Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3085/2025 24.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən alınmış və ödənilməmiş borc üzrə 17000 manat; xx.xx.2022ci il tarixində alınmış və ödənilməmiş borc üzrə 10000 ABŞ dolları (17000 manat); habelə ödənilmiş dövlət rüsumuna görə 192 manat; ümumilikdə 34192 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçını qonşusu Aytən adlı xanım tanış etmişdir. Cavabdehi iddiaçıya güclü iş adamı, X5 ilə işləyən və iş sahəsində əczaçılıqla məşğul olan biri kimi tanıtmışdır. Qeyd edir ki, qonşusunun sözlərinə etibar edərək, heç bir araşdırma aparmadan, cavabdehin şirin vədlərinə inanaraq onunla iş birliyinə razı olmuşdur. İş birliyinin əsas məqsədi xarici ölkələrdən gətirilən dərman pereparatlarının satışından ibarət idi. Bununla əlaqədar olaraq, aralarındakı razılaşmaya əsasən o, cavabdehə müəyyən olunmuş məbləğdə borca pul verməli, cavabdeh isə əvəzində iş birliyindən əldə edilən gəlirin 10 faizini ona verməli idi. Bu səbəbdən iddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində 2 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinin notariusu X2 tərəfindən təsdiq edilmiş 3M-223 reyestr nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 1-ci bəndinə əsasən “Borc verən” “Borc alana” 17000 manat məbləğində pul borc verir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən “Borc alan” krediti xx.xx.2022-ci il tarixinədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. Kredit müqaviləsinin 8-ci bəndinə əsasən “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmaqdıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Kredit müqaviləsinin 9-cu bəndinə əsasən Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Kredit müqaviləsinin 10-cu bəndinə əsasən Bu müqaviləyə dəyişikliklər və ya əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Sonradan iddiaçı təkrarən Cavabdeh xx.xx.2022-ci il tarixində 10000 ABŞ dolları (17000 manat) məbləğində borca pul vermişdir. Qeyd edir ki, cavabdeh aldığı 10000 ABŞ dollarını (17000 manat) xx.xx.2022-ci il tarixində qaytaracağına söz vermişdi. Bununla bağlı aralarında rəsmi müqavilə olmasa da, borcu əks etdirən müvafiq qeyd (yazılı əqd) mövcuddur. Borcun qaytarılması ilə bağlı iddiaçı tərəfindən Cavabdeh bildiriş göndərilməsinə baxmayaraq, qeyd olunan borc məbləği ödənilməmişdir. Buna görə də, iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Hesab edir ki, 192 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq ona ödənilməlidir. Cavabdehin ərizəsi. Cavabdeh məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı ona qarşı pul tələbinə dair iddiasını qəbul edir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək borcun qaytarılmasını istədiyini, cavabdehə 20000 dollar, yəni 34000 manat pul verdiyini bildirmişdir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Qədimbəyli iddianı qəbul etdiyini bildirərək iddiaçıya pul borclu olduğunu etiraf etmişdir. İddianın təmin olunmasına etiraz etmədiyi bildirmişdir. İş materialları. xx.xx.2022-ci il tarixdə 2 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilməklə və İddiaçı – borc verən, Cavabdeh - borc alan olmaqla bağlanmış 3M-223 reyestr nömrəli kredit müqaviləsinin 1-ci bəndinə əsasən, “Borc verən” “Borc alan”a 17000 manat məbləğində pul borc verir. Müqavilənin 2-ci bəndi: "Borc alan" krediti xx.xx.2022-ci il tarixinədək "Borc verənə" qaytarmağı öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli yazılı qeydlərdən görünür ki, Cavabdeh İddiaçı 6000 ABŞ dolları və 4000 ABŞ dolları borca pul almışdır. İddiaçı Şamil oğlu tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı Şamil oğlu Cavabdeh yaranmış 34000 manat borcun 5 gün ərzində qaytarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ********** nömrəli xx.xx.2025-ci il tarixli mədaxil qəbzinə əsasən, məhkəmədə iddia qaldırmaq üçün İddiaçı tərəfindən 192 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.... 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi ...52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. ... İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. ... 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İşin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli 3M-223 reyestr nömrəli notarial qaydasında təsdiqlənmiş borc (kredit) müqaviləsi bağlanmış, 17000 manat məbləğində pul İddiaçı tərəfindən Cavabdeh ödənilmişdir. Həmin müqaviləyə əsasən, cavabdehin xx.xx.2022-ci il tarixinədək kredit borcunu iddiaçıya qaytarmağı öhdəsinə götürməsi nəzərdə tutulsa da, həmin borc cavabdeh tərəfindən qaytarılmamışdır. Həmçinin, xx.xx.2022-ci il tarixli yazılı qeydlərdən görünür ki, Cavabdeh İddiaçı 6000 ABŞ dolları və 4000 ABŞ dolları borca pul almışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi və kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Borcalan Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı ödənilməli olan borcu ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, iddiaçı kredit müqaviləsi üzrə borc pul məbləğini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Bu borcu cavabdeh mübahisələndirmədən, etiraf etmişdir. Bununla yanaşı, məhkəməyə təqdim edilmiş 2 yazılı qeydlərdən görünür ki, Cavabdeh İddiaçı əlavə olaraq, 4000 və 6000 ABŞ dolları məbləğində pulu borc olaraq götürmüşdür. Cavabdeh məhkəmə iclasında bu borcu da etiraf etmiş, iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, bu yazılı qeydlər borc müqaviləsi hesab edilməsə də (çünki yalnız bir tərəf onu imzalamışdır), cavabdeh tərəfindən pul iddiaçıdan götürülmüş, lakin qaytarılmamış, və bununla da cavabdeh əsassız varlanmışdır. Bu səbəbdən, məhkəmə cavabdehin borcu etiraf etməsini nəzərə alaraq hesab edir ki, yuxarıda qeyd olunan mülki qanunvericiliyə əsasən, iddiaçı yazılı qeydlər əsasında cavabdehə verilən 4000 və 6000 ABŞ dolları olmaqla, ümumilikdə 10000 ABŞ dolları (17000 manat) məbləğində əsassız varlanma nəticəsində yaranmış borc məbləğini də tələb etməkdə haqlı olmuşdur. Yuxarıda qeyd edilmiş mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Belə ki, məhkəmə araşdırması nəticəsində bu etirafın işdə iştirak etməyən üçüncü şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də etiraf qanuna zidd deyildir və maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən alınmış və ödənilməmiş borc üzrə 17000 manat, xx.xx.2022-ci il tarixli yazılı qeydlərinə əsasən 6000 ABŞ dolları və 4000 ABŞ dolları (cəmi 10000 ABŞ dolları = 17000 manat) tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan və iddia tələbi təmin edildikdən, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 192 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən alınmış və ödənilməmiş borc üzrə 17000 manat, xx.xx.2022-ci il tarixində alınmış və ödənilməmiş borc üzrə 10000 ABŞ dolları (17000 manat) və dövlət rüsumu olaraq ödənilmiş 192 manat məbləğində pul, ümumilikdə, 34192 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-3085/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3085/2025
24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver