmikdə borcalan borcverənə verilmiş kredit məbləğinin 58% miqdarında cərimə faiz ödəyir. Cavabdeh "xxxx" ASC-nin xeyrinə əsas borcu 1159,75 ABŞ dollar, faiz borcu 800,15 ABŞ dollar, cəmi 1959,90 ABŞ dollar və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11 iyun 2015-ci il il tarixli 30-15-11-026508 saylı Kredit Müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 2108 ABŞ dollar həcmində 48 ay müddətinə illik 29 % olmaqla kredit müqaviləsi bağlanmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 26 fevral 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı ASC ilə bağlanmış 11 iyun 2015-ci il tarixli 30-15-11-026508 saylı kredit müqaviləsi üzrə Cavabdehnun 11 iyun 2019-ci il tarixinə 1159,75 ABŞ dollar əsas borc, 800,15 ABŞ dollar faiz borcu olmaqla - cəmi 1959,90 ABŞ dollar məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, Cavabdeh 11 iyun 2015-ci il tarixli 30-15-11-026508 saylı Kredit Müqaviləsi ilə götürdüyü kredit öhdəliklərini pozaraq lazımınca icra etməmiş və İddiaçı ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş və bununla da, o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun vaxtında ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün 11 iyun 2015-ci il tarixli 30-15-11-026508 saylı Kredit Müqaviləsinin ləğv edilməsi və Cavabdeh 1159,75 ABŞ dollar məbləğində əsas borcu, 800,15 ABŞ dollar məbləğində faiz borcu iddia tələbi əsaslıdır və iddia tam təmin olunmalıdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 1159,75 ABŞ dollar məbləğində əsas borcu, 800,15 ABŞ dollar faiz borcu İddiaçı ASC-yə ödənilməlidir. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Eyni zamanda, məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1159,75 ABŞ dollar məbləğində əsas borc, 800,15 ABŞ dollar məbləğində faiz borcu(ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) cəmi 1959,90 (min doqquz yüz əlli doqquz on dollar 90 sent) ABŞ dolları və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - İddiaçı ASC xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar