Məhkəmə qərarları › İş №2(010)-3039/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3039/2024

22.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3039/2024 22.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-8153/2020 nömrəli qətnaməsi əsasında xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2015-cı il təvəllüdlü X7 üçün təyin edilmiş aliment miqdarının dəyişdirilərək hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Məlumat üçün bildirirəm ki, mən- İddiaçı 2014-cü ildə Cavabdeh ilə ailə münasibətlərinə daxil olmuşam. Ailə münasibətlərimizdən xx.xx.2015-ci il tarixdə X7 və xx.xx.2016-cı il tarixində X6 anadan olmuşdur. İlk vaxtlar münasibətlərimiz normal olsa da, sonradan münasibətlərimiz gərginləşməyə, soyuqluq yaranmağa başlamış, ailədə hər gün söz söhbət yaranmışdır Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aramızdakı nikah pozulmuş, uşaqların mənim himayəmə verilməsi, hər uşaq üçün 140 manat olmaqla, X6 3 yaşına çatanadək 40 manat olmaqla, ümumilikdə 320 manat alimentin alınması qərara alınmışdır. Sonradan 2020-ci ildə alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişəm, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2635/2020 saylı, 18 avqust 2020-ci il tarixli qətnaməsi iddia qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli 2(008)-3863/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə 10 may 2015-ci il təvəllüdlü X2 və 07 noyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər uşağa görə ayda 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. Həmin qətnamədən apellyasiya şikayəti verdim, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8153/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2635/2020 saylı, 18 avqust 2020-ci il tarixli qətnaməsi alimentin məbləğinin müəyyən edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli 2(008)- 3863/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış və Cavabdeh İddiaçı xeyrinə 10 may 2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə ayda 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın tələbatının ödənilməsinə yetmir, həmçinin xüsusi olaraq qeyd edim ki, respublikamızda bütün məhsullara (kommunal xidmətlər, yol nəqliyyatı xərcləri, dərman preparatları, qida məhsulları) tətbiq edilmiş qiymət artımı övladımın saxlanılmasını daha da çətinləşdirmişdir. Belə olan halda isə mən övladımla çıxılmaz vəziyyətdə qalıram, onun gündəlik tələbatını tam ödəyə bilmirəm. Qeyd edim ki, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə uşaqlar üçün 235 manat müəyyən edilmişdir”.

İddia tələbinin azaldılması

3. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin azaldılması ilə bağlı ərizə tədqim edərək məhkəmədən Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2015-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tutulan alimentin miqdarının dəyişdirilərək, hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, maddi imkanı yoxdur. Belə ki, ayda 540 manat əmək haqqı alır. Xərçəng xəstəsidir. Əməliyyat üçün bankdan 8000 manat məbləğində kredit götürməyə məcbur olmuşdur və hazırda həmin krediti ödəyir. Başqa gəliri isə yoxdur. Odur ki, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İş materialları.

6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-cü il tarixli, 2(103)-8153/2020 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2635/2020 saylı, 18 avqust 2020-ci il tarixli qətnaməsi alimentin məbləğinin müəyyən edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-3863/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış və Cavabdeh İddiaçı xeyrinə 10 may 2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə ayda 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

7. Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş, AZ-İİİ seriyalı, 860853 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 (atası Cavabdeh, anası X4) xx.xx.2016cı il tarixdə Bakıda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 1000 nömrə ilə qeyd edilmişdir.

8. Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş, AZ-İİİ seriyalı, 544229 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 (atası Cavabdeh, anası X4) xx.xx.2015ci il tarixdə Bakıda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 642 nömrə ilə qeyd edilmişdir. İşin faktiki halları.

9. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016cı il təvəllüdlü X6 doğulmuşdur.

10. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-cü il tarixli qətnaməsi ilə xx.xx.2015ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

Tətbiq edilən hüquq.

11. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

13. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşaqların təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

14. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşaqların maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

15. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 112. İddianın qiyməti. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

18. İşin hallarından görünür ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlar hazırda iddiaçının yanında qalır. Bu baxımdan məhkəmə hesab edir ki, uşaqları yanında saxlayan, onların saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşaqların saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, uşaqların yaşı artdıqca onların saxlanılma xərcləri, eləcə də onlar üçün müəyyən edilmiş yaşayış minimumu da artır ki, bu da özlüyündə uşaqları yanında saxlayan iddiaçının maddi vəziyyətində dəyişliklik yaradır.

19. Məhkəmə qeyd edir ki, cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (235 manat) artırılmışdır. İddiaçının tələb etdiyi alimentin mirqdarı isə həmin məbləğdən aşağıdır. Üstəlik, uşaqlar daimi olaraq iddiaçının yanında qaldığından onlara qulluq edilməsi, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi diqqətəlayiq hal kimi nəzərə alınmalıdır.

20. Bu baxımdan məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan aliment miqdarının artırılaraq hər ay hər uşağa 200 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşaqların üstün maraqlarına uyğundur.

21. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.

22. Yuxarıda qeyd edilən halları nəzərə alan və hər bir halda uşaqların maraqlarını üstün tutan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində müəyyən edilməlidir.

23. Miqdarı artırılmış alimentin tutulmasına nə vaxtdan başlanması ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda istinad edilmiş Ali Məhkəmənin Plenum qərarında da qeyd edildiyi kimi, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablandığından bu qətnamə ilə miqdarı artırılmış alimentin tutulmasına qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır.

Məhkəmə xərci.

24. İddia təmin edilsə də, Cavabdeh məcburi köçkün kimi dövlət rüsumundan azad olduğundan məhkəmə ödənilməmiş dövlət rüsumunun cavabdehdən tutulmaması nəticəsinə gəlir.

Məhkəmənin gəldiyi nəticə.

25. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-8153/2020 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-3039/2024 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdehdən tutularaq iddiаçıya ödənilməlidir.

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-8153/2020 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-3039/2024 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq, cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar