Məhkəmə qərarları › İş №2(010)-3026/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3026/2023

28.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3026/2023 28.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Almuradov Ülvi Ramiz oğlunun katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 220 manat sabit pul məbləğinin cavabdeh X4 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 may 2011-ci il tarixli, iş 2(010)- 321/2011 saylı qətnaməsi ilə İddiaçı və cavabdeh X6 arasındakı nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1 üçün heç bir maddi kömək göstərməmişdir. Buna görə də iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyun 2011-ci il tarixli, 2(010)- 1935/2011 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 70 manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Daha sonra, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 yanvar 2015-ci il tarixli, 2(010)-626/2015 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 105 manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Daha sonra, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 iyun 2019-cu-ci il tarixli iş 2(010)-3275/2019 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün ayda 160 manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda X3 14 yaşı var. Suraxanı Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir.

Tərəflərin izahatları

3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X5 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

İş materialları

5. Suraxanı Rayon Məhkəməsinin 2(010)-2023/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan aliment miqdarının artırılaraq hər ay 193 manat sabit pul məbləğində müəyyən edilməsi və mediasiya prosesində iştirak etməyə görə iddiaçı Əlı̇ yeva Naı̇ lə Məmməd qızı tərəfindən ödənilmiş 50 manat rüsumun əvəzi Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

6. AZ-İ seriyalı, 122617 nömrəli “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə Əlı̇ yeva Naı̇ lə Məmməd qızı arasında olan nikah ləğv edilmişdir.

İşin faktiki halları

7. Tərəflərin rəsmi nikaha daxil olması, həmin rəsmi nikah münasibətlərindən bir uşaqlarının olması, daha sonra tərəflər arasında nikahın pozulması, uşağın anasının yanında qalması və Suraxanı Rayon Məhkəməsinin 2(010)-2023/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan aliment miqdarının artırılaraq hər ay cavabdehdən 193 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi dair hallar işin faktiki hallarıdır. Tərəflər arasında mübahisə obyektini tələb edilən alimentin məbləği təşkil edir. İddiaçı tərəf hesab edir ki, cavabdehdən azyaşlının saxlanılmasına görə tutulan alimentin miqdarı artırılmalıdır. İddiaçı bu tələbində ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu qiymətlərinə əsaslanır. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etmədiyindən iddia tələbinə münasibətinin öyrənilməsi mümkün olmamışdır.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

9. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

10. Uşaq Hüquqları haqqında Qanun

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

11. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə

6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Maddə 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: Maddə 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında...

13. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Məhkəmənin mövqeyi

14. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

15. Məhkəmə ilk öncə qeyd edir ki, iddia tələbi xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 220 manat məbləğində tutulması hissəsində tam əsaslıdır. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Belə ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsi əsasında cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırkı halda tərəfin maddi və ailə vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə dair iddiaçının tələbi təmin edilməli, məhkəmənin qərarına əsasən xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 220 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

16. Məhkəmə hesab edir ki, iddia tələbi artırılmış aliment miqdarının iddia ərizəsinin məhkəməyə təqdim edildiyi vaxtdan etibarən hesablanması hissəsində əsassızdır. Belə ki, AR MPM-nin yuxarıda qeyd olunan maddələrinin tələbindən də göründüyü kimi, alimentin artırılması tələbi üzrə qətnamənin icraya yönəldilməsi ilə bağlı ümumi qaydadan istisna nəzərdə tutulmamışdır. Alimentin artırılması barədə iddia tələbi üzrə qətnamənin icrası o, qanuni qüvvəyə mindiyi vaxtdan hesablanır.

Məhkəmə xərcləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Odur ki, mediasiya xərci olaraq ödənilmiş 50 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

19. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Nurusoy Emı̇ l Qurban oğlundan xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Suraxanı Rayon Məhkəməsinin 2(010)-2023/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan aliment miqdarı artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvə aldığı vaxtdan hesablansın. İş üzrə ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar