Məhkəmə qərarları › İş №2(010)-3119/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3119/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3119/2021 09.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh 144500 (yüz qırx dörd min beş yüz) manat miqdarında pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi uzun müddətdir ki, tanıyır. Ticarətlə məşğul olması məqsədilə cavabdehə 01.07.2017-ci il tarixində 144500 manat məbləğində pul borc vermişdir. Borc 01.07.2017-ci il tarixində Bakı şəhəri 16 saylı notariat kontorunda notarial qaydada rəsmiləşdirilmişdir. Müqavilənin 1-ci bəndinin 2-ci abzasında qeyd edilənlərə əsasən müqavilə bağlanan zaman borc məbləği həmin günə olan və hər iki tərəfin razılaşdığı məzənnə ilə konvertasiya ediləndən sonra 85000 (səksən beş min) ABŞ dolları ekvivalentində təşkil etmişdir. Eyni zamanda, borc alan üzərinə müqavilədəki öhdəliklərin icra olunduğu zaman borc məbləği ABŞ dollarının məzənnəsinin Azərbaycan manatına uyğun olaraq hesablanıb borcverənə ödənilməsi öhdəliyini götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən cavabdeh 10.07.2017-ci il tarixinədək pulu ona qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. İlk vaxtlarda cavabdeh müxtəlif bəhanələrlə onu borc pulu qaytaracağına inandırmağa çalışmışdır. O da düşünmüşdür ki, bir müddət sonra cavabdeh ona verdiyi borc pulu qaytaracaq. Lakin sonradan cavabdehin hərəkətlərindən bəlli olmuşdur ki, onun borcu qaytarmaq fikri yoxdur. Çünki onun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək fikri olsa idi ən azından bu qədər uzun müddət ərzində pulu qaytarmağa cəhd edərdi. Sonuncu dəfə cavabdehlə təqribən bir ay öncə əlaqə saxlamış, o da öz növbəsində bildirmişdir ki, hal-hazırda işləmir, gəliri yoxdur, pulu olanda borcu qaytaracaq. Lakin cavabdeh yenə də öz müqavilə öhdəliklərini icra etməmişdir. Hesab edir ki, cavabdehin ona qarşı bu cür qanunsuz hərəkətləri onun əmlak hüquqlarını pozur və qeyd etdikləri nəzərə alınmaqla cavabdehin ona ödəməli olacağı pul ədalət mühakiməsini həyata keçirən məhkəmə tərəfindən tam şəkildə tutulmalı, borc pul ona ödənilməlidir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək məhkəmədən Cavabdeh 100000 (yüz min) manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək əlavə etdi ki, o, Cavabdeh uzun müddətdir ki, tanıyır. 2017-ci ildə Zaur ona yaxınlaşaraq demişdir ki, ona biznes fəaliyyəti göstərmək üçün pul lazımdır. Əgər 100 min manat verərsə, əlavə 45 min manat gəlir götürəcək. O, bununla razılaşmış, cavabdehlə olan uzunmüddətli tanışlıq münasibətlərinə etibar edərək həmin pulu ona vermiş, bu barədə aralarında notariat qaydasında təsdiq edilmiş müqavilə bağlanmışdır. Lakin aradan keçən uzun müddət ərzində borc üzrə heç bir ödəniş olmamışdır. Cavabdehlə hər dəfə danışanda ona bildirmişdir ki, pulu xırda-xırda qaytaracaq. O da cavabdehin bu sözlərinə inanaraq pulu qaytaracağına inanmışdır. Yalnız son aylarda cavabdehin telefonuna zəng çatmamış, bundan sonra bilmişdir ki, onun pulu qaytarmaq niyyəti yoxdur. O, hazırda əldə edəcəyi 45 min manat gəlirdən də imtina edir və cavabdehə verdiyi 100 min manat pulu tələb edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək məhkəməyə ərizə verib bildirdi ki, onun iddiaçı ilə uzun illər ticarət münasibətləri olmuş, ondan aldığı malın pulunu həmişə vaxtlı-vaxtında ödəmişdir. Lakin 2017-ci ildə qardaşı ona pul lazım olduğunu, bu puldan qısa vaxtda gəlir edəcəyini bildirib Daşqından borc pul götürməyini istəmişdir. Qardaşı hər necə olur-olsun, kredit müqaviləsi bağlamaq yolu ilə olsa belə pulu mütləq götürməsini istədiyinə görə o, öz adına iddiaçı ilə kredit müqaviləsi bağlamış, lakin həmin vaxt iddiaçı özü də bilmişdir ki, bu pulu qardaşına verib və ona heç bir aidiyyəti yoxdur. Həmçinin, borc məbləği iddiaçının dediyi kimi 100 min manat yox, təxminən 30-35 min manat məbləğində olmuşdur. Qardaşı 2020-ci ildə vəfat etdikdən sonra iddiaçı həmin pulu ondan tələb etməyə başlamışdır. Halbuki, həmin vaxta qədər iddiaçı ondan heç bir pul tələb etməmişdir. Onun hazırda qardaşının borcunu ödəməyə maddi imkanı yoxdur. Belə ki, kirayədə qalır və uzun müddətdir ki, kirayə pulunu belə ödəyə bilmir. İddiaçının tələb etdiyi pulu ödəyə bilməz. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İddiaçı və Cavabdeh arasında Bakı şəhəri 16 saylı notariat ofisində bağlanmış 01.07.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən borc verən İddiaçı borc alan Cavabdeh 144500 (yüz qırx dörd min beş yüz) manat məbləğində pul borc verir, borc alan isə krediti 10.07.2017-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh arasında 01.07.2017-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsi bağlanılmış, müqaviləyə əsasən borcverən İddiaçı borcalan Cavabdeh 144500 manat məbləğində borc pul verməyi, borcalan Cavabdeh isə həmin pulu müqavilədə nəzərdə tutulmuş müddət çərçivəsində borcverən İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə, tərəflər arasında borc müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. Lakin müqavilə üzrə borclu Cavabdeh aldığı borcu qaytarmamış, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Belə ki, cavabdeh iddiaçıdan aldığı borcu qaytarmamaqla üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü borc tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Borclu isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə borcu tələb etməkdə haqlı olmuşdur. Lakin nəzərə alınmalıdır ki, iddiaçı iddia tələbinin həcmini azaldaraq cavabdehdən cəmi 100 min manat məbləğində pul tələb etdiyindən məhkəmə iddia tələbindən kənara çıxa bilməz. Cavabdehin bütün pulu qardaşına verməsi və borcun ona aidiyyəti olmaması ilə bağlı qeyd etdiklərinə gəldikdə isə məhkəmə bildirir ki, mövcud müqavilə notariat qaydasında hər iki tərəfin fotoşəkilləri və imzaları çəkilməklə təsdiq edilmişdir. Müqavilədə göstərilmiş borc məbləğinin ödənilməsinə görə bütün məsuliyyətli hər hansı üçüncü şəxs yox, məhz hazırkı iş üzrə cavabdeh öz üzərinə götürmüşdür. Digər tərəfdən, müqavilədə cavabdehin iddia etdiyi kimi 30-35 min manat yox, 145 min manat borc göstərilmişdir. Cavabdeh bu müqaviləni könüllü şəkildə bağlamış, məhkəmə iclasında da müqavilə bağlanması ilə bağlı iradə ifadəsini mübahisələndirməmişdir. Belə olan halda məhkəmə məhkəmə cavabdehin qeyd etdiklərini inandırıcı hesab etmir. Bundan başqa, əgər cavabdeh faktiki borc verilən pul məbləğinin daha az olduğunu iddia edirsə, bunu sübut etmək istənilən halda cavabdehin üzərinə düşür. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 100000 (yüz min) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 100000 (yüz min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar